voicepress.az

SON DƏQİQƏ

Xanhüseyn Kazımlı: “Xarici bazarlarda ölkəyə xarici valyuta gətirə bilən məhsulların satışına nail olmaq üçün ixracımızı diversifikasiyalaşdırmalıyıq”

27-03-2017, 08:21

“Enerjidaşıyıcılarının ixracından əldə olunan dollarlardan asılılığımızı minimuma endirmək lazımdır...”

“Yeni iqtisadi inkişaf modelinə keçmək zərurəti son 2 ildə olduqca aktuallaşıb...”


“Bu gün dünya iqtisadiyyatında birmənalı olaraq deyə bilmərik ki, böhran hökm sürür”. Bunu VOİCEPRESS-ə açıqlamasında UNEC professoru, millət vəkili Xanhüseyn Kazımlı mövcud iqtisadi böhrandan çıxış yolları ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, qlobal iqtisadiyyatın aparıcı ölkələrindən olan bəzilərinin real iqtisadi artım tempində durğunluq hökm sürür: “ Bu isə nə qədər qəribə görünsə də, dünyanın bir nömrəli iqtisadi gücü sayılan ABŞ iqtisadiyyatının yüksəliş dövründə olduğu bir zamanda baş verir ki, bu da təsadüfi deyil. Çünki real mənzərədə bir qanunauyğunluq vardır. Belə ki, Amerika iqtisadiyyatı inkişafda və artımda olduğu zaman dollar həmişə möhkəmlənməli olur.


ABŞ dollarının möhkəmlənməsi isə bir sıra strateji məhsulların dəyərini istər-istəməz ucuzlaşdırır. Bu sıraya başda xam neft olmaqla, enerji daşıyıcıları daxildir. Sözügedən məhsulların ucuzlaşması isə ixracı və dövlət gəlirləri bunlardan asılı olan ölkələrin iqtisadi vəziyyətlərini avtomatik olaraq pisləşdirir. Çünki dünya ölkələri iqtisadi cəhətdən 2 yerə bölünürlər: istehsalçı və xammal ölkələrinə...

Təəssüf ki, Azərbaycan da məhz ikinci ölkələr sırasına daxildir. Odur ki, ölkəmiz 2014-cü ilin yayından bəri neftin qiymətinin enməsindən böyük əziyyət çəkir. Ona görə də, deyirik ki, bizdə iqtisadi böhran hökm sürür. Halbuki, qlobal nöqteyi-nəzərdən götürdükdə isə, əslində, tam olaraq belə bir şey mövcud deyil. Bəs, bu vəziyyətdən necə çıxmaq olar ?!. Bu, mümkündürmü?!. Bəli, mümkündür... Bunun əsas çıxış yolu məhz ondan ibarətdir ki, Azərbaycan qlobal iqtisadiyyatda gedən neqativ təsirlərdən heç olmasa 50 % yaxa qurtara bilsin. Yəni, enerjidaşıyıcılarının dünya bazar qiymətlərinin dinamikasından bacardıqca asılı vəziyyətdə olmasın. Bu, çox ciddi məsələ olduğu kimi, eyni zamanda da, həlli də vacibdir. Ancaq buna qısa müddətdə nail olmaq əsla, mümkün deyil.

Başqa sözlə desəm, zaman lazımdır. İlk növbədə xarici bazarlarda ölkəyə xarici valyuta gətirə bilən məhsulların satışına nail olmaq üçün ixracımızı diversifikasiyalaşdırmalıyıq. Yəni, enerjidaşıyıcılarının ixracından əldə olunan dollarlardan asılılığımızı minimuma endirmək lazımdır.

Bu isə qeyri-neft sektorunun inkişafını tələb edir. Bu mənada, Prezidentin 6 dekabr 2016-cı il tarixində imzaladağı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərman ölkəmizin yaranmış yeni iqtisadi situasiyası ilə əlaqədar seçməli olduğu növbəti inkişaf modelinin bir növ bünövrə mexanizmini müəyyən edir ki, buna böyük ümid var. Fərmanda yazılıb ki, son dövrlərdə regionda və qlobal iqtisadiyyatda gedən proseslər, xüsusən neft gəlirlərinin azalması, xarici iqtisadi mühitin getdikcə mürəkkəb xarakter alması ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyini sarsıdıb. Odur ki, dünyada cərəyan edən bu tendensiyaya uyğun olaraq, ortaya çıxan tələblərə uyğunlaşmaq və qlobal iqtisadi böhran şəraitində ölkəmizin ziyan çəkməməsi, yaxud, minimum təsirlə ötüşməsi məqsədilə həyata keçirilən iqtisadi islahatların strateji hədəflərinə uyğun olaraq, sistem xarakterli bir sıra tədbirlərə ehtiyac yaranıb. Bu tədbirlər sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında müəyyən bağlılıq və qarşılıqlı uzlaşma yaratmalı, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşması işinə yardım etməlidir.

Məsələ bundadır ki, məlum olduğu kimi, neftin dünya bazar qiymətlərinin əlverişsiz səviyyəyə enməsi, o cümlədən, ölkəmizdə neft hasilatının getdikcə azalması ilə əlaqədar olaraq, yeni iqtisadi inkişaf modelinə keçmək zərurəti son 2 ildə aktuallaşıb. O səbəbdən də, bu ilin əvvəlindən məsələ prioritet seçilib. Yəni, demək istədiyim budur ki, bəzilərinin söylədiklərinin əksinə olaraq, hökumət yeni iqtisadi inkişaf modelinə keçməyin zəruri olduğunu əslində, çoxdan dərk edirdi. Və qeyri-neft sektorunun inkişafı əslində, hələ illər öncədən prioritet seçilmişdi. Lakin, postneft dövrünün belə tez yetişəcəyi gözlənilmirdi. Bu, rəsmi sürətdə də, açıq etiraf edilmişdi. Belə ki, hökumət əsasən, 2020-ci ildən sonrakı dövrü hədəf götürmüşdü.

Ancaq təəssüf ki, bir sıra qlobal siyasi səbəblər - intriqa və problemlər üzündən sözügedən vəziyyət tez yetişdi. Başqa sözlə desək, hökumət postneft dövrü ilə gözlədiyindən 4-5 il tez üzləşdi. Ümumiyyətlə, ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, habelə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində həmişə mərkəzi yer tutub. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmana gəldikdə isə, o, ölkəmizin yaranmış yeni iqtisadi situasiya ilə əlaqədar seçməli olduğu növbəti inkişaf modelinin bir növ bünövrə mexanizmini müəyyən edir. Ümumiyyətlə, sözügedən strategiyanın əhəmiyyəti ondan ibarətdir ki, bundan sonra bütün atılacaq müvafiq zəruri addımlar və tədbirlər, o cümlədən görüləcək işlər, imzalanacaq hər bir sənəd məhz göstərilən sahələr və istiqamətlər üzlə hazırlanmış strateji yol xəritələrinə uyğun olacaq. Hesab edirəm ki, bu da hədəfə çatmaq üçün məqsədəuyğun və əhəmiyyətli xarakter daşıyacaq”.





Ü. Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 797
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter