voicepress.az

SON DƏQİQƏ

Millət vəkili Biləsuvarda Şəhid Dəmirli Hüseyn Zeynal oğlunun anım mərasimində iştirak edib

5-04-2017, 15:10

Bu gün Biləsuvar rayonunda aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun müddətdən artıq hərbi xidmət qulluqçusu Dəmirli Hüseyn Zeynal oğlunun xatirəsi ehtiramla anıldı. Hüseyn Dəmirli 4 aprel 2016-cı il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
VOİCEPRESS xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Azərbaycan ordusunun zabitləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etdilər.
Mərasimdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Hüseyn Dəmirlinin xatirəsinin biləsuvarlıların qəlbində daima yaşayacağını bildirdi.
M.Quliyev ordumuzun aprel döyüşlərində qazandığı tarixi qələbədən danışaraq bildirdi ki, aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyi nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqında ruh yüksəkliyinin, vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha gördü. Ermənistan müharibə başlayacağı zaman onun necə bir güclü ordu ilə qarşılaşacağını dərk etdi. Azərbaycan hər an öz torpaqlarını cəmi bir neçə günə işğaldan azad edə bilər. Aprel döyüşləri bunu dünyaya göstərdi.Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuz dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Bizim ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı.
Xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daima dərin hörmətlə anacaqdır.Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır. Məhz bu qələbənin nəticəsində ordumuz bir sıra strateji yüksəklikləri və yaşayış məntəqəsini düşməndən azad etməklə üstünlüyü təmin etdi.Bu gün işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə abadlıq və quruculuq işləri aparılır.Əlbəttə bu böyük qayıdışın başlanğıcıdır.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bir daha torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət diləyərək, ailələrinə başsağlığı verdi.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirərək, dövlətimizin başçısı tərəfindən aparılan siyasət nəticəsində tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə inandıqlarını bildirdilər.
Sonra əsgər Dəmirli Hüseyn Zeynal oğlunun məzarı ziyarət olundu.




Şəhid anası


Titrək əllərinlə alıb şəklini
Ah çəkib ağlama, şəhid anası.
Dizlərin üstünə, əyib belini,
Selərtək çağlama, şəhid anası.

Baxırsan gəzdiyi cığıra, izə,
Quzu otardığı çəmən-düzə.
Yaralı könlünü hey üzə-üzə,
Dünyanı dağlama, şəhid anası.

Ruhu ildırımda, şimşəklərdədir,
Qarabağdan əsən küləklərdədir.
Həsrətli, ümidli ürəklərdədir,
Çox matəm saxlama, şəhid anası.

Nə deyim, nə yazım, qələmim donur?
İlhamın dünyası odlanır, yanır.
Sənin dözümündən yağılar sınır,
Qara şal bağlama, şəhid anası.

İlham İdrisoğlu



Aprel ayında

Coşub damarında qanı qaynadı,
Bu yurdda dənizin, hələ çayında,
Bir tarix yazıldı sinədə "Vərtən"-
Bu aprel ayında, aprel ayında.

İgidlər sarılıb, topa-gülləyə,
Qoymadı xalqımız qəddini əyə.
Al bayraq sancıldı "Lələ-təpəyə"-
Bu aprel ayında, aprel ayında.

Hər kəs bir şüarla, hər kəs bir səslə,
Çiçəklər bağlandı, hey dəstə-dəstə.
Şəhidlər doğuldu, zirvələr üstə,
Bu aprel ayında, aprel ayında.

Ana yurd vicdandır, ruhdur, ürəkdir,
Bir cüt gözümüzdə, torpaq bəbəkdir.
Türk oğlu vətəni göylərə çəkdi,
Bu aprel ayında, aprel ayında.

Qarabağ torpağa, daşa qayıdar,
Kəlbəcər, Zəngilan, Şuşa qayıdar.
Qayıdar nə varsa, qoşa qayıdar,
Bu aprel ayında, aprel ayında.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 391
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter