Vüqar İskəndərov: “ABŞ Departamenti Ermənistanın məkirli siyasi addımlarını gözardı etməməlidir”

5 Yanvar, 14:48
Millətvəkili Vüqar İskəndərov ABŞ Dövlət Departamentinin Qarabağ açıqlamasına münasibət bildirib.
Millətvəkilinin sözlərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı ABŞ-ın  öz tərəfdaşları ilə birlikdə Azərbaycan və Ermənistan arasında birbaşa dialoq və Qarabağ münaqişəsi ilə bağlı məsələlərin həlli istiqamətində səylərini davam etdirdiklərini vurğulayıb:

“ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays  eyni zamanda ABŞ-ın Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq olduğunu  bildirib. Prays nitqində Azərbaycan və Ermənistan arasındakı birbaşa dialoqun təşviqi istiqamətində Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla, eləcə də ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığı davam etdirdiyini ifadə edib. Bu fikir bir çox insanlarda çaşqınlıq yaradıb. Azərbaycan dəfələrlə ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina etdiyini bildirib. Belə olan halda ATƏT-in Azərbaycan və Ermənistan arasındakı birbaşa dialoqun təşviqində əməkdaşlığı davam etdirməsi absurddur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bununla bağlı dəfələrlə açıqlamaları var. ABŞ buna rəğmən ATƏT-in Ermənistan və Azərbaycan arasındakı dialoq üçün səy göstərdiyindən bəhs edirsə, bu Azərbaycanın verdiyi qərarlara etinasız yanaşmadan başqa bir şey deyil.
Bu gün həm ABŞ Departamenti həm dünya ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar bilməlidir ki, Ermənistan hakimiyyəti 2020-ci ilin noyabrından bu günə  qədər  imzaladığı bəyanatların, üzərinə götürdüyü öhdəliklərin ruhuna və məzmununa uyğun olmayan davranış ortaya qoyur. 10 noyabr Bəyanatının müddəaları demək olar ki, bu günə kimi icra olunmayıb. Qarabağda hələ də Ermənistan ordusunun qalıqları qalmaqdadır. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı öhdəliklərinə də əməl etmir.
Azərbaycanda davamlı sülühün təmin olunması adına Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etdi. Rəsmi İrəvan sözdə sözü gedən beş baza təklifini  qəbul etsə də, əfsuslar olsun ki, bunu əməldə görmək mümkün deyil. Ermənistan bu gün yenə də vaxt uzatma taktikasını istifadə edir.
Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhlizlə bağlı konkret bir söz deməli idi. Amma bu günə kimi nə  dəhliz verilməyib, nə də  dəhlizin marşrutu müəyyən olunmayıb.
ABŞ Departamenti Ermənistanın məkirli siyasi adımlarını gözardı etməməlidir. Hər kəs bilməlidir ki, rəsmi İrəvan bu hərəkətləri ilə sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir. O cümlədən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından və bütövlükdə əlaqələrin normallaşdırılması prosesindən boyun qaçırır.
Digər tərəfdən, əfsuslar olsun ki,  Praysın nitqində Cənubi Qafqazda hər an təxribat xarakterli addımlar atan Ermənistanla, canı və qanı bahasına regionda sülh və əminamanlıq naminə mübarizə aparan Azərbaycana eyni müraciət yer alıb. ABŞ üçün işğalçı ilə işğala məruz qalan eyni xarakter daşıyır.
Əfsuslar olsun ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsi yolunda irəli sürdüyü təkliflər və iki dövlət arasında normallaşma mərhələsində Ermənistanın təxribat xarakterli addımlarına rəğmən möhkəm iradə nümayiş etdirməsi və qətiyyətli duruş sərgiləməsinə belə ABŞ dövlət departamenti yenə səssiz qalır.  Əksinə, BMT-nin 4 qətnaməsini icra edən Azərbaycanla regionda sülh və əminamanlığa təhdid olan Ermənistana eyni şəkildə müraciət olundu. Bu isə birmənalı olaraq, erməni lobbisinin daha fəal olduğu hesab edilən ABŞ-ın azad fikir və demokratik siyasi yanaşma sərgiləyə bilmədiyini təsdiq edir”.

 

 

Ülkər Fərmanqızı