voicepress.az

SON DƏQİQƏ

Millət vəkilləri Qazaxda keçirilən vətənpərvərlik bayramında...

14-11-2017, 08:01



Müharibəyə cəlb edilmiş bir ölkədə bu gün hərbi vətənpərvərlik hisslərinin inkişaf etdirilməsinə və düzgün aşılanmasına daha ehtiyac olduğunu nəzərər alaraq, Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə milli-mənlik şüurunun və Vətənpərvərlik hisslərinin inkişafına təkan verir.
Düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu Vətənin müdafiəsi yolunda 283 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 7 kəndi bu gün də erməni işğalçılarının tapdağı altındadır. 5 kəndə isə düşmən tərəfindən mütəmadi olaraq atəş açılır.

Belə bir coğrafi şəraitdə yerləşən, 25 ildən çox bir vaxtda zorla müharibəyə cəlb edilən Qazax rayonunda vətənpərvərliklə əlaqədar tədbirlərin keçirilməsi zamanın tələbatından irəli gəlir. Qazax rayonunda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında ölkəmizdə ilk dəfə keçirilən kütləvi vətənpərvərlik tədbiri də bu məqsədi daşıyır.

Bu gün tədbirin keçirildiyi Heydər Əliyev adına parkda indiyə qədər görünməmiş bir canlanma var idi. İnsan selindən tərpənmək olmurdu. Böyükdən tutmuş uşağa qədər, ağsaqqalından tutmuş cavana qədər on minlərlə rayon sakini buraya toplaşmışdı. Toplaşmışdı ki, Vətən yolunda hər cür fədakarlığa, igidliyə hazır olduğunu, ordusuna arxa, dayaq durduğunu, xalqla ordunun bir olduğunu bir daha nümayiş etdirsin.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında keçirilən kütləvi vətənpərvərlik bayramında Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, istefada olan hərbçi, general-mayor Mahmud Həmzəyev, Azərbaycan Respublikası Müdafiə Nazirinin müşaviri Abdulla Qurbani, Milli Məclisin deputatları Ülviyyə xanım Ağayeva və Xanhüseyn Kazımlı, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov və başqaları iştirak edirdilər.

Tədbir iştirakçıları Fəxri qazaxlılar parkına gəldilər. Sonra Şəhidlər Xiyabbanına baş çəkərək memorialın önünə gül dəstələri qoydular və şəhidlərin əziz xatirələrini yad etdilər. Daha sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev parkına gələrək Ulu öndərin əziz xatirəsini yad edib abidəsi önünə gül çiçək dəstələri qoydular.

“Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında keçirilən tədbirin layihə rəhbəri Abdulla Qurbani tədbirin məqsəd və əhəmiyyətindən danışaraq mərasimi açıq elan etdi.

Ümummili lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu və Dövlət Himni səsləndi.
“Azərbaycan fanforası” hərbi orkestr tərəfindən ifa olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazax və qazaxlılar haqqında çıxışı monitor vasitəsilə nümayiş etdirildi.

Sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov təbrik nitqi ilə çıxış etdi. Bildirdi ki, hörmətli qonaqlar və Doğma Azərbaycanımızın “Qərb qapısı” Qazax rayonunda, Azərbaycan-Ermənistan sərhəddində Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən əziz əsgərlərimiz! Sizi və sizin timsalınızda Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini Qazax rayon İcra Hakimiyyətinin rəhbərliyi və Qazax ictimaiyyəti adından salamlayıram! Siz müasir müstəqil respublikamızın Milli Ordusunda – Azərbaycan Ordusunda Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edir, şərəfli, həm də çətin, məsuliyyətli xidmətinizdə qazandığınız uğur və nailiyyətlərlə ölkə rəhbərliyinin, qədirbilən xalqımızın, eləcə də öz valideynlərinizin etimadını doğruldursunuz.

Siz yaxşı bilirsiniz ki, 2018-ci ildə 100 illiyini dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd edəcəyimiz Azərbaycan Ordusu yarandığı gündən savaş meydanına atılaraq erməni-daşnak-bolşevik qüvvələrinə qarşı mübarizələrdə fədakarlıqlar göstərib. Ağır sınaqlardan çıxıb. Bu yolda neçə-neçə şəhid verib. Məhz bugünkü ordumuz Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun varisidir və bu varislik ənənələrinə həmişə sadiqdir. Ancaq hər kəs etiraf edər ki, bugünkü müasir Azərbaycan Ordusunun əsl qurucusu, memarı Azərbaycan dövlətinin müstəqilliyini bərpa etməsinə və onun inkişafına misilsiz töhfələr vermiş xalqımızın ümummilli lideri Heydər Əliyevdir.

Siyasi fəaliyyəti və təkrarolunmaz həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış Ulu Öndərimiz bütün sahələrdə olduğu kimi Azərbaycanın ordu quruculuğunda da yeni mərhələlərin əsasını qoymuşdur. Uzaqgörən dahi rəhbərimizin hələ ötən əsrin 70-ci illərində sovet sisteminin o zamankı tələbləri ilə uyğunlaşmayan təşəbbüs irəli sürərək indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratması tarixi hadisədir və Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, ölkəmiz yenidən erməni təcavüzü ilə üzləşəndə analoqsuz bu xüsusi təyinatlı təhsil ocağının nə qədər böyük əhəmiyyət kəsb etdiyini, düşünülmüş bir siyasət olduğunu hamı dərk etdi. Həqiqətən Ulu Öndərimizin yaratdığı bu məktəb olmasaydı, mütəşəkkil Milli Ordumuz haqqında danışmaq belə mümkün deyildi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev haqlı olaraq demişdir ki, müasir mütəşəkkil ordunu yaratmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan Ordusu qarşısında duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.

Ulu Öndərimiz dönə-dönə deyərdi ki, Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Milli Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların hər bir Azərbaycan vətəndaşının borcudur.

Qazaxın müdafiəsində dayanan igid oğullarımız, bütün xalqımız kimi hər bir qazaxlı da sizinlə fəxr edir. Siz gecə bilmədən, gündüz bilmədən, şaxta bilmədən, isti bilmədən, yağmur bilmədən torpaqlarımızın keşiyində ayıq-sayıq dayanırsınız. Düşmən təxribatlarının qarşısın mərdliklə alır, qətiyyətli hərəkətlərinizlə düşmənin layiqli dərsini verirsiniz. Sizin sayənizdə bölgədə sakitlikdir, əmin-amanlıqdır. İnsanlar qurub-yaradır, əkinçilər əkib-becərir, həyat öz axımında davam edir. Hətta düşmənin beş metrliyində kəndlərdə belə sizə güvənən əhali daim atəş altında yaşamasına baxmayaraq, öz yurd-yuvasını tərk etmir. Qazaxlılar öz ordusuna inandıqları, ona güvəndikləri kimi, əziz əsgərlər, siz də arxanızda möhkəm dayanan xalqı görüb, daha da ruhlanır, fərəhlənirsiniz. Bunu biz bilirik və yüksək dəyərləndiririk.

Rayon rəhbərliyi, Qazax ziyalıları, məktəblilər, iş adamları, yaradıcı insanlar hər dəfə sizinlə görüşəndə yeni bir mənzərənin şahidi olurlar. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində əsgəri xidmət üçün hər cür şərait yaradılıb. Yemək-içməyiniz, geyiminiz, silah-sursatınız, hərbi texnikalar ümumiyyətlə, maddi-texniki təchizat məsələləri yüksək səviyyədə həll olunur. Mənəvi-psixoloji hazırlığınız, döyüş ruhunuz, vətənpərvərlik hissiniz çox yüksəkdir. Eşq olsun sizlərə, əziz əsgərlərimiz! Vətənin, torpağın keşiyində daha cəsarətlə, daha mətinliklə durun. Biz sizə arxalanırıq. Unutmayın ki, xalqımız qədirbilən xalqdır, sizin şücaətlərinizi layiqincə qiymətləndirir və bundan sonra da qiymətləndirəcəkdir.

Əbədiyaşar Ali Baş Komandanımız Heydər Əliyevin 1994-cü ilin yanvarında yeni yaranan hərbi hissənin şəxsi heyətini cəbhəyə yola salarkən dediyi sözləri sizə bir daha xatırladıram. O vaxt Ulu Öndərimiz demişdir: “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmişsiniz...

Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə xidmət edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhərəmanlığından asılıdır”.

Əziz qardaşlar, Azərbaycanın hansı bölgəsində xidmət etməyinizdən asılı olmayaraq, siz yaxşı bilirsiniz ki, Vətənin quzeyi, güneyi olmur, Vətən vətəndir və onun hər bir vətəndaşı bu vətəni göz bəbəyi kimi qorumalı, yeri gələrsə uğrunda canından, qanından keçməyə hazır olmalıdır.

Hər biriniz yaxşı bilirsiniz ki, Qazax Azərbaycanın təbiət etibarilə füsünkar, tarixcə qədim məskənlərindən, elm, mədəniyyət, ədəbiyyat ocaqlarındandır. Bu diyara elə-belə, “Şairlər Vətəni” deməyiblər. Bir anlığa unudulmaz xalq şairimiz Səməd Vurğunun “Azərbaycan” şeirini yada salın. Ulu Öndərimiz Heydər Əliyevin həmin şeiri necə ürəkdən, qəhərlənərək söyləməsini xatırlayın. Bax, gərək siz də Azərbaycanımıza qəlbən belə bağlı olasınız. Vətənin hər qarışını övlad məhəbbəti ilə beləcə sevəsiniz və Azərbaycan uğrunda Ali Baş Komandanımızın istənilən əmrini hər an yerinə yetirməyə hazır olasınız. Biz bilirik ki, siz buna həmişə hazırsınız, siz Vətənin igid müdafiəçilərisiniz.

Qazaxlılar son illər ordu quruculuğunda uğurla aparılan islahatları diqqətlə izləyir və hər bir yenilik, hər bir uğurlu addım bizi ruhlandırır. Bəlkə də heç vaxt ordu ilə xalq indiki kimi həmrəy, sarsılmaz olmamışdır. Doğurdan da xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Bu birlik, bu həmrəylik bundan sonra da davam etdiriləcəkdir.
Vətən əsgəri! Qazaxlılar bu bərəkətli torpaqları əkib-becərdikləri kimi onu qorumağı da bacarırlar. Yadda saxlayın ki, sizin xidmət etdiyiniz hərbi hissə 1992-ci ildə məhz Qazax könüllülərinin özünümüdafiə taborunun bazasında yaranıb, formalaşıb.

Qazax rayonu Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə 280-ə yaxın şəhid verib, neçə-neçə eloğlumuz döyüşlərdə öz sağlamlığını itirib. Ancaq heç kim ruhdan düşməyib. “Vətən sağ olsun!” deyən şəhid valideynləri Şuşanın, Laçının, Xankəndinin və digər əzəli torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inanıblar.

2016-cı ilin aprel döyüşləri biz qazaxlılara da əsl qələbə sevincini yaşadıb. Həqiqətən də aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini göstərdi.

Bu döyüşlər zamanı təkcə Qazax rayonu 3 nəfər şəhid verdi. Xalq şəhidlərini böyük izdihamla son mənzilə yola saldı.
Qazax rayonu görkəmli sənətkarların beşiyi, qəhrəmanların diyarıdır. “Rus artilleriyasının Allahı” adlandırılan Əliağa Şıxlinski, ilk azərbaycanlı general topoqraf İbrahim ağa Vəkilov, ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbov, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev, Azərbaycanın Milli Qəhrəmanları Rafiq Alıcanov, Əjdər Babayev, Şamoy Çobanov, Aqil Musayev, Alı Mustafayev, Mərifət Nəsibov, Firuddin Şamoyev və neçə-neçə qəhrəmanlar bu torpaqdan – sənin keşiyində dayandığın Qazax rayonundan pərvazlanıblar. Qazax oğulları nəinki bu bölgədə, eləcə də Ağdərə, Tərtər, Ağdam, Goranboy, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa və digər rayonlar uğrunda da əsl fədakarlıq göstəriblər.

Əsgər oğullar, unutmayın ki, milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər də ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik!
Torpağı qorumasan, əkib-becərməyə, əkib-becərməsən qorumağa dəyməz. Ancaq yadınızda saxlayın ki, torpağın tarixinə bələd olmasan onu nə sevməyə, nə də qorumağa, əkib-becərməyə dəyməz.

Sizi boya-başa çatdıran valideynlərinizə minnətdarlığımızı bildirir və inanırıq ki, içdiyiniz hərbi anda sadiq qalaraq əsgəri xidmətinizi şərəflə başa vuracaq, Qazax səngərlərindən doğmalarınızın yanına alnıaçıq, üzüağ və qələbə ilə qayıdacaqsınız. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, əsgəri xidmətinizdə uğurlar və hər zaman qələbə sevinci arzulayıram.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, Silahlı Qüvvələrimizn dünyanın müasir texnika ilə təmin olunmuş ordularından biri olduğunu qeyd etdi. Bildirdi ki, bu gün ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazırdır və qadirdir.

R.Əliyev Müdafiə Nazirinin əmri ilə təltif olunmuş bir qrup Qazax sakininə xatirə mükafatlarını təqdim etdi. Mükafatlar Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsala, əməkdar müəllim Xatın Hüseynxanovaya, hərbi hissə komandiri Fuad Ələkbərova təqdim olundu.

Sonra meydana çıxan xüsusi təyinatlılar nəyə qadir olduqlarını nümayiş etdirdilər. Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında nümayiş olunan ədəbi-bədii xoreoqrafik kompozisiya tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılandı.

Hərbiçilərin oxuduğu “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” mahnısı tamaşaçılarda böyük qürur hissi oyatdı.
“Ali baş komandanın hər bir əmrinə hər an hazırıq” kompozisiyası öz mübarizliyi və vətənpərvərlik hisslərinin aşılanması nöqteyi-nəzərindən fərqləndi.
Qazaxlı Milli Qəhrəmanların meydana gəlişi tamaşaçılarda kədər qarışıq bir qürur hissi oyatdı. Aktyorların ifasında səhnəyə Milli Qəhrəmanlardan Rafiq Alıcanov, Əjdər Babayev, Şamoy Çobanov, Alı Mustafayev, Firuddin Şamoyev, Aqil Musayev, Mərifət Nəsibov gəldilər. Qaratel Hacımahmudova səhnəyə çıxaraq igidləri düşmən tapdağı altında olan Vətən torpaqlarını azad etməyə səslədi. Bir qədər sonra isə yaralı əsgər mahnı ifa edərək meydana çıxdı. Şair Barat Vüsal “Yarama torpaq tökün” şeirini ifa edərək əsgərin yarasına torpaq tökdü.

Hərbiçilərin ifasında səslənən “İlhamla gedirik gələcəyə biz” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Şəhid atasının dediyi “Lazım gələrsə döyüşə birinci mən gedərəm” sözləri izdihamda böyük bir coşqu yaratdı. “Dalğalanır ulu bayraq” mahnısının sədaları altında Qazaxdakı hərbi hissənin yaranmasının 25 illiyi qeyd olundu. Bu münasibətlə xidmətdə fərqlənən bir qrup əsgər və zabitə Qazax rayon İcra Hakimiyyətinin təsis etdiyi “Qazaxın müdafiəsində xidmətlərinə görə” medalları təqdim olundu. Medalları Rəcəb Babaşov təqdim etdi.
Sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Qazax – xidmət etdiyim diyar” kitabının ilk nüsxəsini general-mayor Rasim Əliyevə təqdim etdi. Qeyd olundu ki, bu kitab Qazaxda hərbi xidmətdə olan əsgərlərə veriləcəkdir.

Sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin Aprel döyüşləri ilə əlaqədar çıxışı monitor vasitəsilə təqdim olundu.
Tədbir Silahlı Qüvvələrin mahnı ansamblının ifasında səslənən “Biz gedirik Qarabağa” mahnısı ilə başa çatdı.


VOİCEPRESS.AZ








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 7 056
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter