voicepress.az

SON DƏQİQƏ

İnsanlığı tanımaq ən böyük tanışlıqmış...

28-07-2017, 20:24

Bir toya dəvətliydim. İlk dəfə idi ki, tanıdmadığım bir kəsin toyuna gedirdim. Ümumiyyətlə getdiyim bu toyda ilklər çox idi. Misal üçün ilk dəfə idi ki, açıq havada təşkil edilən toyda iştirak edirdim. İlk dəfə idi ki, Həlimə Dağlarqızının muğamı ilə müşayiət olunan toy, konsert kimi əyləncəli, ailə yığıncağı kimi isti və mehriban, spirtli içkinin də, heç olmadığı bir abu-havada keçirilən toyda idim.

Toy tənha bir ananın atasız böyütdüyü oğlunun idi. Asimə xanımın oğlu. (adlar şərtidir) Elə toya da, məni Asimə xanım çağırmışdı. Oğlundan danışanda gözləri dolan ananın sevincinin həddi-hüdudu yox idi. Bəlkə də, qanadları olsaydı uçardı. Atasız bir oğlu böyüdüb, evlənməsinə şahid olmaqdan gözəl nə ola bilər, bir ömür zülm çəkmiş biri üçün?

Asimə xanım oğlu Elmarın çox kiçik yaşlarında atasını itirdiyini dilə gətirir, çəkdiyi əziyyətlərdən danışırdı. Amma bir nurani, orta yaşlarında kişinin qonaqları qarşıladığını, bir insan öz oğlunu necə gözü yolda gözləyərsə, elə gəlin maşınını gözləməsi, ailəsi ilə bərabər bu sadə insanların sevincinə şərik olması, gözümdən qaçmadı. Toya gələn qonaqlardan o kişinin kim olduğunu sordum. Hava qaraldığı üçün bəlkə də, tanıya bilməmişdim. Bu xeyirxah insanı mən daha əvvəl də, görmüşdüm. İsminin çəkilməsini istəmədiyini nəzərə alaraq, sayqımdan sizləri o böyük şəxsiyyətin kimliyini öyrənməkdən məhrum edirəm... Amma bir ip ucu verim ki, böyük ürəyə sahib bu şəxsiyyət Azərbaycanın tanınmış iş adamlarındandır.

Bir çox xeyirxah insanların kimlərəsə yardım etdiyinin şahidi olmuşdum. Amma bu yardımı bütün qəlbiylə, insanın öz övladı üçün etdiyi kimi etmək hər bir xeyirxah işin sahibinə məxsus olmur. Heç unuda bilmirəm, o sadə, kimsəsiz insanlarla bərabər bəyə arxa-dayaq olmaq üçün, ona atasının olmadığını hiss etdirməmək üçün bəyin atası kimi toyda qol qaldırıb rəqs edirdi. Hər bir qonağa yaxınlaşıb hal-xətir sorurdu.

Xeyirxah Hacının öz ailə üzvləri, həyat yoldaşı və qızı ilə bərabər iştirak etdiyi bu toy, əslində Allah-Təalanın buyurduğu bir ortam idi. Zəngin və kasıb olmasından asılı olmayaraq, təmiz qəlbli insanların bir arada xoşbəxt və mehriban ola biləcəklərinin baris nümunəsi idi. İnsanların mövcud mühitdəki zəngin və kasıb anlayışından uzaq, var olduqları, insan olduqları üçün birlikdə sevinclərini paylaşa bildiklərinin göstəricisi idi. Bu ali hissin, bu abu-havanın iki gəncin şad günündə biz insanlara datdırmağın özü bir insanlıq misalı idi.

Asifə xanıma yaxınlaşdım. Asimə xanımın ilk sözü məni göz yaşlarına boğdu, qəhərləndirdi. İnanın indi, bu sözləri çox kəskin boğaz ağrısı ilə yazıram. Amma yazmalıyam deyə düşünürəm. Yaxşılıq ölməyib! Yaxşı insanlar, xeyirxah insanlar var deyə hayqırmaq istəyirəm! Bunun üçün Asifə xanımın simasında insanlıq adına sevinirəm və bu sevinc məni göz yaşlarına qərq edirdi.

Asimə xanım dedi ki, xeyirhxah Hacı məni və oğlumu yenidən var etdi : “Allah mənim ömrümdən kəsib illəri, Hacının ömrünə calasın”. Bir tənha ananın ona olunan yaxşılıq müqabilində deyə biləcəyi tək sözlər idi bu. Axı, Asimə xanımın quru canından başqa nəyi vardı ki...

Asimə xanım oğlunun tərbiyəsində, onun layiqli övlad kimi formalaşmasında Hacının böyük rolu olduğunu dilə gətirdi. O bildirdi ki, oğlunun vətənin keşiyində durub xidmət etməsindən tutmuş, təhsilinə qədər yardımçı olan Hacı onu öz övladlarından ayırmayıb: “Bu gün gördüyünüz bu toyu Hacı mənim oğlum üçün təşkil edib. Evlənməsi üçün gərəkən hər bir şeyi Hacı öz boynuna götürüb. Evlə təmin olunması, işləyib əlinin çörək tutması, ən əsası onun içkidən, digər pis vərdişlərdən uzak olması üçün əlindən gələni əsirgəməyib. Bu gün mənim oğlum atasız olsa da, bütün bu sadaladıqlarımın hamısına sahibdir. Mən necə sevinməyim?”

Həqiqətən sevindiricidir! Sözü gedən Hacı kimi insanların gəncliyə bu cür örnək olması, onlarda yaxşılığa, xeyirxahlığa inam oyatması qədər gözəl nə ola bilər axı?

Biz kiçik ikən “şaxta baba” ya inanardıq. Bizi inandırırdılar ki, biz yatanda şaxta baba gəlib bizə hədiyyə buraxacaq. Bir çoxları bu sətrləri oxuyanda öz uşaqlıq illərini xatırlayacaq və mənimlə razılaşacaq. Daha sonra böyüdükcə insan “şaxta baba”nın heç bir zaman mövcud olmadığını, bunu körpələrin uyuması üçün şirin bir yalan olduğunu anladıq. Mənim üçün bu uşaqlıq illərində ən böyük məyusluq idi. İnandığım və yolunu gözlədiyim bir kəsin ümumiyyətlə olmadığını anlamaq mənim üçün böyük psixoloji zərbə idi.

Bu gün bizim gələcək nəslimiz çox xoşbəxtdir. Çünki onlara anlatacaq daha real nağıllarımız var. Bu gün biz onların içkidən, pis vərdişlərdən uzaq, təhsilli, elmli olduqları zaman xeyirxah Hacı kimi böyük ürəyə malik insanların onlar üçün “şaxta baba”nın edə bilmədiklərini edəcəyindən danışa bilərik.

Mən gələcək nəslin adına sevinirəm! Sevinirəm ki, onlar üçün Hacı kimi xeyirxah insanların simasında xeyirxahlığa inamları, yaxşı əməllərə sövq edilən amalları, Allaha “şükr” edə biləcək kəlmələri var.

Toy gecə saatlarına qədər davam etdi. İnanın sözlərimə, toyda kimsəni tanımadığım halda, insanlığı tanıyıb toyu tərk etmək ən böyük tanışlıq demək idi mənim üçün. Bir yetim oğlanın üzündəki sevinci, bir tənha ananın qəlbindəki o şadyanalığı, qohum-əqrabaların Hacının ünvanına söylədikləri o alqışları eşitdikcə, gördükcə mən bu toyda əsil insanlığın özü ilə tanışlığıma sevinirdim...


Ülkər Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 108
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter