Əkrəm Əylisli: “Çingiz özündən danışanda çox kəllə-çarxa çıxmasın”

12 Aprel, 14:06

“Ancaq mənim Çingizə deyiləsi bir-iki sözüm var. Birinci, onu demək istərdim ki, özündən danışanda çox uzağa getməsin, qızışıb kəllə-çarxa çıxmasın”.

 Voicepress.az xəbər verir ki, bu sözləri yazıçı Əkrəm Əylisli Qaynarinfo-ya müsahibəsində səsləndirib. Çingiz Abdullayevin onun son iki hekayəsi haqqında səsləndirdiyi tənqidi fikirə münasibət bildirən yazıçı “

“Çingiz Abdullayevin dediyində “yanaşma” yoxdur axı. Deyir ki, “dəfndən də əsər yazalar?” Çingizin hekayə barədə dediyi vur-tut bundan ibarətdir. Dünya ədəbiyyatında, dəfn mövzusunda, onlarca (bəlkə yüzlərcə) hekayə, povest, roman var. Çingiz kimi mütaliəli bir qələm sahibinin bunu bilməməyi şəxsən məni olduqca heyrətləndirir.

Çingiz Abdullayev kütləvi oxucu tərəfindən çox tanınan və sevilən yazıçıdır. Ancaq o “kütləvi oxucu” kimdir, nəçidir? Onun bədii zövqünə inanmaq olarmı, lazımdırmı?.. Məncə, olmaz və lazım deyil. Çünki belə oxucunun milli mənəvi yaddaşı olmur və onun bəşəri mənəvi dəyərlər barədəki təsəvvürü də olduqca səthi və mücərrəddir. Əyləndirən ədəbiyyatla düşündürən ədəbiyyatın böyük fərqini anlamadan bədii əsər barədə obyektiv fikir söyləmək mümkün deyil. Mən, əlbəttə, düşündürən ədəbiyyatın tərəfindəyəm və əyləndirən ədəbiyyatı ciddi ədəbiyyat saymıram. Yəqin ona görədir ki, əyləndirən dünyada mənim üçün heç vaxt yer tapılmayıb. Ağlım kəsəndən bəri həmişə düşündürən dünyanın sakini olmuşam” deyib.

Çingiz Abdullayevlə heç bir şəxsi-qərəzliyi olmadığını qeyd edən yazıçı, “Allahı var, bir həftədə iki roman yazıb, özünün çoxsaylı oxucularını xoşbəxt eləsin. Ancaq mənim Çingizə deyiləsi bir-iki sözüm var. Birinci, onu demək istərdim ki, özündən danışanda çox uzağa getməsin, qızışıb kəllə-çarxa çıxmasın. Mütləq nəzərə alsın ki, əsərlərinin bir qismi hələ kumık dilinə tərcümə olunmayıb və Pataqoniyada nəşr edilən kitabları Kosta-Rikanın kitab mağazalarında hələ tam satılıb qutarmayıb. İkinci, kitablarının hansı ölkədə daha çox satılmağı barədə millətə hesabat verəndə – dünyanın kitabsevər xalqların arasında – ermənlərin də olduğunu, hərdən çaşıb, fəxr ilə dilinə gətirməsin. Bilsin ki, belə şeyin düşər-düşməzi olur. Bir də, Allah xatirinə, özünü PEN-klub prezidenti kimi təqdim edəndə bir az təvazökar olsun. Axı onun PEN-klubu Beynəlxalq PEN-klubun Mərkəzi Ofisi tərəfindən tanınıb təsdiqlənməyib. Belə bir “PEN-klub”la öyünüb, gözə kül üfürməyin nə mənası var? PEN-klubun əsas vəzifəsi yazıçıların hüquqlarını qorumaq, siyasi rejimlərin təqib etdiyi “söz adamlarına” bütün vasitələrlə dayaq olmaqdan, kömək etməkdən ibarətdir. Çinqiz Abdullayevin bu işlərdən hər hansısa birini haçansa icra etdiyini görən olubmu?” deyib.