voicepress.az

SON DƏQİQƏ

Türkiyə-Azərbaycan əlaqələrini bəşəriyyət üçün bir nümunə adlandırmaq olar

4-08-2017, 21:49

Ümummilli liderlər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" və Mustafa Kamal Atatürkün "Azərbaycan xalqının sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kimi qiymətli fikirləri xalqlarımız arasındakı bağlılığın nə qədər önəmli olduğunu sübut edir.

Anadolu və Azərbaycan türkləri arasındakı sıx həmrəylik, birlik, qarşılıqlı məhəbbət bütün dövrlərdə özünü göstərmişdir. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan tarixində önəmli yer tutur. Hələ Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlıların maddi və mənəvi yardımı danılmaz faktdır. Türkiyə Cümhuriyyəti respublikamızın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. Bakıda ilk diplomatik nümayəndəlik açan ölkə də məhz qardaş Türkiyə idi. 1992-ci il yanvarın 14-də rəsmi Ankara Azərbaycan ilə diplomatik əlaqələrini səfirlik səviyyəsinə yüksəltdi. Müstəqilliyimizin ilk illərində Türkiyənin qardaşlıq dəstəyi bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. İki ölkə arasındakı münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. O, 1992-ci ildə Türkiyə rəhbərliyi ilə birlikdə Qars müqaviləsini yenidən imzalamış, Araz çayı üzərində “Həsrət” və “Ümid” körpüsü adlandırılan keçid məntəqəsinin istifadəyə verilməsini təmin etmişdir. Azərbaycan və Türkiyəni biri-birinə bağlayan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu da ulu öndər Heydər Əliyevin əsərləridir. Türkiyə artıq keçən əsrin ortalarından Qafqazda təkcə öz maraqlarını deyil, bütün Qərb dünyasının, NATO üzvü olan digər dövlətlərin də birgə mənafeyini qorumaq missiyasını öz üzərinə götürmüşdür.

Regionumuzda sülhün, sürətli inkişafın, müxtəlif sahələrdə əhəmiyyətli layihələrin reallaşması üçün Türkiyə - Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafı böyük əhəmiyyətə malikdir. 2012-ci il iyunun 26-da Azərbaycan ilə Türkiyə əbədi dostluğu və qardaşlığı daha bir möhtəşəm layihəyə imza atdı. Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə Hökumətlərarası Müqavilə imzalandı. Ötən 25 il ərzində müstəqil Azərbaycan ilə Türkiyə arasında mühüm əhəmiyyətə malik 100-dən çox sənəd imzalanmış, eyni millətə, eyni dilə və dinə sahib olan iki xalq arasındakı dostluq və qardaşlıq bağları daha da güclənmişdir. Hər iki xalqın zamanın diqtəsi ilə daim inkişaf etməsi regionda əmin-amanlığın qarantına çevrilmişdir.

Talehin qismətindən Türkiyə ilə Azərbaycanın düşməni də elə birdir. Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edən, Dağlıq Qarabağda görünməmiş vəhşiliklər törədən, Xocalıda bəşəriyyət tarixində ən dəhşətli soyqırım edən və şərəfsizcəsinə işğal edən Ermənistan Türkiyəyə qarşı da torpaq iddiası ilə çıxış edir, hələ bu azmış kimi, qondarma “erməni soyqırımı” iddiasından da əl çəkmək istəmir. Zaman-zaman türk dünyasına qarşı xain və cinayətkar əməlləri ilə ad çıxarmış ermənilər bizləri zəiflətmək üçün hər addıma əl atıblar. Bu iki dövlətin böyük dostluğunu xor görür, iki xalq arasında düşmənçilik toxumları səpmək üçün əllərindən gələni əsirgəmirlər. “Türkiyə-Ermənistan sərhədləri açılacaq” kimi yalan informasiyanı yaymaqla iki dövlət arasındakı dostluq və qardaşlıq əlaqələrinə zərbə vurmaq istəyirlər. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə beynəlxalq konfranslarda "Siz Qarabağı Azərbaycana qaytarın biz sərhədləri açaq" bəyanatını vermişdir.

Türkiyə-Azərbaycan əlaqələri möhkəm təməllərlə qurulmuşdur. Bizim dostluğumuz və qardaşlığımız əbədidir. Bu gün böyük tarixi yol keçən və bütün sınaqlardan üzü ağ çıxan Türkiyə-Azərbaycan əlaqələrini bəşəriyyət üçün bir nümunə adlandırmaq olar.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 332
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter