voicepress.az

SON DƏQİQƏ

Tehran görüşü: üç ölkə irəliyə doğru önəmli addım atdı

2-11-2017, 15:30

Azərbaycan, İran və Rusiya gömrük dəhlizinin yaradılması barədə anlaşdılar, habelə qarşılıqlı hesablamalarda ABŞ dollarından imtina edərək milli valyutalara keçilməsinin müzakirəsinə başlana biləcəyini bəyan etdilər.

VOİCEPRESS
milli.az-a istinadən bildirir ki, Azərbaycan, İran və Rusiyanın dövlət başçıları İlham Əliyev, Həsən Ruhani və Vladimir Putinin Tehrandakı zirvə görüşünün əsas sonucları belədir.

Üç ölkə arasında enerji, neft-qaz hasilatı və ixracı sahəsnidə əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq tədbirlər müzakirə mövzusu olmuşdur. Azərbaycan, İran və Rusiyanın enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbər qiymətləndirilmişdir. Qarşıdan gələn dövrdə neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və digər məsələlər nəzərdən keçirilib.

Hazırda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr, bu marşrutların yaratdığı geniş imkanlar, regionun iqtisadi inkişafında oynayacağı rol və digər bu kimi məzələlər müzakirə olunub.

Sammitdə müzakirə olunan digər məqamlar İranın reallaşdırdığı nüvə proqramı və Suriyadakı situasiya idi.

Xatırladaq ki, oktyabrın 13-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla əldə olunmuş anlaşmanı yeniləmək, yaxud da tərk etmək niyyəti açıqlamışdı.

Halbuki anlaşmanı qorumaq, onun şərtlərinə riayət etmək çağdaş geosiyasətin çağırışlarından biridir.

Suriyadakı situasiyaya gəldikdə isə, İran və Rusiya rəhbərləri bu ölkədə Türkiyə ilə əməkdaşlığın səviyyəsini yüksək dəyərləndiriblər.

Azərbaycanın Prezidenti İlham Əliyev isə həmkarları Vladimir Putin və Həsən Ruhani ilə Bakı-Moskva və Bakı-Tehran əlaqələri ilə yanaşı, regiondakı vəziyyəti, iqtisadi əməkdaşlığın miqyaslarının genişləndirilməsi istiqamətlərini, habelə Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə həlli yollarını və Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərinin azad edilməsinə yönəlmiş siyasi təmasların mövcud durumunu müzakirə edib.

Transmilli nəqliyyat layihələrinin müzakirəsi zamanı yeni fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin perspektivi də nəzərdən keçirilmiş, onun yüksək potensialı və perspektivi vurğulanmış, BTQ də daxil olmaqla hər bir iştirakçı dövlətin maraqları çərçivəsində Şərqlə Qərbi birləşdirən bütün marşrutlardan istifadə olunması imkanları bəyənilib.

Tehranda dövlət başçıları arasında ikitərəfli görüşlərdən sonra Azərbaycan, İran və Rusiya liderlərinin zirvə toplantısı başlanıb.

Tehran sammiti bu formatda artıq ikinci görüşdü. Sayca 3-cü sammit 2018-ci ildə Moskvada keçiriləcək.

Çox önəmli toplantı

İran, Azərbaycan və Rusiyanın dövlət başçılarının zirvə toplantısını İranın dövlət telekanalları birbaşa translasiya edirdilər. Bu, İranın sammitə verdiyi önəmin göstəricilərindən biri idi. Rəsmi Tehran sözügedən görüşün və aparılacaq danışıqların əhəmiyyətini indiyədək dəfələrlə vurğulamışdı.

Ən azı ona görə ki, zirvə toplantısında prezidentlərlə yanaşı, üç ölkənin nazirləri də iştirak edirdilər.

Tehran sammitinin əsas mövzularından birinin İran, Azərbaycan və Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələrin gücləndirilməsi olması təsadüfi deyil. Belə ki, əlaqələrin və təmasların güclənməsi birgə infrastruktur layihələrinə ciddi impuls verə bilər. Həmin layihələrdən biri də Asiya ilə Avropanı birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizidir.

Bu marşrut istifadəyə veriləndən sonra Azərbaycan, Rusiya və İran yükdaşımaların sistemini, loqistikasını köklü şəkildə dəyişəcəklər. Məsələn, indi Hindistandan Avropaya yüklər Süveyş kanalından keçməklə dənizlə daşınır.

Azərbaycandan da keçəcək "Şimal-Cənub" marşrutu işə düşəndən sonra isə Hindistanda yola çıxacaq qatar Berlin, Paris, London, Osloyadək yükləri asanlıqla, ən başlıcası isə çox ucuz tariflə daşıyacaq.

Zatən ötən il Hindistandan belə qatar yola çıxmış, test rejimində marşrut yoxlanmışdı. Azərbaycandan da keçən marşrut səmərəliliyini və effektivliyini göstərmişdi.

"Şimal-Cənub" marşrutunun istifadəyə verilməsi üçün indi sadəcə, İran ərazisində Rəşt-Astara dəmir yolu hissəsinin inşası gərəkdir.

Azərbaycana gəldikdə, ölkəmizin dəmiryol infrastrukturu yeni qlobal nəqliyyat layihəsinə tam hazırdır.

Rusiya prezidenti Vladimir Putin də Azərbaycanın dövlət başçısı İlham əliyevlə ikitərəfli görüşündə Bakının regional və beynəlxalq infrastruktur layihələrində tutduğu yeri, ölkəmizin önəmini xatırladaraq vurğuladı ki, Rusiya ilə Azərbaycan arasında ticari dövriyyənin artımı son ayda 60 faizdən (!) artıq olub.

Azərbaycanın İranla ticari dövriyyəsi də sürətlə artır.

Planlarda üç ölkə arasında iqtisadi, siyasi və s. əlaqələri daha da möhkəmlətmək var.

"Bir daha gördük ki, bizim əlaqələrimiz çox uğurla, sürətlə inkişaf edir və əlaqələrimiz yüksək səviyyədədir. Üçtərəfli əməkdaşlıq formatına gəldikdə, bildiyiniz kimi, birinci Zirvə görüşü ötən ilin avqust ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilmişdir. Bugünkü Zirvə görüşü isə onu göstərir ki, bu formatın çox böyük əhəmiyyəti və gözəl gələcəyi vardır. Üçtərəfli əməkdaşlığımız tam təbiidir. Çünki xalqlarımızı ortaq tarix, eyni zamanda, coğrafiya birləşdirir. Əsrlər boyu xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar", - Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Tehranda keçirilən Azərbaycan, İran və Rusiya Prezidentlərinin üçtərəfli Zirvə görüşü başa çatdıqdan sonra mətbuata bəyanatında belə deyib.

"Ölkələrimiz arasında yaşıl gömrük dəhlizi yaratmaq, vahid gömrük standartlarına riayət etmək niyyətindəyik. Bundan başqa, bankinq sahəsində əməkdaşlığı, qarşılıqlı hesablaşmalarda milli valyutalara keçilməsi məsələlərini də nəzərdən keçirdik", - bunu İran prezidenti Həsən Ruhani söyləyib.

Rusiya prezidenti Vladimir Putin də əməkdaşlığın həddən ziyadə önəmli olduğunu vurğulayıb: "Bəllidir ki, Rusiya, Azərbaycan və İran karbohidrogenlərin iri istehsalçılarıdır. Lakin bu, rəqabət aparmalı olduğumuz anlamına gəlmir. Bu o deməkdir ki, səylərimizi koordinasiya etməliyik. Bu karbohidrogenlərin hasilatının böyük olmasına rəğmən, ölkələrimizdən hər birinin qonşuya xammal satmaq marağı var. Mən daxili loqistikanı nəzərdə tuturam. Məsələn, biz Azərbaycanın boru kəməri nəqli sistemləri ilə İranın şimalına təbii qaz ötürməyə hazır olduğumuzu deyirik. Belə layihə tərəfdaşlarımız üçün sərfəli ola bilər".

Ümumiyyətlə, Azərbaycan-İran-Rusiya üçtərəfli formatı regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında iqtisadi-ticari əlaqələrinin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır.

Ölkələrimiz arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır.

Ümumiyyətlə, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur.

Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və dgər formatlar Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli fəaliyyət göstərirlər.

Eyni zamanda, Azərbaycanla İran Xəzər dənizindəki neft-qaz yataqlarının birgə kəşfiyyatı və istismarında da maraqlıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin yeni formatlı təklifini İran və Rusiyanın dövlət başçıları razılıqla qarşılayıblar.

V.Putin "Hamımız Xəzəryanı dövlətlərik və ümid edirəm ki, Xəzər problematikası, habelə Xəzərin statusu ilə bağlı bütün anlaşmalarımızın parametrlərinin razılaşdırılmasını başa vuracağıq" dedisə, İran prezidenti Həsən Ruhani "Xəzərdən sülh dənizi kimi istifadə etməliyik və ölkələrimiz dənizin resurs potensialından tam yararlanmalıdır" söylədi.

Və ən nəhayət, ABŞ prezidenti Donald Trampın İranla bağlı yeni strategiyası da sammitin gündəmini müəyyənləşdirən nüanslardan biri idi.

2015-ci ildə Almaniya, Fransa, Britaniya, ABŞ, Rusiya, Çin və İranın imzalayaraq qəbul etdikləri, bu ilin yanvarında qüvvəyə minmiş İranın nüvə proqramı ilə bağlı "Birgə genişmiqyaslı fəaliyyət planı" (BGFP) Vaşinqtonu "sinirləndirir".

Donald Tramp oktyabrın 13-də bu sahədə İranla mübarizənin yeni strategiyasını bəyan edərək Tehranı yeni sanksiyalarla hədələyib, Konqresə yolladığı müraciətdə də İranın BGFP-yə əməl etmədiyini vurğulayıb. İndi ABŞ Konqresinin İrana qarşı yeni sanksiyalar qəbul edib-etməyəcəyinin bəlli olacağı tarixə 57 gün qalıb.

Trampın açıqlaması İranda siyasi tufana səbəb olmuşdu. İran prezidenti Həsən Ruhani deyib: "Nə Tramp, nə də on başqa Tramp İranı bu müqavilənin üstünlüklərindən məhrum edə bilməz". İranın XİN başçısı Cavad Zərif isə deyib ki, əgər Vaşinqton "İran İslam İnqilabı Keşikçiləri Korpusu"nu terrorçu təşkilatlar siyahısına daxil edərsə, "Tehran çox sərt reaksiya verəcək".

Belə situasiyada, Avropa Birliyi və Rusiya 2015-ci ildə imzalanmış "nüvə anlaşması"nı qorumağa çalışdığı zamanda Azərbaycan Rusiya və İranla bahəm, Avropa Birliyinin də müstəsna maraq dairəsində olan, regional siyasətdə ağır geosiyasi çəkiyə malik ölkə kimi xüsusi əhəmiyyət kəsb edir.

Ən azı ona görə ki, rəsmi Bakı illər əvvəl olduğu kimi, həm vasitəçilik, həm də tərəfdaşlıq missiyasını yenidən reallaşdırır.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 9 472
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter