Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev Diaspora Komitəsinin 23 apreldə Şuşada keçirəcəyi qurultayı qanunsuz adlandırıb.
Voicepress.az xəbər verir ki, şəxsi facebook səhifəsində dövlət qurumunun hərhansı bir qurultay keçirmək səlahiyyətinin olmadığını bildirib: “Dövlət qurumunun qurultay keçirmə səlahiyyətinə sahib olduğunu düşünmürəm. Qurultayı təşkil edə bilər ictimai qurumlar, siyasi partiyalar və sair.
İllərdir yalnış bir ənənə var, Diaspora Komitəsi qurultay təşkil edir və özünə yaxın hesab etdiyi şəxsləri, ağına, qarasına baxmadan, keçmiş və ya bugünkü fəaliyyətlərinə bələd olmadan kimi “dost” hesab edirlərsə onlara medal paylayır, qurultaya, konfrans və toplantılarına bəh bəhlə dəvət edirlər.
Məlumatıma görə onlarla hətta yüzlərlə haqqı olan şəxslər bu qurultaydan kənar qalıblar. Bakıda təşkil edilən qurultay qaldı bir kənarda indi də başlayıblar Azərbaycan insanı üçün həssas nöqtə olan Şuşa adı ilə vurmağa.
Niyə bu adlarla oyun oynayırsız? Niyə insanların qələbə sevinclərinə zərbə vurursuz? Və ən nəhayət niyə dövlətçilik xəttində olan, öz vətəninə səmimi şəkildə xidmət edənləri dünyanın harasında yaşamasından aslı olmayaraq ölkə başçısını müdafiə edənləri küsdürürsiz? Kim bu haqqı verib sizə?”
Rəşad Quliyev həmçinin qeyd edib ki, Diaspora Komitəsi illərdir “dost-tanış” ənənəsi ilə fəaliyyət göstərir və tutduqları bu yol xarici ölkələrdə yaşayan, Azərbaycana xidmət edən insanlar arasında nifaq toxumu səpməkdən başqa heç bir işə yaramır:
“Bu gün Diaspora Komitəsində dost tanış zəngi, xahişi ilə işə düzələnlər bu insanların fəaliyyətinə qiymət verə bilməz, vermə haqqında sahib deyillər. Mənə elə gəlir ki,bu insanlar bu gün gördükləri işin mahiyyətini belə dərk etmirlər!
İnsan çevrəsindən haqsızlıq görüb inciyə bilər , vay o gündən ki, insan dövlətindən haqsızlıq görüb inciyə!
Niyə orda oturan və aylıq işinə görə məvacib alan şəxs düşünməlidir ki, hansısa Rafiq, Leyla , Kəmalə, Rəşad adlı şəxslər ora dəvət oluna bilər ya da yox. Mən onlardan fərqli olaraq axı gördüyüm işə görə yalnız mənəvi zövq alıram, əməkhaqqı deyil.
Və ya kim müəyyən edir bu siyahıları?
Bu gün o rəhbərlikdə oturub insanlara qarşı haqsızlıq edənlərə səslənirəm, hər zaman orda olacağınızı zənn etməyin bu çarxın bir gün tərs dönəcəyi zamanlar da var. Bir zamanlar da sizdən öncə orda oturanlar da özlərini taxt tac sahibi hesab edirdilər gün gəldi o şəxslər də bir sərəncamla işlərindən uzaqlaşdırıldılar!”








