Üzeyir Cəfərov: “Nə qədər mal-mülk toplamaq olar?”

17 Aprel, 11:24

Əziz dostlar! Hörmətli həmkarlar!

Yazacağım qeydlər ola bilsin ki, bəzi dostlarda bir qədər qəribə hisslər yaratsın. Ola bilsin ki, onlar düşünsünlər ki, hərbçi hara, bu mövzu hara? Amma, xahiş edirəm, yazılanlara imkanınız və vaxt baxımından bir az diqqət ayırasınız, sonra fikirlərinizi bildirəsiniz. Məsələ son dərəcə ciddi və prinsipial olduğuna görə, hesab edirəm ki, peşəsindən və tutduğu mövqedən asılı olmayaraq hər kəs bu haqda çox sərt şəkildə öz etirazını bildirməlidir. Söhbət bizim bəzi icra başçıları və bələdiyyə orqanlarının Bakının, Azərbaycanın rayon və şəhərlərinin, qəsəbə və kəndlərinin sanki qəsdinə durmasından gedir. Bəli, bəli, siz düz oxudunuz və eşitdiniz.Əsasən də, söhbət yerlərdə prezident tərəfindən təyin olunan icra başçılarının xəyanətdən və qeyri-səmimiyyətindən gedir. Mənə elə gəlir ki, yuxarıda yazdığım xəyanət və qeyri-səmimiliyin nə buynuzu olur, nə də qolu. Sadəcə, müşavirələrdə 1-ci sinif şagirdi kimi ölkə başçısının ağzından çıxan hər kəlməni artistlik edərək öz lazımsız qeyd dəftərinə şövqlə yazan nazir, komitə və icra başçılarının tam əksəriyyəti, Prezident Adminstrasıyasından çıxandan sonra, sanki bir başqa dünyaya düşmüş kimi özlərini hiss edirlər. Orada az qala 4 qat əyilən, büzüşən bəzi məmurlar, öz rəhbəri olduqları sahələrinə ərazisinə çatan kimi, “şirə-pələngə” çevrilirlər. “Burda mənəm, Bağdadda Kor Xəlifə” prinsipi ilə başlıyırlar öz bəzi çirkin əməllərini həyata keçirməyə. Axı nə qədər olar? Niyə bu gün Azərbaycan cəmiyyətində əksər nazir və icra başçıları ilə bağlı bu cür qəzəb və əsəbilik hökm sürür? Çünki, onların bir çoxu, ölkə rəhbərliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, özlərini çox yekəxana, saymazyana və üzr istəyirəm ifadəmə görə, təsadüfi küçə adamı kimi aparırlar?

Gəldim əsl mətləbin üstünə. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırıldı. Necə deyərlər, sağ olsun, mətbuat və sosial şəbəkələr. Onlar bu Xəyanəti və Özbaşınalığı yazdılar və prezident də haqlı olaraq bu işin qarşısını aldı. Amma, mən hörmətli dövlət başçısının yerinə olsam, aprelin 17-də Bakı şəhəri İcra Hakimiyyətinin demək olar ki, heç nəyə yaramayan başçısı Hacıbala Abutalıbovu, Yasamal Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyevi və adlarını qeyd etmədiyim FHN-nin, ETSN-nin və onlarla digər qurumların rəhbər və məsul şəxslərinin DƏRHAL vəzifələrindən çıxarılması barəsində göstəriş verərdim. Özü də, elə belə yox. Onların cinayət məsuliyyətindən cəlb edilmələri ilə bir yerdə. Bəlkə, bu faktın özü, Bakı şəhərini, Azərbaycanı öz dədələrinin şəxsi əmlakı ilə səhv salan bəzi nazir və icra strukturlarının həyasız rəhbərləri üçün bir dərs oldu. Axı, mərhum prezident Heydər Əliyevə, hansını ki, sizlərin əksəriyyəti anım mərasimlərində və digər çoxsaylı tədbirlərdə Ulu Öndər deyə yad edirsiniz, ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini ömrünün sonuna kimi daim qeyd edirdi, belə hörmət edirsiniz? Yaxud, hazırkı dövlət başçısı İlham Əliyev də, neçə dəfələrlə qəti olaraq xərərdarlıq edib ki, belə hallara yol verilməsin. Mən sizə tam əminliklə deyirəm ki, bu gün Bakının Xətai, Binəqədi, Yasamal,Sabunçu rayonlarının icra başçıları – Razim Məmmədov, Xaləddin İckəndərov, İbrahim Mehtiyev, Adil Vəliyev və daha bir neçəsi sanki rəhbəri olduqları rayonların ərazilərinin kimlərəsə yəqin ki, elə belə deyil, müəyyən maddi maraqlar müqabilində satılmasını həyata keçiriblər və bu proses bu gün də davam edir. Və bu işləri həyata keçirirəkən sayı-hesabı bilinməyən yaşıllıqlar, çoxillik ağac və bitkilər məhv edilb və edilir. Ay sizin nəyinizi deyim, hörmətli başbilənlər. Məgər siz gələcəkdə o haram pullarla ahıl yaşınızda, özünüzü, ailənizi OKSİGENLƏ təmin edəcəksiniz? Bəsdirin də, ay bədbəxtlər. Nə qədər mal-mülk toplamaq olar? Gorunuza aparacaqsınız ay yazıqlar? Amma, məhv etdiyiniz yaşıllıqlar bizim ömrümüzü qısaldırlar. Xəstəliklər baş alıb gedir. Bəlkə bir az da tarixdə qalmaq üçün əməli iş(lər) də görəsiniz? Sizə bu böyda vəzifələr həvalə olunub. Amma, inanmaq istərdim ki, tez bir zamanda sizlərdən kimlərsə tutduğu vəzifəsini də itirəcək, hələ üstəlik də azadlıqlarını uzun müddətə itirmiş olacaqsınız.

Onu da anlayıram ki, haqqında bəhs etdiyim rayon və şəhərlərimizin “kiçik padişahlar” yazdıqlarım haqqında eşitdikdən sonra çox əsəbi olacaqlar. Sakit olun, cənab yoldaşlar. Əvvəl etdiklərinizi gözünüzün qarşısına gətirin, sonra isə mənim yeddi dönənimi yadınıza salın. Siz məni söyə də, döyə də, hətta sifarişli məhkəmələr vasitəsiylə cərimələtdirə, tutdura da bilrəsiniz. Amma, unutmayaq ki, biz bir cana borcluyuq və haqq sözü deməklə əgər kimlərsə mənə qarşı haram pulları ilə hucuma keçmək fikrinə düşərlərsə, buyursunlar. Mən uzun illər Müdafiə Nazirliyi sistemində də olan neqativ hallar haqqında həm yazmışam da, demişəm də, başım da min bəlalar çəkib. Adlarını “əməkdar jurnalist” qoyan bəzi geydirmə qulbeçələr olmazın təhqirlər və hədyanlar yazsalar da mən Allahın bizə bəxş etdiyi haqq sizdən və ədalətdən heç vaxt çəkinməmişəm və çəkinmirəm. Ölkə prezidenti İlham Əliyev sonuncu biabırçı özbaşınalığa kəskin reaksiya göstərəndən, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülməsi haqqında göstəriş verəndən sonra çoxları “qeyrətə gəlib”. Sərt səslənsə də, yazacağam. Sizin min hoqqa və firildağınızdan birini ölkə başçısı dayandırdı. Amma, görəsən bu sizə sonuncu xəbərdarləq olacaqmı?

Ən sonda, çox istərdim ki, Prezident Adminstrasıyası, Nazirlər Kabineti və digər əlaqədar dövlət və hökumət strukturları da öz işlərində çox ciddi dönüş yaratsınlar. Əgər hər işi dövlət başçısı görəcəksə, edəcəksə, onda bu qədər məmur ordusunun saxlamasına nə ehtiyac? Və yazdıqlarımı öz siyasi prizmasından qiymətləndirmək istəyənlərə də səslənərək deyirəm ki, xahiş edirəm, gəlin qaldırdığım və toxunduğum bu məsələyə Azərbaycan Dövlətinin və Dövlətçiliyi prizmasından yanaşaq. Anlıyıram ki, indi kimlərsə başlıyacaqlar ki, ay bu belədi, o helədi. Xeyr!. Bu qeydlərimi də mən, heç bir siyasi mənsubiyyəti olmayan sadə, amma Vətənini həyatı qədər çox sevən birisi kimi yazmağı özümə borc bildim. Eşidən də sağ olsun, eşitməyən də!!

Tanrı Azərbaycanımızı və Xalqımızı qorusun!

Üzeyir Cəfərov
Hərbi ekspert
Ehtiyatda olan polkovnik- leytenant

VOİCEPRESS xəbər verir ki, Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu Nazirlər Kabinetinin 13 aprel 2014 tarixli iclasındakı yekun nitqində vurğulamışdı:

“Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

P.S Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva özü şəxsən Azərbaycanın müxtəlif bölgələrində ağac əkmə aksiyalarında yaxından iştirak etdiyi halda Bakı meriyası ağac kəsir…

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here