voicepress.az

SON DƏQİQƏ

Prezident İlham Əliyev Göygöl rayonunda səfərdədir

19-08-2017, 15:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfərə gəlib.

VOİCEPRESS AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.

X X X

Prezident İlham Əliyev Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına parkda görülən işlər, yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Qələbə parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub. Parkın rayonun mərkəzində yerləşməsi onun özəlliyini daha da artırır. Parkda istirahətin yüksək səviyyədə təşkili üçün geniş imkan yaradılıb.

Qeyd olundu ki, bu parkın yaradılması ilə rayon sakinlərinin sevə-sevə üz tutduqları istirahət məkanlarının sayı daha da artıb. Parkın yaradılması zamanı balacalar da diqqətdən kənarda qalmayıb. Burada uşaqların asudə vaxtının səmərəli təşkili üçün əyləncə kompleksi yaradılıb, attraksionlar quraşdırılıb.

Dövlətimizin başçısı parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Diqqətə çatdırıldı ki, ümumi sahəsi iki hektar olan parkda əsaslı şəkildə yenidənqurma işlərinə 2016-cı ildə başlanılıb. Burada fəvvarələr quraşdırılıb, istirahət guşələri yaradılıb. Parkda kafe də fəaliyyət göstərir.

Yeni parkların, istirahət məkanlarının yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması həm də turizm bölgəsi kimi böyük şöhrət qazanmış Göygölü daha da müasirləşdirir. "Qələbə" parkının yenidən qurulması rayonda bu istiqamətdə reallaşdırılan layihələrin bir hissəsidir.

X X X

Prezident İlham Əliyev Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, körpələr evi-uşaq bağçasının ikimərtəbəli binasının əsaslı təmirinə 2015-ci ilin iyulunda başlanılıb. Əsaslı təmir işləri bu ilin iyulunda başa çatdırılıb. 100 uşaq yerlik bu müəssisədə oyun, yemək və yataq otaqları, tədris otağı, musiqi zalı, mətbəx, həkim otağı və anbarlar yaradılıb. Otaqların hamısı zəruri inventar və avadanlıqla təchiz edilib. Binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Bundan başqa, bu müəssisədəki şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məsələsində mühüm rol oynayacaq.

Qeyd edildi ki, burada yaradılan şərait uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir. Körpələr evi-uşaq bağçasının həyətində geniş abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.

Azərbaycan dövləti gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin təşkili, onların sosial müdafiəsinin gücləndirilməsi, əsl vətənpərvər və sağlam yetişməsi istiqamətində mühüm layihələr icra edir. Göygöldəki 4 saylı körpələr evi-uşaq bağçasında yaradılan şərait bu istiqamətdə görülən işləri əyani surətdə təsdiq edən nümunələrdən biridir.

X X X

Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq "Çiçəkli" Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra avqustun 19-da istismara verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildi ki, 1927-ci ildə inşa edilmiş bu su elektrik stansiyası 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Respublikası Prezidentinin ölkə iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsi tapşırığına uyğun olaraq, stansiya hazırda investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Burada əsaslı yenidənqurma işləri aparılıb, yeni avadanlıq quraşdırılıb.

Diqqətə çatdırıldı ki, stansiyanın turbin zalı, üçmərtəbəli idarəetmə və inzibati binası da müasir səviyyədə qurulub. Stansiyada hər birinin gücü 1 MVt olan 3 hidroturbin və 3 hidrogenerator quraşdırılıb. Yenidənqurma işləri çərçivəsində stansiyada 35/6/0,4 kV-luq yarımstansiyalar yaradılıb və elektrik verilişi xətləri çəkilib. Stansiyanın su hövzəsinin tutumu 153 min kubmetr, bəndinin hündürlüyü 10, uzunluğu 134, qaşının eni 5, dibinin eni isə 60 metrdir. Burada suburaxma qabiliyyəti saniyədə 65 kubmetr olan sutullayıcı, suburaxma qabiliyyəti saniyədə 10 kubmetr olan suqəbuledici quraşdırılıb. Stansiyanın derivasiya kanalının en kəsiyi 5 kvadratmetr, uzunluğu isə 3800 metrdir. Burada, həmçinin uzunluğu 500 metr, diametri 1600 millimetr olan boru quraşdırılıb.

Qeyd edildi ki, "Çiçəkli" Su Elektrik Stansiyası iqtisadi və sosial cəhətdən olduqca əhəmiyyətlidir. İldə 20 milyon kVt-saat elektrik enerjisi istehsal etmə gücünə malik olan bu stansiya Göygöl rayonunun tələbatının 15 faizini, Göygöl şəhərinin tələbatının isə 75 faizini ödəyəcək. Stansiyanın tikintisində 80 işçi çalışıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıq zolaqları salınıb. Burada 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elektroenergetika sahəsində mühüm uğurlar əldə edilib. "Azərenerji" ASC bu istiqamətdə işləri uğurla davam etdirir. Bu günədək 14 su elektrik stansiyası istifadəyə verilib. Hazırda isə ümumi gücü təqribən 15 MVt olan dörd stansiya inşa olunur.

Dövlətimizin başçısı "Çiçəkli" Su Elektrik Stansiyasını işə saldı.



VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 975
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter