voicepress.az

SON DƏQİQƏ

Yerli istehsal və ixracatın stimullaşdırılması

27-06-2017, 10:24

Milli ixracatın transformasiyası

90-cı illərin əvvəllərində ölkədə istehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər və maddi vəziyyyəti ağır olan sosial təbəqəyə güzəştlər, xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından inflyasiyanın daha da sürətləndirmişdi. Belə bir dövrdə Azərbaycan Respublikasının mərhum Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti, Cənab İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyəti etibarı ilə yeni Azərbaycan modelini yaratmasına şərait yaratdı.

Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı iqtisadi-siyasi əhəmiyyətli strateji konsepsiyalar həyata keçirildi. Bu konsepsiyalar isə mahiyyət baxımından ölkədə yerli istehsalatın inkişafı və “Made in Azeirbaijan” brendinin dünya miqyasında tanıdılmasına öz tövhəsini vermiş oldu.

Bu gün iqtisadi inkişaf tempinə uyğun olaraq demək olar ki, yerli istehsalat sahəsinin inkişafı uzunömürlü iqtisadi prespektivin baris nümunəsidir. Yerli istehsalatın inkişafı əslində beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi üçün real inteqrasiya prosesidir. Çünki yerli istehsal mallarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsal və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin yaradılması ölkə iqtisadiyyatının əsas mahiyyətini təşkil edir. Son illər ərzində ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi hesab edilən qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunmuş, rəqabət qabiliyyətli və ixrac potensialı yüksək olan məhsulların istehsal sahəsini genişləndirmişdi.

Etiraf etmək gərəkir ki, bu gün ixrac yönümlü iqtisadi model əsas götürülərək yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya mühüm məqsəd kimi müəyyən olunmaqdadır. Belə olan halda isə əsas vəzifələrdən biri qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla onun ixrac imkanlarını genişləndirmək daha məqsədə uyğun hesab edilir. Yəni bir sıra aparıcı dövlətlərin inkişaf edən iqtisadi dövlət siyasətinə əsaslanaraq demək olar ki, bir dövlətin öz brendini və istehsalat mallarını böyük iqtisadi arenalarda layiqincə təmsil edə bilməsi böyük iqtisadi-siyasi uğurdur.




“Made in Azerbaijan” brendinə təlabat

Ölkə rəhbərliyi “Made in Azerbaijan” brendinin dünya miqyasında satışını gerçəkləşdirmək və bu brendin tanıdılması baxımından Azərbaycanda bu sahədə çox böyük islahatlar həyata keçirir. Çünki yerli məhsulların dünya bazarına çıxarılması üçün brend olması önəmlidir. Nəzərə alsaq ki, ökədə qeyri-neft sektorunda ixrac imkanlarının artırılması tələb olunur, bu gün Azərbaycan brendinin dünya miqyasında tanınması beynəlxalq iqtisadi inteqrasiya adına çox önəmlidir. Etiraf etmək gərəkir ki, bu gün yeni tikilən müəssisələrin məhsullarının ixrac imkanları olduqca geniş və çoxşaxəlidir.
Sadəcə əsas məsələ istehsal olunan malın brend olaraq tanınması üçün onun hər hansı fərqləndirici özəlliyə sahib olmasıdır.
“Made in Azeirbaijan” brendi - əslində məhsulun Azərbaycanda istehsal olunmasını sübut edən təqdimat olmaqla yanaşı, istehsalçının bu brend ilə müştəriyə verdiyi zəmanət və ya keyfiyyət baxımından verdiyi bir vəddir. Buna görə də, “Made in Azeirbaijan” brendinin dünya miqyasında tanınması, əslində birbaşa olaraq ayrı-ayrı istehsalçıların istehlakçılara verdikləri vədi doğrultmalarından asılıdır.
Bu gün dünya iqtisadi arenasında yerli istehsalat mallarının marketinq prinsiplərinə əsasən uğur əldə etməyin yeganə yolu hansısa bazara fokuslanmaqdır. Bir bazarı götürüb oradan dünyaya çıxmaq daha məqsədəuyğun hesab edilir. Çünki dünya praktikasına görə, müştərinin beyninində məhsulun yer tutması üçün həmin sektorda rəqiblərlə müştərilərin analizi aparıldıqdan sonra müştəriyə tam fərqli, özəl bir vəd verilməsi mümkün olur. O vədi yerinə yetirməklə isə brend özü-özünü formalaşdırmağa müvəffəq olur. Bu baxımdan, məhsul brend kimi ilk olaraq yerli bazarda özünü doğrultmalı, daha sonra xarici bazara çıxmasına izin verilməlidir. Çünki daxili bazarda uğur qazanmayan, qəbul edilməyən məhsul, xarici bazarda da qələbə qazana bilməz.
Bu gün Azərbaycan kənd təsərrüfatı məhsulları ilə yanaşı, ayrı-ayrı istehsalat məhsullarının, da xarici bazarlara çıxarılmasına müvəffəq olub. Bu müvəffəqiyyət isə geniş istehlakçı auditoriyası tərəfindən yerli məhsulun istehsal olunmasına böyük təlabatın olmasını sübut etmiş olur.


Azərbaycan istehsalı məhsulları dünya ölkələrində tələb olunan brend kimi

Bu gün Azərbaycan şampanı, Azərbaycan konyakı, Azərbaycan çayı və Azərbaycanın “Ulduz” fabrikinin istehsalı olan şirniyyatlarına nəinki MDB məkanında, eyni zamanda Avropa ölkələrində də, xüsusi təlabata ehtiyacın olması Azərbaycanın çox kiçik zaman kəsiyində “Made in Azeirbaijan” brendinin dünya miqyasında tanıdılması fonunda əldə etdiyi əvəzsiz xidmətlərlərinin tövhəsidir. Çünki bu özü-özlüyndə Azərbaycan məhsulunun artıq sistemləşdirilmiş formada Azərbaycan brendi olaraq dünyaya tanıdılmasından xəbər verir. Belə ki, əgər Azərbaycan istehsalı olan şokalad məhsulu bu gün Rusiya, Türkiyə, Almaniya, Hollandiya və BƏƏ-in bazarlarına çıxış əldə etməyə nail olubsa, tezliklə “Made in Azeirbaijan” brendi altında istehsal olunan şirniyyat məhsullarının şokaladın vətəni hesab edilən İsveçrədə də, maraq doğuracağına şübhə yoxdur. Çünki dünya miqyasında “Made in Azerbaijan” brendi altında Azərbaycan şirniyyatlarını tanıtmağa müvəffəq olmuş "Veysəloğlu” Şirkətlər Qrupu Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənmiş və “Ulduz” şirniyyat fabrikində yeni müasir avadanlıqlarla dünya bazarı standartlarına cavab verən məhsul istehsal etməkdədir. Bu tendensiya isə Azərbaycan iqtisadiyyatının interqasiyasına gərəkən şəraiti yaratmış olur.


Xanhüseyn Kazımlı: "Ölkəmizə əlavə valyuta gətirə biləcək məhsulların ixracına önəm verilməlidir"


"İstehsal olunan məhsulların ixracının stimullaşdırılması ölkəyə əlavə valyuta gətirə bilər". Bu sözləri millət vəkili, UNEC-in iqtisadçı professoru Xanhüseyn Kazımlı məsələ ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bu gün ölkəmizə əlavə valyuta gətirə biləcək məhsulların ixracına önəm verilməlidir: "Bu gün dünyanın aparıcı iqtisadi inkişafına malik ölkələrin praktikasına əsaslanaraq, demək olar ki, “Made in Azerbaijan” brendinin tanınması və ixracın artırılması üçün rəqabətədavamlı məhsul istehsal edilməlidir. Belə ki, istehsal edilən məhsulun qiyməti, keyfiyyəti, rəqabətədavamlı olması və ən əsası cəlbedicilik qabiliyyəti olmalıdır. Dünya bazarı rəqabətə davamlı məhsulların üzünə açıqdır. Əfsuslar olsun ki, bu gün rəqabətə davamlılıq məsələsi isə hələki dəf edilməmiş maneə olaraq qalmaqdadır. Çünki, ən yaxşı istehsalat məhsulunun bir yox, bir neçə istehsalçı tərəfindən istehsal olunmasına şərait yaradılmalıdır. Cəmiyyətə seçim edə bilməsi üçün bir neçə alternativ variant təklif olunmalıdır. Rəqabətə davamlılıq istehsalatın davamlı inkişafla istehlakçının maraqlarına cavab verməsi üçün səy göstərmək deməkdir. Dünya praktikasına zidd olsa da, bəzi hallarda rəqabətə davamlılıq bir məhsulun istehsalı ilə yalnız bir istehsalçının məşqul ola bilməsi kimi anlayışın formalaşması halları ilə müşahidə olunur. Bu tendensiya isə məhsulun ölkə daxilində rəqabətə davamlılıq sınağından çıxması üçün gərəkən şəraiti yaratmamış olur. Rəqabət olmadığı təqdirdə sınanmamış məhsulun “Made in Azeirbaijan” brendi altında satışına yol vermək məhsulun ixracat potensialına heç də yaxşı təsir bağışlamır. Digər tərəfdən bu gün aparıcı dövlətlərin ixracat potensialı ilə müqayisə etdikdə, Azərbaycan iqtisadi platformasında istehsal olunan məhsulun ixracı ilə bağlı müvafiq marketinq işlərinin gücləndiriməsinə də, ehtiyac olduğunu vurğulamaq gərəkir".






Ülkər Musazadə


Yazı "Azərbaycan Mətbuat Şurası və "Veysəloğlu” Şirkətlər Qrupunun "İqtisadi islahatlar və
qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusundakı müsabiqəsinə təqdim olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 531
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter