Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 30 il keçməsinə baxmayaraq hələ də Azərbaycan xalqı o müdhiş gecəni, dinc, günahsız insanların qətlə yetirilməsini unuda bilmir.
Həmin gün dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, 1949-cu il Cenevrə Konvensiyasının, habelə insan hüquqlarına dair digər beynəlxalq sənədlərin müddəaları kobud şəkildə pozuldu.
XX əsrin sonlarında Dağlıq Qarabağda erməni separatizmi yenidən baş qaldırdı. Ermənilərin bu separatçı hərəkətlərinin arxasında Dağlıq Qarabağı Ermənistana birləşdirmək kimi məkrli bir məqsəd dururdu. Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Dağlıq Qarabağ Muxtar Vilayətində aparılan gizli işləri hələ 1960-70-ci illərdə ümummilli lider Heydər Əliyev aşkar edərək qarşısının alınması üçün bir sıra tədbirlər görmüşdü.
1987-ci ilin oktyabrında ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsindən uzaqlaşdırıldı. Bundan dərhal sonra ermənilər Mixail Qorbaçovun xeyir-duası ilə Qarabağ avantürasına start verdilər.
Ermənistanda yaradılmış “Qarabağ” və Dağlıq Qarabağdakı “Krunk” komitələri 1988-ci ilin əvvəllərində mitinqlər, tətillər təşkil etməyə başladılar. İlk mitinqdə “miatsum” çağırışı ilə başlanan bu hərəkat bir muddət sonra ermənilərin Azərbaycan, eləcə də SSRİ hökumətinə təzyiq etməklə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə getdikcə daha da gücləndi. Erməni liderlərin açıq-aşkar səsləndirdikləri “anti-sovet” çağırışlarının qarşısı alınmadığı üçün” bu çıxışlar getdikcə mütəmadi xarakter almağa başladı.
1988-ci ilin fevralından Dağlıq Qarabağda vəziyyət gərginləşdi. Fevralın 13-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə mitinqlər təşkil edildi. 1989-cu il dekabr ayının 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul etdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və onun həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd etmək cəhdi, əslində, bu rəsmi sənəddə bir daha təsdiq olunurdu.
Ermənistandan idarə olunan müxtəlif erməni qüvvələri din xadimləri, diaspor təşkilatları, eləcə də şairlər, yazıçılar, hətta rəssamlar belə, siyasi oyun meydanına girdilər. Müxtəlif yollarla DQMV-də ictimai vəziyyəti gərginləşdirdilər. Daxili separatizm başlandı və Azərbaycanın Qarabağ bölgəsi Ermənistanın dövlət separatizmi meydanına çevrildi.
SSRİ rəhbərliyinin ədalətsiz mövqeyi, millətlər arasında ayrı-seçkilik toxumu səpməsi və təcavüzkarı şirnikləndirmə siyasəti Ermənistanın, habelə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərlərinin millətçi-şovinist təbliğatına və yerli azərbaycanlı əhaliyə qarşı Konstitusiyaya zidd hərəkətlərinə rəvac verdi. Bu, Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi-sıyasi təcavüzünün başlanğıcı idi.
Beləliklə, erməni millətçilərinin XIX yüzillikdən başlayaraq bu günə kimi Azərbaycan xalqına qarşı həyata keçirdikləri siyasətin, o cümlədən 1918-ci il Mart soyqrımının, sovet dövründəki bütün qanlı repressiyaların, 20 Yanvar qırğınının, Xocalı soyqırımının, bu gün də həll olunmayaraq qalan Dağlıq Qarabağ münaqişəsinin əsasında ermənilərin “Böyük Ermənistan” yaratmaq xəstəliyindən doğan mənfur bir niyyət durur.
1990-cı ilin əvvəllərində Azərbaycanda müxtəlif qoşun hissələri, cəza dəstələri yerləşdirildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni faşist dəstələri ilə birlikdə M. Qorbaçovun əmri ilə Bakıya yeridildi. Azərbaycan xalqının yüzlərlə qəhrəman oğlu o müdhiş və dəhşətli gecədə həlak oldu, yaralandı və itkin düşdü. Bakıya göndərilən xüsusi hazırlıqlı hərbi hissələrin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən xüsusi təlim görmüş erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Rus imperiyasının və çarizmin milli münaqişələr və qırğınlar törətmək sahəsindəki “zəngin” tarixi təcrübəsi də 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqına qarşı törədilən qırğın zamanı bütünlüklə nəzərə alınmışdı. Keçmiş SSRİ rəhbəri Azərbaycandakı azadlıq aşiqlərini bu yolla susdurmağa cəhd edirdi.
Azərbaycan KP MK-nın 1990-cı il yanvarın 13, 15, 16, 17 və 18-də keçirilən büro iclaslarında xalq hərəkatını güc yolu ilə boğmaq təklifləri irəli sürülürdü. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən 1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması barədə” fərman verdi. Respublika hökuməti iflic vəziyyətində idi. İmperiya Azərbaycanın itiriləcəyi təhlükəsindən xoflanaraq, Bakı ətrafına əlavə qoşun hissələri, ağır texnika gətirməyə başladı. Yanvarın 13-də Bakıda ermənilərin təxribatı nəticəsində guya Ermənistandan qaçqın düşən azərbaycanlıların erməniləri talan etmələri və qətlə yetirmələri barədə xəbərlər yayıldı. Hadisələrə nəzarət etmək üçün Moskvadan Bakıya SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov, Sov.İKP MK katibi A.Girenko göndərilmişdi.
1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti 20 yanvar saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Lakin xalqı qəflətən yaxalamaq üçün o, gizli saxlanıldı. Hətta yanvarın 19-da saat 1927-də Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı ki, əhali informasiya ala bilməsin. Moskvadan Bakıya gələn yüksək vəzifəli məmurlar, guya, bu hadisəni araşdırır və günahkarları müəyyənləşdirməyə çalışdırdılar. Moskvanın Azərbaycana göndərdiyi Kreml rəsmiləri Bakıda Azərbaycan Kommunist Partiyası rəhbərliyi ilə görüşmüşdülər. Müzakirələr zamanı Moskvadan gələn məmurlar Bakıda fövqəladə vəziyyətin elan olunmayacağı və Bakıya ordu yeridilməyəcəyi barədə zəmanət verirdilər. Amma 4 gün sonra fövqəladə vəziyyət elan olundu və Bakıya sovet qoşunları yeridildi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşunu müstəqillik arzusu ilə küçələrə çıxan dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi– müdafiə naziri D.Yazovun başçılığı ilə “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Rəsmi məlumatlara görə, həmin şənbə gecəsində Bakıya 35 minlik Sovet ordusu daxil olmuşdu. Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 137 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və ağır xəsarət aldı. Bu faciə zamanı azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanlar arasında 4 polis, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.
20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. Ölkə rəhbəri Ə.Vəzirov yanvarın 18-də gecə Bakını tərk edərək qaçdı. Ondan sonra respublikaya rəhbərlik edənlər də tarixdə analoqu olmayan bu qanlı faciənin təşkilatçılarını və icraçılarını xalqdan gizli saxladılar.
Bu faciəyə ilk olaraq öz etirazını bildirən isə ulu öndər Heydər Əliyev oldu. Həmin dövrdə sovet imperiyasının rəhbərliyi tərəfindən ciddi nəzarət altında saxlanılan və anba -an təqib olunan Heydər Əliyev bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi. O, baş verənlərlə bağlı açıqlama verdi və xalqımıza qarşı törədilən cinayəti ifşa etdi. Ulu öndər Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırdı və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etdi: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.
Kommunist ideologiyasının hökmranlıq etdiyi bir dövrdə, imperiyanın hələ də hökmünü yeritdiyi vaxtda ölkəni və onun başçısını mərkəzdə bu şəkildə kəskin tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Müdrik şəxsiyyət öz bəyanatında açıq şəkildə o zamankı SSRİ rəhbərinin birbaşa göstərişi ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söyləmiş, ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etmişdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan xalqına göndərdiyi başsağlığında deyilirdi: “Bakı şəhərinə sovet ordu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.
Heydər Əliyev 20 Yanvar faciəsini qəsbkarlıq və cinayətkar hərəkət adlandırdı, bütün İttifaq rəhbərlərini mətbuat konfransında iştirak edənlərin gözü qarşısında ittiham etdi və qətliama kəskin etirazını bildirdi. Ulu öndərin siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri ilə bağlı informasiya blokadası darmadağın edildi və dünya ictimaiyyəti Sovet İttifaqının növbəti qəddarlığından, dinc əhaliyə amansızcasına divan tutmasından, qadağan olunmuş silahlardan atəş açmasından xəbərdar oldu.
1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi.
Xalqın təkidli xahişlərindən sonra müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan Heydər Əliyev 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsini təmin etdi. 1994- cü il mart ayının 29-da isə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi milli dövlətçiliyimizin bərpası istiqamətində də mühüm rol oynadı.
Heydər Əliyev şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdən kənar qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər xiyabanını ziyarət edən ulu öndər, şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara başsağlığı verir, problemləri ilə yaxından maraqlanırdı.
Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial problemlərin yoluna qoyulmasına xüsusi diqqət göstərir. Dövlətimizin başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 19 yanvar 2006-cı il tarixli fərmanı bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edib. Məhz dövlətimizin başçısının təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb, Bakının “20 Yanvar” dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.
Son illərdə ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına fərdi və yaşayış evləri inşa olunur. Müvafiq olaraq 20 Yanvar şəhidlərinin ailələri, əlilləri də belə mənzillərlə təmin olunur.
Bu günlərdə xalqımız 20 Yanvar hadisələrinin 30-cu ildönümünü qeyd edir. İgid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da Qələbə qazanacağıq…
Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.
Havva MƏMMƏDOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, tarix elmləri doktoru, professor








