voicepress.az

SON DƏQİQƏ

Məyusluğun birinci pərdəsi: "Pikə xala qədər olmayanlar..."

2-03-2017, 14:10

Deyirlər, darda qalmasan, yanındakı, əhatəndəki insanların əsil simasını görə bilməzsən. Doğru imiş, Moskva səfəri bəzi simasızların əsil simasını ifşa edəcək qədər uğurlu səfər oldu. İlk dəfə idi ki, millətimlə fəxr də, etdim, bəzi həmvətənlərimizin ləyaqətsizliyindən dolayı utanc da duydum.

Bütün fəaliyyətimi acı talehli məcburi köçkünlərə, ev-eşiyindən didərgin düşmüşlərə yardım etməyə həsr etdim. Onlara “ikinci sort” insanlar kimi baxanlara qarşı mübarizə apardım. Onları bəzən özümdən, ailəmdən, üstün tutdum. Təmənnasız, sırf insanlıq adına onların uğurunu öz uğurum, xalqımızın uğuru hesab etdim.

Əvəzində “sağol” belə ummadığımızı desək də, qəlbimizin onların könlüncə olduğunu biləcək bir təsəlliyə ehtiyac duyduğunu heç gizlətmədik. Lakin “sağolu” ikilikdə deyib, insan içində “sağol” dediyi üçün yüksək dağları bizlərə bəxş etdiyini sananlar, yardımsevər qəlblərə necə təsəlli ola bilər axı?
Bir insanın qəlbinin və dilinin həmfikir olması, sən demə Allahın bəzilərindən əsirgədiyi böyük nemət imiş. Böyük söz ustadı Sədi Şirazi deyir ki, o insan ki, “sağolu” belə minnətlə deyir, o insanlıq adına bəxş edilən alilik nemətindən pay almamışdır. Ömər Xəyyam isə nankor insanları talehdən sürgün olunmuşlar kimi adlandırması belə əbəs deyil...Hesab edirəm, insanlıq adına danışdığımız bu acı fəlsəfi faktları olduğu kimi oxucuların diqqətinə çatdırmaq daha doğru olardı.

Məyusluğun ikinci pərdəsi: "Rusu da, təəcübləndirə bildik!"


Moskvada həmvətənlərimiz arasında mobilizasiyanın zərrə qədər olmamasını hələ Moskvaya ilk səfərimdə anlamışdım. Amma bu dərəcə olduğunu təsəvvür belə etməzdim. Moskvada ikən təsirləndiyim hər bir anı vətənə dönəndən sonra peşəyim gərəyi yazıb hər kəsin diqqətinə çatdıracağıma dair söz vermişdim. İndi isə bu sözü tuturam. Ona görə qınanılacaq bir məqam olmamalıdır, deyə düşünürəm...

Söhbətimin bu məqamında daha əvvəl dediyim kimi səfər əsnasında fəxr ediləcək həmvətənlərimizdən danışamaq daha doğru olardı. Çünki örnək insanların adı “örnəksizlərdən” daha əvvəl çəkilməlidir.

Moskvada Azərbaycan Səfirliyinin Qonaq evində Pikə adlı yaşlı bir xanım çalışır. İlk əvvəl onu Qazaxıstandan olduğunu sanmışdım. Bir gecə qonaqlamaq üçün məndən müəyyən məbləğ ödəməli olduğumu bildirdi. Pulumu ödəyib, mən otağıma qalxdım. Ertəsi gün erkəndən Vnukova aero-limanına yetişməm üçün taksi çağırmaq istədim, amma yetəri qədər vəsaitim yox idi. Pikə xala bunu bildi. Adımı belə bilməyən Pikə xala qonaqlamaq üçün ödədiyim vəsaitin yarısını mənə qaytarıb, məni tanımadığı halda bir doğmam kimi yola saldı... Arxamca su tökdü...Qərib və tanımadığın bir yerdə bir həmvətənlimin məni belə sahiblənməsi, analıq qayğısı əslində bəzi azərbaycanlılarımızın Rusiyada sərgilədikləri qeyri insani davranışlardan sonra bir məlhəm oldu... İnanc doğdu qəlbimdə. İnandım ki, insanlıq hələ də, ölməyib. Çünki Pikə xala kimi azərbaycanlılarımız da, var Moskvada...Sonra öyrəndim ki, Pikə xala sadəcə mənə qarşı elə deyildi, o qürbət ölkəyə üz tutan hər bir azərbaycanlını doğmalıq və mehribanlıqla qarşılamağa vərdiş edib... Əslində bu gözəl vərdişi kaş ki, bizim bəzi gənclərə Pikə xala miras buraxmış olaydı...

Heydər Əliyev adına Fondun Prezidenti xanım Mehriban Əliyevaya və fondun vitse-prezidenti, xanım Leyla Əliyevaya böyük hörmətim və sayqım var. Hər şeydən əvvəl bir qadın kimi simpatiyam var hər ikisinə. Amma Moskva səfəri çərçivəsində azərbaycanlılarımıza qarşı fondun nümayəndələri tərəfindən ikili standartlarla yanaşma nümayiş olundu. Olduqca sadə, səmimi, xalqının sevgisini həqiqətən qazanmış fond rəhbərliyinin adından sui-istifadə olunduğunun şahidi oldum.

25 illik Xocalı soyqrımını bütün dünyaya car çəkməsi yolunda əlindən gələni əsirgəməyən Leyla xanımın əməyinə qiymət verməyənləri görmək mümkün oldu. Çünki o boyda əziyyət çəkildiyi halda soyqrımın məhdud iştirakçı heyyəti ilə, yalnız dəvətnamə ilə tədbirə buraxılmaları ilk əvvəl rusların özləri tərəfindən təəcüblə qarşılanırdı. İçəri daxil olmaq istəyən, həqiqətləri gözləri ilə görmək, qulaqları ilə eşitmək istəyənlər dəvətnamələri olmadığı üçün içəri buraxılmırdı. Görüntü və duyğu olaraq həmin həmvətənlərimin nə hiss etdiklərini anlamaq çətin deyildi. Çünki xalqının ən ağır günündə onunla qəriblikdə belə bərabər olmağı istəyən soydaşlarımız bir erməni kimi içəri buraxılmırdı...

Dözmədim. Sükutu pozdum. Yalan yox, səfirliklə əlaqə saxladım, fond nümayəndələrinə bu mövqeyin düzgün olmadığını çatdırmaq üçün az çırpınmadım. Təsvir etdiyim görüntü bəlkə də, Bakıda olsaydı, nəyəsə xatir göz yummaq olardı. Amma kimliyindən və daşıdığı nüfuzundan asılı olmayaraq, fond rəhbərliyinin bu qədər dillərə dastan olacaq xidmətini ölkəmizin hüdudlarından kənarda öz həmvətənlərinə qarşı guya ikili standartların olduğunu sübut etməyə çalışanlar cavab verməlidir.

Böyük dirənişdən sonra, Mehriban xanımın Moskvada həmvətələrinə qarşı bu cür münasibəti bildiyi halda, qətiyyətlə pisləyəcəyini etiraf edən fond nümayəndələri nəhayət ki, içəri daxil olma məhdudiyyətini aradan qaldırdılar. Amma... hər addım başı qətiyyətlə “Leyla xanıma yaxınlaşmayın!” diqtəsi bu gün də, soydaşlarımızın qulağında cingildəyir.

Daha sonra, Xocalının 25 illiyinə həsr olunan məclisə gələk. İçəri daxil olanda gözlərimə inanmadım. Zal iki yerə bölünmüşdü. Nüfuzlu, sosial sahədə daha inamla yürüməyi bacaranlar qabaqda, ikili standartlarla yanaşılanlar isə arxada oturudurulurdu. Hətta bu oturacaqlara gedən yolu qırmızı lentlə bağlayıb, hər lent yanında iki cangüdən qoyulmuşdu. İnanın səmimiyyətimə, əgər ki, bu təhlükəsizlik baxımından olunan bir addım olsaydı, hardasa anlamaq olardı. Amma bir yas mərasimində belə insanları tutduğu postlarına və sosial vəziyyətlərinə görə, təbəqələrə bölmək tədbir sonrası belə onların bir birlərinə qarşı qeyri dostca yanaşmasına səbəb olur. Onlar arasında qısqanclıq yaranır. Həmvətənlərimiz arasında olmayan mobilizasiyanın təməli belə darma-dağın edilir...

Mən əminəm ki, fond rəhbərliyi sərgilənən və televiziyaları boyayan görüntünün arxa fondakı təəsüratlarından xəbərsizdir. Bəli, bu gün fond nümayəndələri gənc ola bilərlər, hər anı xalqın içində keçən Ulu Öndər Heydər Əliyevin yetirməsi olan Leyla xanımın da, xalqının hər bir fərdi ilə ayrı-ayrı görüşəcək səmimiyyətinə inanmaya da, bilərlər. Amma bu nəticə etibarilə həm fondun ölkəmizdən kənarda nüfuzuna xələl gətirilməsinə, həm də rusların və ermənilərin gözü önünüdə həmvətənlərimizə qarşı ikili standartlarla yanaşılmasına əsas verməməlidir.

Axı Pikə xala fondda çalışmır... Amma onun yaşı Ulu Öndər Heydər Əliyevin xalqına bağlı biri olduğunu, pambıqçısından tutmuş, akademikinə qədər eyni sayqı və hörmətlə yanaşdığının şahidi olduğundan xəbər verir. Onun üçün o Azərbaycanlıların Qonaq Evinə təşrif buyuran hər bir azərbaycanlını bağrına basır...Əfsuslar olsun ki, Pikə xalanı nə rus görür nə də erməni... Amma fondun nümayəndələrinin sərgilədiyini erməni görməsə də, rusdan eşitmiş oldular...



Ü. Musazadə.
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 6 134
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter