voicepress.az

SON DƏQİQƏ

“İdaretmə aparatı çox şişmişdi” - Deputat Prezidentin son islahatlarını yüksək dəyərləndirdi

18-01-2019, 10:34

“İdaretmə aparatı çox şişmişdi” - Deputat Prezidentin son islahatlarını yüksək dəyərləndirdi

Prezident İlham Əliyev yanvarın 14-də Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, 3 dövlət qurumu ləğv edilib: bunlar Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzidir.

Bildiyimiz kimi, dövlət büdcəsindən də bu qurumlara vəsait ayrılıb. Ləğv prosesindən sonra həmin vəsaitin taleyi necə olacaq? Həmin vəsait hansı sahələrə yönləndirilə bilər?

VOİCEPRESS.AZ-ın verdiyi məlumata görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a bildirib ki, 2014-cü ilin ortalarından neftin qiymətinin kəskin surətdə aşağı düşməsi və 2015-ci ildə yaşanılan iki şok devalvasiya nəticəsində Azərbaycan iqtisadiyyatı resessiya və durğunluq halı keçirdikdən sonra 2018-ci ildən yenidən artım mərhələsinə keçib.

“Amma həm Azərbaycan hökumətinin, həm də beynəlxalq iqtisadi qurumların proqnozlarına görə, orta perspektivdə Azərbaycan iqtisadiyyatı dünyanın və inkişaf etməkdə olan, eləcə də region ölkələrinin orta illik artım templərindən aşağı səviyyədə, yəni yavaşımış iqtisadi artım trayektoriyasına keçir. Buna baxmayaraq, ölkəmizin potensialı 2020-ci ildən və uzağı ondan sonrakı ildən yenidən sürətli artım trayektoriyasına keçməyə imkan verir. Bu imkanların dolğun şəkildə gerçəkləşdirilmsinin qarşısında duran çoxsaylı problemlərin içərisində idarəetmə sisteminin müasir tələblərə cavab verməməsi xüsusi aktuallıq kəsb edir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində xüsusi vurğulayıb ki, “... idarəetmədə struktur köhnəlib. Daha çevik, daha yığcam, daha məqsədyönlü yeni idarəetmə strukturu olmalıdır. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər””.

Deputat qeyd edib ki, idaretmə aparatı həqiqətən də çox şişirdilib və hazırkı mərhələdə səmərəli işləmək imkanları tükənib:

“2019-cu ilin büdcə xərclərində ümumi dövlət xidmətləri üzrə xərclər 3,9 milyard manata çatıb ki, bu da müdafiə xərclərindən 13 faiz, təhsil xərclərindən 70 faiz, sosial müdafiə, sosial təminat xərclərindən 48 faiz, səhiyyə xərclərindən 3,7 dəfə çoxdur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədilə həyata keçirdiyi islahat xarakterli addımları müsbət qiymətləndiririk. Əgər eyni funksiyanı yerinə yetirən bir neçə qurum varsa, paralelçilik aradan qaldırılmalıdır. Bir-birinə yaxın olan qurumları birləşdirmək lazımdır. Lüzumsuz strukturların ləğvı isə labüddür”.

Əli Məsimli bildirib ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Bilik Fondu və Strateji Araşdırmalar Mərkəzinin ləğvi büdcəyə cəmi 8 milyon manata yaxın qənaət gətirəcək:

“Bu, 2019-cu ilin 25 milyard manatdan artıq xərcləri olan büdcə xərclərinin cəmi 0,03 faizi qədərdir. Ona görə də hələlik sözügedən addımları yalnız bu yöndə büdcə vəsaitinə qənaətin başlanğıcı kimi dəyərləndirmək olar. Ona görə də sualınıza cavab olaraq qeyd edim ki, həmin tədbirlər böyük məbləğdə qənaət gətirməyəcək ki, onun başqa yöndə xərclənməsinə ciddi baş sındırmaq lazım gəlsin. Əgər nəzərə alsaq ki, praktikada hələ ki, büdcə xərclərinin 100 faiz icra edilmsi halı olmayıb, bu haqda düşünməyə ehtiyac yox.. həmin 8 milyon manat hər büdcə ilində qənaət olunan vəsaitə qarışacaq... Amma dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması işi davam etdirildikcə, dövlət büdcəsi vəsaitinə bu yöndə edilən qənaətin də məbləği artacaq və nəticədə struktur islahatları daha çox büdcə vəsaitinə qənaət etməyə imkan verəcək. Bunu dolğun şəkildə reallaşdırmaqdan ötrü isə obyektiv araşdırmalar aparıb, optimal variantda həlli vacib olan xeyli ciddi problemlərin həllində nəzərəçarpan irəliləyişlərə nail olmaq lazımdır.
Həyata keçirilən struktur islahatlarının səmərəlilik dərəcəsini artırmaqdan ötrü, obyektiv təlabata çevrilən şərtlər içərisində bu addımların cəmiyyət həyatının bütün tərəflərini əhatə etməsi, kompleks xarakter daşıması vacibdir. İdarəetmənin strukturunun təkmilləşdirilməsinə yönəlik islahatlar iqtisadi azadlıqların və şəffaflığın artırılması, ictimai nəzarətə geniş meydan verən və cəmiyyət həyatının bütün sahələrinədə korrupsiyaya, inhisarçılığa, məmur özbaşınalıqlarına və bunlardan doğan talançılığa son qoymağa yönəlmiş köklü idəyişikliklərlə əlaqəli şəkildə həyata keçirilməlidir. Həmin addımların gözləntiləri daha dolğun və səmərəli olsun deyə, Azərbaycanın yeni iqtisadi modelinə uyğun vahid strategiya əsasında həyata keçirilməsi çox zəruridir”.










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 608
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter