voicepress.az

SON DƏQİQƏ

Qonşuluq siyasəti fiaskoya uğradı: “Aşkar erməni sevdasına rəsmilərimiz tərəfindən etinasız yanaşma”

11-11-2019, 02:30

Rusiya ATƏT-in Minsk Qrupunun üzvüdür. Əslində həm də ən aparıcı dövlətlərdən biridir. Dəfələrlə Rusiya Federasiyasının prezidenti Vladimir Putin və ya XİN başçısı Lavrovun müşayəti ilə Azərbaycan və Ermənistan rəsmilərinin görüşləri baş tutub. Biz bilə bilə ki, Rusiya təmənnasız Ermənistana silah təchizatı edir, illərdir susuruq. Hətta utanmadan Rusiya Azərbaycan arasındakı dostluqdan, müttəfiqlikdən, qonşuluq siyasətindən danışırıq. Hanı bizim qonşuluq siyasətimiz? Nə oldu qonşuluq siyasətinə axı?

Qonşu Gürcüstan Ermənistanla hərbi müdafiə əməkdaşlığına başlayır, Rusiya aşkarcasına Ermənistanı bütün dünyaya qarşı qoruyur, İran Azərbaycanın işğal altında olan ərazisində, Şuşada mədəniyyət mərkəzi açır... Budur bizim qonşuluq siyasəti dediyimiz uğurlu layihəmiz?

Deməli bizim yüksək və hətta pafoslu şəkildə barbar bağırdığımız “Qonşuluq siyasəti” fiaskoya uğradı və heç bir nəticə vermədi. Nəticə versəydi qonşularımız bizim üzümüzə baxa baxa düşmənimizə aşkarcasına qucaq açmazdılar. Nəticə versəydi bu gün Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun ekstradasiyası üçün heç olmasa Mariya Zaxarova səviyyəsində bir rəsmi bu haqda bir söz deyərdi. Amma demir. Dərddə elə burdadır. Nə bizim Rusiyadakı səfirimiz, Nə Rusiyadakı ictimai birliklərimiz, Nə diaspora komitəsi, nə də dövlətimizin xarici işlər nazirliyi baş verən bütün məsələlərə etinasız yanaşma nümayiş etdirir.

Bu gün əfsuslar olsun ki, mətbuat gündəmini yaşlı məmurların istefaya göndərilməsi, öz seçimimizlə kürsüyə oturduğumuz millət vəkillərini biyabır edib özümüz özümüzü gülünc vəziyyətə qoymağımızı xarakterizə edən məqalələr zəbt edib. Öz başımızı bu cür gərəksiz məsələlərlə qatıb, sizcə qonşu dövlətlə münasibətə diqqət yetirə biləcək mi durumda oluruq? Biz yerdəyişmə qanunu ilə islahat imitasiyası edib göz boyamaqla məşqul olduğumuz zaman gəlin görək təriflədiyimiz “Qonşuluq siyasətimiz”də nələr baş verib və bizim Diaspora ilə Xarici İşlər Nazirliyi bu məsələlərlə bağlı hansı işləri görüb? Maraqlı sualdır, deyilmi?

Elə isə başlayaq, deməli bu gün bəhs etdiyimiz “Qonşuluq siyasətini” bir qədər geniş formatda izləməyə çalışaq.

Dünya gündəmində bir aya yaxındır qardaş Türkiyənin terrorla mücadilə adı altında başlatdığı “Pınar əməliyyatı” savaşı əməlli başlı müzakirə mövzusuna çevrilib. Suriyada aparılan bu əməliyyatda Türkiyə ilə yanaşı Rusiya və ABŞ-ın da səsi gəlir. Rusiya rəsmiləri dəfələrlə Türkiyədən savaş çərçivəsində “Kamışlı” deyilən əraziyə toxunulmamasını rica edir. Bunun üçün müxtəlif təkliflər də olunur. ABŞ isə elə başa düşür ki, həmin ərazidə neft olduğu üçün Rusiya bu qədər canfəşanlıq edir. Bu üzdəndə Suriyadakı neftə nəzarəti öz əlinə aldığını elan edir. Ama Rusiyanın Kamışlı ərazisinə nəzarəti ələ ala bilməsinə nail olma səyyinin arxasında əslinə primitiv erməni sevdası durur.

Çünkü Kamışlı ərazisində təxminən 400-500 erməni ailəsi yaşayır. Bu isə statistikaya görə, 3000 erməni deməkdir. Bu məsələyə isə BMT –nin İnsan Hakları Ali Komisarlığının sözcüsü Rupert Colville ise ermənilərin təhlükəsiz yerə təxliyə edilməsinə görə, “dinc insanlara yardım edilməlidir” deyib. Görəsən bu sözcü Xocalı soyqrımı zamanı harda idi? Vəya xəbəri varmı o qətliamdan? Bunlar baş verərkən diqqətinizi ona çəkim ki, biz daxildə qoca məmurlarla şaxmat oynayırıq...

Bu məsələnin ardından isə Rusiyalı millət vəkili Zatulin çıxış edir və Azərbaycanın atəşkəsi pozduğunu bildirərək, təhdit edir. Deyir ki, Azərbaycan dinc əhaliyə birdə atəş açsa, KTMT mexanizmi işə salınacaqmış... Bizim Rusiyadakı səfirimizdən də bir səs çıxmır buarada. XİN-nin digər rəsmiləri də bunları eşitməməzlikdən gəlir. Ardından qonşu İran Azərbaycanın işğal altındakı torpaqlarında Ermənistanla bərabər mədəniyyət mərkəzi açır. Sonra da, İran Prezidenti Həsən Ruhani Bakıya gəlir və rəsmilərimiz İran Azərbaycan arasındakı münasibətlərdən, qonşuluq siyasətinin bəhrələrindən danışır...Millət vəkillərinə bunun səbəbini soruram, deyir ki, İranla olan ticarət əlaqələrinə zərər gələr... Belə çıxır ki, ticarət əlaqələri apardığımız qonşuluq siyasəti projesindən də, hələ üstəlik torpaqlarımızdan da üstündür?

Bu gün Ermənistan olmayan soyqrımlarına dünyanı inandıra bilmək üçün Soyqırım müzeyi tikib. Bu muzey bu gün soyqrıma inanmayan başqa başqa dövlət rəsmilərinin ziyarət alanına çevrilib. Hanı bizim Xocalı soyqırım muzeyimiz? Biz soyqrımı, dinc əhalinin acımasız qətliamını yaşaya yaşaya bizim muzeyimiz yoxdur.

SOCAR Türkiyəyə milyardlarla maliyyə yatırıb, hələdə qazanc əldə etməmişik deyir. Görün o gəlir gətirməyən yatırımların yerinə biz paytaxt Bakıdan başqa neçə neçə ölkələrdə Xocalı muzeyi tikdirə bilərdik... Bu da olardı diaspora fəaliyyəti. Bu da olardı əsil idealoji siyasət.
Millət vəkilimiz ticari əlaqələrin idealoji siyasətdən daha önəmli olduğunu deməsəydi, məsələn bu gün ABŞ parlamentarisi Robert Menendez kongresdə Türkiyəyə qarşı çıxış edərək, senat üzvlərini erməni soyqrımını tanımağa çağırış da edə bilməzdi...

Hə biz bunu görmürük. Ya da görmək istəmirik. Amma bu qədər siyasi məsələrə bir söz demək əvəzində bizimkilər Bakı küçələrindəki bir maşında bir gəncin erməni mahnısı dinlədiyi üçün saxlayır.

Niyə axı? Ermənistan bütün bizim musiqimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, torpaqlarımızı, bəstəkarlarımızı mənimsəyə mənimsəyə gedir... Bizdə onları öz silahları ilə vurmağı öyrənməliyik. Bu gün biz İrəvan bizimdir deməyi bilməliyik. Bu gün biz 21% torpaqdan deyil, bütün Ermənistan ərazisinin torpağının Azərbaycan torpaqları olduğunu isbat edərək, ondan danışmalıyıq. Erməni musiqisini biz deməliyik bizimdi... Baxın budur diaspora. Müharibə elan olunmayıb deyə, qonşu dövlətlərlə ticari əlaqələr pozular deyə, idealoji siyasətimizi qurban verməməliyik.

Həm daxili, həm xarici siyasətimizə bir az çəki-düzən verməliyik. Çingizxan kimi bir sərkərdə, istənilən bir siyasi gedişin fiaskoya uğradığı halda bunu qəbul etmək gərəkir deyirdi. Bütün bu sadalanlardan sonra mən bərabərhüquqlu və düşünülmüş xarici siyasətimizdən artıq danışa bilmərəm. Yoxdu çünkü.

Biz neynirik bəs? Gözümüzü yumub jurnalistdən tutmuş, məmuruna qədər fəxri adlar veririk. Əslində İran Şuşada mədəniyyət mərkəzi aça bilirsə demək heç birimiz fəxri ada layiq deyilik! Rusiya bir azərbaycanlımızı Rusiya vətəndaşı ola ola, Azərbaycana qaytara bilmədiyi halda, Kamışlıdakı minlərlə ermənini qoruya bilmək üçün əldən ayaqdan gedirsə və gündəmi bu yox, qoca millət vəkillərinin əsgərliyə gedən kimi “kürsüdən ayrılma” səhnələrini təsvir edən yazılar zəbt edirsə, deməli biz bu fəxri adlara layiq deylik! –Bədbəxtlik orasındadır ki, biz bunu da deməyi bacarmırıq!...

Azərbaycan XİN-i güclü çalışma və ağıllı zəkaya sahib olsaydı, Rusiya və Türkiyə arasında baş tutan Kamışlı anlaşmasında Dilgəm və Şahbazın geri qaytarılması məsələsini də şərt olaraq qoyulması üçün Türkiyə ilə danışıqlar aparardı. Biz ya bu qədər dərin düşünə bilmirik, ya da biz hələdə iki adama görə bir dövlətə ağız açılmaz havasındayıq. Amma hələ bu yaxınlarda ABŞ kimi dövlətin bir rahibin ekstradasiyası üçün nələri fəda etdiyini də unutmamalıyıq...






Ülkər Fərmanqızı
VOİCEPRESS "Açıq Söhbət"


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 235
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter