voicepress.az

SON DƏQİQƏ

Bir doktorantın hekayəsi

3-10-2019, 14:30

Bir doktorantın hekayəsi

Adil və Valeh universitetin riyaziyyat fakültəsini təzəcə bitirmişdilər, arzuları müdafiə edib elmlə məşğul olmaq idi. Hər ikisi doktoranturaya qəbul olub elmi işə başlayırlar. Adil hələ universitetdə ingilis dilini yaxşı öyrənmişdi, başa düşürdü ki, riyaziyyat üzrə çap olunan elmi işlərin 95 %-i ingilis dilindədir və öz ixtisası üzrə olan məqalələri oxuya bilməsə yaxşı alim ola bilməz. Valehi isə belə şeylər maraqlandırmırdı. Valeh tez bir zamanda elmi rəhbəri ilə birgə Udmurtiya vilayətinin “Вестник Удмуртского Yниверситета” jurnalında 2 məqalə çap etdirir. Daha sonra Valeh təkbaşına AAK tərəfindən tövsiyə edilən "Gənc tədqiqatçı" jurnalında Azərbaycan dilində hər biri 3-4 səhifə olan 3 məqalə dərc etdirir. Beləliklə, Valehin 5 məqaləsi çapdan çıxır.

Adil Valehdən fərqli olaraq təkcə öz elmi rəhbəri ilə işləmir. O, öz təzəcə aldığı bir nəticəsini yaymaq və daha yaxşı nəticələr almaq üçün internet vasitəsi ilə müxtəlif tanınmış alimlərə məktublar yazır. Bu məktublardan biri cavabsız qalmır. Harvard universitetinin adlı-sanlı professoru onun ideyalarını bəyənir və növbəti illər ərzində Adil həmin professorla birgə 4 məqalə çap etdirir. Məqalələr olduqca nüfuzlu jurnallarda dərc olunur. Bu müddətdə Adilin tək müəllifi olduğu 100 səhifəlik məqaləsi də Prinston universitetinin məşhur “Annals of Mathematics” jurnalında çap edilir. Adilin bütün nəticələri öz əksini ingilis dilində dərc edilən ən yüksək səviyyəli jurnallarda tapır. Adil dünya alımləri tərəfindən tanınmağa başlayır, onun işlərinə əsaslı istinadlar gəlir.

Adil və Valeh öz nəticələri əsasında dissertasiya işlərini hazırlayır və tələb olunan 5 məqalə ilə birgə dissertasiya şurasına təqdim edirlər. Adilin dissertasiya işi ingilis, Valehinki isə rus dilində olur. Şura Valehin dissertasiyasını qəbul edir, Adilinkini isə geri qaytarır. Məlum olur ki, Adil bu yaxınlarda qəbul olunmuş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin bəzi bəndlərini, məhz 2.17 və 3.11 bəndlərinin tələblərini pozub. Bəndlər belədir:
-- 2.17. Fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının ikisi həmmüəllifsiz olmaqla beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməlidir.
-- 3.11. Dissertasiya Azərbaycan və ya rus dillərində təqdim edilə bilər.
Adilə deyirlər ki, o gərək daha bir həmmüəllifsiz məqalə yazsın və dissertasiyasını rus dilinə (və ya Azərbaycan dilinə) tərcümə etsin. Valehin isə bütün işləri yağ kimi gedir. Nəticələri yalnız öz tanışları tərəfindən tanınsa da, dissertasiyası qoyulan bütün tələbləri ödəyir.
Valeh asanlıqla müdafiə edir, Adilə isə məsləhət görür ki, tanışlıqla yerli jurnallardan birinə məqalə versin, tezliklə çap olunsun. Təkbaşına yazdığı 2 məqaləsi olmasa müdafiə etmək mümkün deyil. Nə olsun ki, 100 səhifəlik məqaləsi dünyanın ən güclü jurnallarından birində çıxıb. Sayı ki, birdir. Onun əvəzinə yerli jurnallardan birində hərəsi 5 səhifəlik 2 məqalə çap etdirsəydi daha yaxşı olardı və işə yarayardı. Valehin bu məsləhəti Adilə gülməli görünsə də, 2.17 bəndi Valehin sözlərinə haqq qazandırır.
Adil həvəsdən düşmür, növbəti illər ərzində daha effektiv işləyərək impakt faktorlu jurnallarda yeni 5 məqalə və Springer nəşriyyatında 300 səhifəlik monoqrafiya çap etdirir.
Adilin məqalələri ingilis dilində olsa da, əlavə zəhmət çəkib dissertasiyasını rus dilində hazırlayır. Çünki, ondan belə etməyi tələb edirlər. İngilis dili beynəlxalq dil olsa da, riyaziyyat beynəlxalq elm olsa da, Azərbaycanda riyaziyyat üzrə dərc edilən başlıca jurnallar məhz ingilis dilində işıq üzü görsələr də, ingilis dilində dissertasiya yazmağa yol verilmir.

Adil bütün məqalələrini, monoqrafiyasını və rus dilindəki dissertasiyasını elmi şuraya təqdim edir. Bu dəfə “artıq bir problem çıxmaz” deyə düşünür. Amma bilmir ki, o, artıq problemin içindədir. Bu dəfəki zərbə daha güclü olur. Onun qarşısında Əsasnamənin 2.16-cı bəndini qoyurlar:
-- 2.16. Dissertasiyaların xarici dildə dərc olunmuş əsas elmi nəticələrinin Azərbaycan dilində xülasəsi (dərc edilmiş nəticələrin 20 faizindən az olmamaqla) Komissiyaya təqdim edilməlidir.

Adil bu bənddən bərk sarsılır. Belə çıxır ki, elmlə məşğul olub, yeni nəticələr almaq əvəzinə, aldığı keçmiş nəticələrinin xülasəsini hazırlamalıdır. Monoqrafiyasının 20%-i artıq 60 səhifəlik materialdır. Bilsəydi, məqalələrini “bir az qısa” yazardı. Nə biləydi ki, ingilis dilində yazdığı 100 səhifəlik məqalənin xeyri belə olacaq. Əvvəlcədən bilsəydi, heç monoqrafiya yazmaq xəyalına belə düşməzdi. Amma artıq gecdir. Növbəti aylar o, bu işlə məşğul olur, elmi nəticələrinin Azərbaycan dilində xülasəsini hazırlayır.

Adil ən nüfuzlu jurnallarda çap olunmuş 10 məqaləsini, 1 monoqrafiyasını, onların xülasələrini və dissertasiyasının rus dilinə tərcüməsini şuraya təqim edir. Dissertasiya şurası bu dəfə də sənədləri geri qaytarır. Sən demə Adilin 3 yox 2 tezisi var. Əsasnamənin 2.20-ci bəndində isə deyilir:
-- 2.20. Respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş məruzə və tezislərin sayı fəlsəfə doktoru elmi dərəcəsi iddiaçıları üçün azı üç (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı biri xaricdə dərc olunmaqla), elmlər doktoru elmi dərəcəsi iddiaçıları üçün isə azı beş (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı ikisi xaricdə dərc edilməklə) olmalıdır.

Adil bu dəfə susmur. İzah etməyə çalışır ki, onun 5 əlavə məqaləsi çıxıb və həmin məqalələr istənilən tezisdən daha üstündür. Bildirir ki, ümumiyytlə “tezis” alimin hər hansı konfransda çıxışının anonsudur və o, cəmi bir neçə cümlədən ibarət ola da bilər. Onun fikrincə normal elmi cəmiyyətdə tezis sayı hesablanmır və bunu hesablamağın özü gülüncdür. Dissertasiyanın aprobasiyasına gəldikdə isə Adil deyir ki, onun müxtəlif tanınmış universitetlərin elmi seminarlarında geniş çıxışları olmuşdur. Niyə həmin universitetlərdə edilmiş 1 saatlıq geniş çıxışlar hər hansı konfransın bir neçə cümləlik tezisindən zəif sayılsın? Adilin bu sualının cavabı tapılmır və ona Bakı Biznes Universitetində bu yaxınlarda baş tutacaq konfransa tezis vermək təklif olunur. Əks halda 2.20 bəndi ödənilmir.

Adil öyrənir ki, Valehin 2 tezisi həmin universitetdə, 1 tezisi isə xaricdə, Tacikistanda keçirilmiş beynəlxalq konfransın materiallarında dərc edilmişdir. Valehin bu tezisləri bəh-bəhlə 2.20 bəndini ödəmişdir. Adilin isə tanınmış universitetlərin elmi seminarlarında edilmiş çıxışları nəzərə alınmır, çünki belə çıxışların dərc edilmiş tezisi olmur. 2.20 bəndində isə məhz dərc olunmuş məruzə və ya tezis istənilir. Hətta tezis yerinə ondan dəfələrlə böyük və rəydən keçmiş məqalə də vermək olmaz, çünki məqalə konfrans, konqres və ya simpozium materialı deyil.

Nəhayət, uzun əziyyətdən sonra Adil fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanı uğurla müdafiə edir. Müdafiə iclasında Valeh də iştirak edir. O, artıq diplomunu almış və hətta elmlər doktorluğu üzrə doktoranturaya da daxil olmuşdur. Adil çıxış edərkən Valeh ona baxır və altdan-altdan qımışır: “mən deyənə vaxtında qulaq assaydın, indi çoxdan müdafiə etmişdin”.

Müdafiədə çıxış edən şura üzvləri Adili ağızdolusu tərifləyir, onu yenicə elmi işə başlayan doktorantlara nümunə göstərirlər. Müdafiədə iştirak edən doktorantlar isə başlarını aşağı salıb ürəklərində bu alimlərə “yox-yox, bizi aldada bilməzsiniz, biz qətiyyən Adil kimi olmaq istəmirik, biz Valeh kimi olmaq istəyirik” deyə cavab verirlər.

İllər ötür. Adilə işləmək üçün müxtəlif ölkələrdən dəvətlər gəlir. O isə öz böyüyüb-başa çatdığı məmləkətdən ayrılmaq istəmir. Nə qədər desələr də elmlər doktorluğu üzrə doktoranturaya sənəd vermir. Qaydalardan qorxur, min bir zəhmətə qatlaşıb ortaya qoyduğu səviyyəli işə əngəl törədən, tərs yazılmış qaydalardan... Urəyində düşünür ki, qoy başqaları elmlər doktoru olsun. Qoy bu yazılmış qaydaları Valeh kimi ödəyənlər elmlər doktoru olsun...


Epiloq:

Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan,
Tarac edərək, bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan....
Əslafımıza çünki həqiqi xələfız biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

M.Ə.Sabir






Hekayənin müəllifi: S.D. Booree

https://www.goodreads.com/author/show/15227758.S_D_Booree
https://www.facebook.com/people/SD-Booree/100011715321034

VOICEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 592
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
YANPRESS


Flag Counter