Qaliblərə diplomlar təqdim olunub.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəngarəng konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb.

Qeyd edək ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 288 arıçı tərəfindən 12 min 985 kiloqram süzmə, 3342 kiloqram şan bal, arı südü, çiçək tozu, o cümlədən arı məhsullarından hazırlanmış tibbi ekstraktlar, mum kremləri, bal istehsalında xüsusi əhəmiyyətə malik olan dərman bitkiləri və digər məhsullar çıxarılıb. Həmin məhsullar xüsusi taralarda qablaşdırılıb. Həmçinin baldan hazırlanan müxtəlif şirniyyatlar, şərablar, doşab və şərbətlər də festival iştirakçılarına təklif edilib.
Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada kənd təsərrüfatının, xüsusilə də arıçılığın inkişafına geniş imkanlar açır. Bu səbəbdən də arıçılığın inkişafı diqqətdə saxlanılır. Arıçılığın əhəmiyyəti təkcə qiymətli arı məhsullarının istehsalı ilə bitmir, eyni zamanda, əhalinin məşğulluğunun, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və toxumların keyfiyyətinin yüksəldilməsində xüsusi rol oynayır. Arıçılıq kənd təsərrüfatının ən maraqlı, gəlir gətirən, qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrindən biridir. Digər təsərrüfat sahələri ilə müqayisədə arı təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, təsərrüfatın inkişaf imkanları daha genişdir.
VOİCEPRESS.AZ







