Putinin qalxanabənzər vəzi xərçəngindən əməliyyat olunacağı iddiası irəli sürüldü

6 May, 17:28

ABŞ və İngiltərə mətbuatı Rusiya prezidenti Vladimir Putinin xərçəngdən əməliyyat olunacağı iddiasını irəli sürüb.

 Voicepress.az ABŞ mediasına istinadən xəbər verir ki, iddianın mənbəyi kimi Rusiyanın “General SVR” Telegram kanalı göstərilib. General SVR iddia edir ki, əməliyyat Putinin “qısa müddətə” hakimiyyətdən kənarlaşmasına səbəb ola bilər və bu müddətdə o, hakimiyyəti köməkçisinə təhvil verəcək.

Putinin səhhətinin pis olması ilə bağlı heç bir rəsmi təsdiq olmasa da  69 yaşlı Putinin titrəməsi, ləng hərəkəti və şişkin görüntüsünün əks olunduğu son video və fotoları şərh edən ekspertlər onun Parkinson və ya xərçəng də daxil olmaqla bir neçə xəstəlikdən əziyyət çəkə biləcəyini iddia ediblər.

Putinin səhhəti ilə bağlı ən son iddia Rusiya Xarici Kəşfiyyat İdarəsinin (SVR) keçmiş general-leytenantı tərəfindən idarə edildiyi iddia edilən Telegram kanalında “Viktor Mixayloviç” təxəllüslü şəxs tərəfindən irəli sürülüb. Kanalda Putinin qalxanabənzər vəzinin xərçəngindən əziyyət çəkdiyi bildirilib.

“New York Post”un məlumatına görə, telekanalda yayılan videoda iddia olunur ki, Putin bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının yaxın köməkçisi və katibi Nikolay Patruşevlə iki saatlıq “üz-üzə” görüş keçirib.

Brüsseldəki Rusiya Avropa Asiya Araşdırmaları Mərkəzinin (CREAS) təsisçisi və direktoru Tereza Fallon deyib: “Mən deyərdim ki, Putinin səhhəti ilə bağlı çoxlu spekulyasiyalar olub. Putin həmişə onun canlılığını və gücünü vurğulamağa çalışıb. “Bu, Kreml tərəfindən illər boyu işlənib hazırlanmış güclü adam formatına uyğun gəlmir. Məni təəccübləndirir ki, həqiqətən də pərdə arxasında başqa bir şey varmı”.

Digər tərəfdən, Rusiya prezidentinin çox xəstə olduğu iddialarından sonra fevralın ortalarında keçirilən görüşdə Putinin Belarus lideri Aleksandr Lukaşenkonu qarşılayarkən titrədiyi əks olunan görüntülər yenidən gündəmə gəlib.

Keçən ay başqa bir videoda Putin görüşə əyləşən kimi sağ əli ilə masanın küncündən tutduğunu və 12 dəqiqə titrəməsini dayandıra bilmədiyi açıqlanıb.

Digər tərəfdən, “Russias Crony Capitalism” kitabının müəllifi Anders Aslund “The Independent”ə deyib ki, Putinin səhhətilə bağlı General SVR-ə ötürülən xəbərlərə göz yummamaq lazımdır: “Putin çox fərqli görünür, o, sağlam deyil. General SVR-nin bütün iddiaları doğru deyil, lakin bəziləri doğru olmağa meyllidir. Roman Badanin və bir qrup rusiyalı araşdırmaçı jurnalist Putinin doqquz həkimlə səyahət etdiyini, onlardan birinin qalxanabənzər vəzi xərçəngi mütəxxəsisi olduğunu göstərən görüntü yayıblar.”

Rusiyalı jurnalist Badanin və komandası, qalxanabənzər vəzi xərçəngi mütəxəssisinin Putini görmək üçün 35 dəfə səfər etdiyini və 4 il ərzində onunla 166 gün keçirdiyini izah edən məqalə yazıb.

Qeyd edək ki, Kreml və Putin səhhətində ciddi problemlər barədə xəbərləri dəfələrlə təkzib ediblər. Bu ayın əvvəlində Kremlin sözçüsü Dmitri Peskov Putinin qalxanabənzər vəzi xərçəngindən əməliyyat olunduğunu təkzib edib və Prezidentin səhhətinin “əla” olduğunu və soyuqdəymədən başqa heç bir ciddi xəstəliklə mübarizə aparmadığını deyib.

\voicepress.az\