Vüqar İskəndərov: “Fransanın qeyri ciddi və əsassız mövqeyinə Qərb ölkələri də səssiz qalmamalıdır!”

18 Noyabr, 05:58

“Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə açıq təxribat xarakteri daşıdığı və sülh prosesinə öz töhfəsini vermək iddiasında olan Fransanın növbəti dəfə ermənipərəst, qərəzli və birtərəfli mövqeyini bariz şəkildə nümayiş etdirən bir qətnamədir”.- Bu sözləri mətbuata açıqlamasında Azərbaycan millətvəkili Vüqar İskəndərov söyləyib.

Onun sözlərinə görə, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi etiraz notası təqdim edib: “Fransa Senatında qəbul edilmiş qərəzli qətnamə tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəalardan ibarətdir.

Fransanın bu addımının regionda sülhün bərqərar olmasına, xüsusilə də, ölkəmizin israrlı olduğu Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında normallaşmasına ciddi zərbə vurmaq məqsədi daşıyır. Eyni zamanda sözü gedən qətnamə birmənalı olaraq,  bölgədə sülh və əminamanlığa qarşıdır.

Fransa unutmamalıdır ki, qəbul edilən qətnamə beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozur. Nəzərə almaq gərəkir ki, 1993 cü ildə Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”si imzalanmışdır. Və bu gün Fransanın qəbul etdiyi qətnamə ilk növbədə qeyd etdiyim bu müqavilənin bir sıra bəndləri ilə birmənalı olaraq ziddiyyət təşkil edir. Xüsusi ilə Fransa senatının Qarabağ məsələsində Azərbaycanı təcavüzkar olaraq qəbul etməsi nə inki iki dövlət arasında imzalanan müqaviləni inkar edir, o cümlədən ikili standartların ən kobud şəklidir.

Qətnamə layihəsinin 20-ci və 21-ci bəndlərinin, ümumiyyətlə, yolverilməz və qəbuledilməz olduğuna diqqət cəlb etmək gərəkir.

Azərbaycanın ünvanına 20-ci bəndə “köçkünlərin (ermənilərin) qayıtmaq hüququnu”, “erməni mədəni və dini irsinin qorunub saxlanmasını təmin etməlidir” tələbləri, 21-ci bənddə isə “kütləvi cinayətlər” törətmə ittihamı yer alıb. Üstəlik, Beynəlxalq Cinayət Məhkəməsində bu ittihamın araşdırılmasına çağırış edilib.

Fransada  Azərbaycana qarşı belə ədalətsiz yanaşma qəbuledilməzdir. İlk öncə ona görə ki, illərdir Fransa Minsk qrupunun həmsədri  olsa da,  münaqişənin sülh yolu ilə həllinə dair heç bir iş görmədi, əksinə bu kimi qərəzli addımları ilə işğalçı Ermənistanı deyil, işğala məruz qalan Azərbaycanı qınadı.

Digər tərəfdən Fransanın NATO dövləti olan Türkiyənin regiondakı nüfuzunun artmasını birmənalı qarşılamaması diqqəti cəlb edən bir başqa məqamdır. Fransa heç bir zaman anti türk mvqeyini gizlətməyib. Amma bu gün məhz ənənəvi anti Türk mövqeyinə görə, illərdir işğala, erməni terroruna məruz qalan Azərbaycana qarşı əssasız iddialar irəli sürməməlidir. Hesab edirəm, Fransanın qeyri ciddi və əsassız  mövqeyinə Qərb ölkələri də səssiz qalmamalıdır.

Belə ki, illərində Fransanın törətdiyi soyqırımıları hər kəsə məlumdur, bu hadisələrdən hələ də əziyyət çəkən xalqlar var.  Ona görə də,  Əlcəzairdə bir milyondan çox insanın qətlini törədən Fransa illərdir erməni terrorunun qurbanı olan Azərbaycanı əsassız iddiaları ittiham edə bilməz. Qondarma dövlətdə əhalinin insan hüquqlarından danışa bilməz! Fransada irqçilik, antislam və anti türk siyasətindən əl çəkməlidir. Əks halda Azərbaycan birmənalı olaraq  Fransa ilə münasibətlərini bir daha gözdən keçirməli olacaq”.

Qeyd edək ki, 15 Noyabr 2022 tarixində Fransa senatında bir qrup senatorun təklifi ilə Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edilib. Qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alır və Azərbaycan  Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilir.

 

 

Ülkər Fərmanqızı