“Şəhid xanımları gümrah olun! Siz gücsüz deyilsiniz. Fəryad, üsyan sizə yaraşmaz. Baş əyməyin həyatın sizə qarşı haqsızlığına. Bunu sizə yazıram, çünki hər gün sizlə dərdləşirəm. Hamıya, hər şeyə inad güclü olun, çünki yadigarlarınız var. Kim nə deyir desin. Qonşu, qohum, bağlayın qulağınızı həyata tutunun. “SİZ GÜCLÜSÜNÜZ”. Güclü olmasaydınız Allah sizə bu boyda şərəf verməzdi “ŞƏHİD XANIMI”
Bəzən olur, elə bir zaman gəlir itiririk sevdiyimizi. Həyatın maraği itir, gülüşlər keçmişdə, sevgilər ürəkdə tutuqlu qalır. Bir qəfəsə həbs edirsən özünü və bir gün baxırsanki əlindən düşmüş bardaq kimi paramparça olmusan. Quyunun dibində, qaranlıqda səslər belə uzaqlaşır. Ruhun acı çəkir, ölümlə yaşam arasında qalırsan. Yaşamaq necə çətinləşir bir bilsəniz. Bu cür zamanda dəli olmaq səviyyəsinə çatırsan, aqressiyana sahib çıxa bilmirsən. Bəlkə de depressiya dedikləri budur…
Uşaqlaşırsan, qırıb, dağıdıb tökmək gəlir içindən. Ağlayıb ananın ətəyindən yapışmaq istəyirsən, amma bir də sənə baxan gözlər vardır. Sağalmaq istəyirsən, çünki məcbursan. Nə xəstələnməyə, nə üsyana, nə depressiyaya haqqın yoxdur! Bəlkə də vəziyyətdən çıxmaq üçün təkan lazımdır. Anamın sözü yadıma düşür “Her müsibetde bir nesihet var qizim!!!”
Və yaxın bir dostum iki gün öncə mənə demişdi: “Hər olan hadisədə bir yaxşı tərəf axtar və səbr elə, namaz qılarkən sənin üçün xeyirlisi nədirse onu istə Allahdan. Heyat daha yaxşı olacaq Pərişan”
Doğrudur…
Ətrafımızda olan pisliklər bizi sevdiklərimizdən ayırmamalıdır. Sadəcə hədəflərimiz və istəyimiz olmalıdır və yaşayıb, tutunmalıyıq həyata. Yanımızda olan övladlarımızı yetişdirmək ve Şəhidimizin adını yaşatmaq üçün yaşamalıyıq. Həyata tutunmaq üçün güc lazımdır. Güclü olmaq üçün inanmalıyıq. GÜCLÜ OLUN SEÇİLMİŞ QADINLAR…“
Qeyd edək ki, Təbriz Musazadə 1981-ci ilin 12 avqust günündə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində Tovuz və Tariyel Musazadələrin ailəsində anadan olub.
Mayor Təbriz Musazadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu.
Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb.
Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə, həmçinin döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutdu. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, habelə mayor Ramil Səfərov və bir sıra digər rəsmi şəxslər qatıldı. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbədən və şəhidlərin qəhrəçmanlığından danışıb. Daha sonra şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidlərin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və şəhidlər uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Təbriz Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.
2016-cı ildə Təbriz Musazadənin ailə üzvləri tərəfindən onun, adını daşıyan Təhsil və İncəsənət Hazırlıq Məktəbi təsis edilib. Mərkəzdə, Təbriz Musazadənin xatirəsinə muzey guşəsi də yaradılıb. Muzeydə onun, şəxsi əşyaları, təltif olunduğu medallar və şəkillər sərgilənir.
VOİCEPRESS kollektivi Şəhidimizin ailə üzlərinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Doğum günün mübarək ŞƏHİDİM.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ







