voicepress.az

SON DƏQİQƏ

Zabitimizi vurmağı erməni snayperinə kim ƏMR ETMİŞDİ...

2-06-2019, 09:50

Zabitimizi vurmağı erməni snayperinə kim ƏMR ETMİŞDİ...

Nazim Bayram
keçmiş hərbçi


Təmas xəttində qarşı tərəflərin elə sahələri var ki, snayperlər o sahələri "pristrelka" ediblər. Yəni snayper öz silahı ilə o yeri bəribaşdan nişanlayıb atır, əmin olanda ki, atdığı güllə hədəfi vuracaq, durduğu atəş nöqtəsini və nişangahın göstəricilərini, küləyin səmtini və sürətini, hava temperaturunu, güllənin markirovkasını iş dəftərində qeyd edib, saxlayır. Vaxtı gəlməyincə, canlı hədəfi vurmur ki, qarşı tərəfi vaxtından əvvəl "ayıltmasın" (qarşı tərəf bilməsin ki, bura dəqiq atəşə tutulur). Yalnız komanda veriləndə, snayper dəftərində qeyd etdiyi atəş mövqeyinə çıxır və göstəriciləri nəzərə alaraq, canlı hədəfə atəş açır.

Bu, o cümlədən, bizdə 25 ildir davam edən "snayper müharibəsi”nin praktikasıdır. Bunu bilmək üçün mütləq hərbçi olmaq tələb olunmur. 30 ilə yaxındır (nominal da olsa) müharibə şəraitində yaşayan xalq müharibə ilə maraqlansaydı, bunu çoxdan hər kəs bilərdi. Hər halda yüksək baxış reytinqi olan serialların dolaşıq süjetlərindən ya "maşın-şou”dakı intriqalardan daha çətin qavranan bir şey deyil.

Gəlin "snayper müharibəsi" mövzusuna marağımızın olmamasını, hərbi xidmətdən qayıdan övlad və qardaşlarımızdan orduda yeyib-içməyindən, isti-soyuğundan, yatıb-durmasından başqa heç nə ilə maraqlanmamağımızı da kollektiv mehriban xorla hökümətin üstünə yıxıb, keçək əsas mətləbə.

Bu yaxınlarda Paşinyan bəyan etmişdi ki, "...təhlillərim göstərir ki, "Arstax" hakimiyətində olan gizli qrup müharibənin başlanması məqsədilə təxribat törədib, müəyyən əraziləri təhvil verib, baş verənlərin məsuliyətini Ermənistan hökümətinin üzərinə qoya bilər...".

Obyektiv təhlil də göstərir ki, Paşinyan hazırda müharibənin baş verməsində bir çox əsaslı səbəblərdən maraqlı deyil. İlk növbədə hələ hakimiyətini möhkəmləndirməyə çalışır. Lakin Dağlıq Qarabağın separatçı rejimi cəbhə xəttindəki vəziyyəti kəskinləşməkdə maraqlıdır, çünki hərbi vəziyətin gərginləşməsi dərinləşən ciddi daxili parçalanma (hayastanlılarla qarabağlıların qarşıdurması) prosesini dayandıra və erməni cəmiyətini birləşdirən yeganə konsolidasiya rolunu oynaya bilər. Bununla da “Qarabağ klanı” və "müharibə şahinləri" itirməkdə olduqları siyasi mövqelərini qaytarmaq, möhkəmləndirmək və siyasətdə yenidən söz sahibi olmaq şansını qazana bilərlər. Snayperə atəş komandasının verilməsi məhz bununla izah oluna bilər. Qalanı işin (yuxarıda göstərdiyim) texniki tərəfidir.

Bu təxribatın həyata keçirilməsində düşmən müşahidə kameralarından istifadə edib. Kənardan müşahidə ilə rəisin gəlişini müəyyən etmək çətin deyil. Adətən, rəisi görən kimi tabeçiliyində olan komandir (bütün orduların Nizamnamələrinə uyğun) ona yüyürə-yüyürə yaxınlaşıb, hərbi salam verib, məruzə edir. Bununla üst komandirin gəlməsi kənardan görünür. Ermənilər o ərazini müşahidə ediblər və hədəfləri məhz üst komandir olub. Bu isə hansısa əsgərin atəşkəsi özbaşına pozmamasını, hadisənin düşünülmüş təxribat olduğunu göstərir. Müharibəyə hazırlaşan cəmiyətin ilk növbədə bilməli və anlamalı olduğu bunlardır.

Döyüş şəraitində itkilər qaçılmazdır. Öz Şəhid zabitində səhv axtarmaq, qətlə yetirilməsində onu düşmənlə şərik etmək, Şəhidin həlak olması şəraiti barədə sosial şəbəkədə özündən "xidməti təhqiqat" improvizə etmək isə monitor qarşısında çox oturmaqdan "damarı boşalmış", yaxud bəlli korporativ maraqları təmin etmək üçün xüsusi canfəşanlıq göstərən bəzi "tanınmış hərbi ekspertlərin" öz qapımıza qol vurmalarıdır və Şəhidin ruhuna qarşı qeyri-etik davranışdır. Çünki həlak olmuş hərbi qulluqçunun hətta səhvi olubsa belə, o, bunun bədəlini öz həyatı ilə ödəyib. Belə səhvlər aidiyatlı qurum tərəfindən müəyyən olunur, təhlil olunur və əsasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında orduya müvafiq əmrlər və direktivlər verilir.

Allah mayor Aqil Ömərova rəhmət eləsin.

Dünən xəbər gəldi ki, onun qisası qismən də olsa, alındı- düşmən əsgəri Melkonyan məhv edilib.
Aqil Ömərovun nəsli oğlanları ilə davam edəcək. Allah onları atalarına layiq övladlar etsin.
19 yaşlı Melkonyanın isə nəsli kəsildi.







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 526
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter