Vüqar İskəndərov: “Zəngəzur Azərbaycanlıların tarixi Vətənidir!”

8 Noyabr, 12:42

VOİCEPRESS  Milli Məclisin deputatı Vüqar İskəndərovla müsahibəni təqdim edir:  

 – Vüqar müəllim, 8 Noyabr Zəfər günü ərəfəsindəyik. Azərbaycanın Zəfər günü bütün Türk dünyasının zəfəri kimi qəbul edildi. Nə üçün Xocalı Soyqrımını illərdir Türk dünyası Azərbaycanın zəfəri qədər mənimsəməkdə çətinlik yaşadı?

-Bəli, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnməsindən tam 2 il keçir. Bu iki il ərzində Azərbaycan regionda illərdir BMT-nin və ATƏT-in nail ola bilmədiklərinə nail oldu. Bunu canı və qanı bahasına etdi. Azərbaycan Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Burada düşünürəm ki, ən əsas məqam odur ki, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi,  Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. – Baxın əsil Zəfər budur! Bu Zəfər ona görə də, sadəcə Azərbaycanın zəfəri kimi deyil, bütünlükdə Türk dünyasının Zəfəridir. Xocalı soyqrımı məsələsi ilə bağlı da, onu deyə bilərəm ki, bütün Türk dünyası Xocalı soyqrımını qəbul edir və ermənilər tərəfindən törədilən bu soyqrımı sadəcə Azərbaycanın deyil bütünlükdə Türk dünyasının soyqrımı kimi tanıyırlar. Təbii ki, buna nail olmaq da çox zaman aldı. Amma əsas odur ki, nail olduq. 1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Amma düşünürəm ki, Cənab Prezident İlham Əliyevin komadanlığı ilə Azərbaycanın  müzəffər ordusu  günahsız yerə qətl edilən soydaşlarımızın, şəhidlərimizin qanını yerdə qoymadı.

-Vüqar müəllim, Azərbaycan bugün, türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsində, həmçinin, Qərblə Asiya, daha dəqiq desək, Qərblə Türk dövlətləri arasında etibarlı əməkdaşlığın yaranmasında da mühüm rol oynayır. Belə olan halda Azərbaycanın Qərblə Orta Asiya arasında körpü rolunu oynadığını demək olar mı?

-Əlbəttə. Mən mətbuata açıqlamalarımın birində bunu qeyd etmişəm. Azərbaycan bu gün öz uğurlu siyasəti ilə nəinki yerləşdiyi regionun lider dövlətidir, eyni zamanda, artıq ölkəmiz Avropa ilə Orta Asiya, ümumilikdə Qərblə Asiya arasında önəmli mexanizm rolunu icra edir. Bu da təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş və uğurlu siyasətin nəticəsidir. Azərbaycanın Avropa ilə Orta Asiya arasında əməkdaşlıqda oynadığı mühüm rol avropalı rəsmilər tərəfindən də etiraf olunur. Prezident İlham Əliyevin Orta Asiya respublikalarına səfərləri, o cümlədən imzalanan sənədlər Türk dünyasında yeni tərəqqinin və əməkdaşlığın əsasını qoyur. Heç şübhəsiz ki, bütün bunlar eyni zamanda Azərbaycanın həm qardaş Türk Respublikaları ilə əlaqələrinin güclənməsinə, həm də regional və qlobal düzəndə yerinin daha da möhkəmlənməsinə səbəb olur. Bu həmçinin Türk Dövlətləri Təşkilatının da güclənməsinə təkan verir. Avropa İttifaqı Azərbaycanı bütün bir regionun, yəni Orta Asiya və Qafqaz regionunun mərkəzi dövləti kimi görür. Orta Asiyaya Azərbaycan vasitəsilə körpü salınması istəyinin kökündə də yenə də məhz Azərbaycanın Orta Asiya türk dövlətləri ilə qurduğu əlaqələrə verilən önəm dayanır. Görünən odur ki, Azərbaycanın atdığı addımlar, o cümlədən Orta Asiyanın türk dövlətləri ilə bütün sahələri əhatə edən əməkdaşlıq bu regionla Avropanın gələcək əməkdaşlığı üçün olduqca önəmli mexanizmdir.

-Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu keçən günlərdə açıqlamalarının birində, Zəngəzur dəhlizinin Azərbaycan üçün çox vacib olduğunu qeyd edib. Sizcə Zəngəzur dəhlizi sadəcə Azərbaycan üçünmü vacib rol oynayır və Zəngəzur dəhlizinin açılışı qonşu dövlətlərə nə kimi fayda verə biləcək?

– Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və bu gün real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından biridir. Heç kəsə sir deyil ki, zamanında  məhz qardaş Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərinin qarşısını almağa müvəffəq olduğunu da qeyd etməyi özümə borc bilirəm. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Qardaş ölkənin naziri Karaismailoğlu da Zəngəzur dəhlizinin sadəcə Azərbaycan üçün yox,   bütün region üçün  tarixi nailiyyət olduğunun fərqindədir.  Azərbaycanı Türkiyə ilə birləşdirəcək, Bakı-Tbilisi-Qars dəmir yolundan sonra dünyanın qlobal nəqliyyat vasitəsi kimi qarşılıqlı əməkdaşlığa xidmət edəcək Çünki Zəngəzur dəhlizinin yaradılması həm region üçün  kommunikasi¬yaların açılması, həm  Zəngəzur həm də azərbaycanlıların tarixi Vətənidir. Bu tendensiya çox önəmlidir və düşünürəm ki, Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın bərqərar olunmasında maraqlı olmayan qüvvələr bunu bir qayda olaraq əzbərləməlidirlər. Belə olan halda təbii ki, Zəngəzur dəhlizinin açılışı sadəcə Azərbaycan üçün deyil, həm də qonşu dövlətlərə də fayda verəcək. Baxmayaraq ki, Ermənistan bugün Zəngəzur dəhlizinin yaradılmasının öz ölkəsi üçün fayda-larından danışır,  ertəsi gün   Zəngəzur dəhlizinin açılması tam məğlubiyyətdir deyir. Azərbaycanı Naxçıvanla birləşdirən dəmir və avtomobil yollarının bərpası ilə Zəngəzurun əvvəlki statusu bərpa olunacağı nəzərdə tutulur. Digər tərəfdən ikinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanatda, Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində Zəngəzurla bağlı bütün region dövlətlərin maraqları öz əksini tapmaqdadır,- bunu da bir daha qeyd etmək istədim.

-Vüqar müəllim, bugünlərdə baş tutan Soçi görüşməsi ilə bağlı nə düşünürsünüz? Bu kimi görüşmələrin normallaşma prosesinə hər hansısa bir tövhəsi varmı?

-Ümumilikdə qiymətləndirdikdə, bəli, hesab edirəm ki, Soçi görüşü formatında keçən görüşlərin iki ölkə arasındakı normallaşma prosesinə öz müsbət təsirirni göstərəcək. Amma burada bor məqamı vurğulamaq gərəkir, Azərbaycan və Ermənistan arasındakı keçirilən görüşlər heç bir halda Qarabağ münaqişəsi ilə bağlı deyil.  Münaqişə həll olundu və tarixin arxivinə keçdi. Bu gün iki ölkə arasındakı görtüşlərin mövzusu Zəngəzur dəhlizi, uzunmüddətli sülh müqaviləsi, Azərbaycanın irəli sürdüyü təkliflər, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətənfdaşlarının Azərbaycanda və Azərbaycan qanunlarına görə yaşama şəraitinə adaptasiyaları kimi önəmli məsələləri əhatə edir.  Paşinyanın həmin görüştə “Ermənistan istənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırdır” şəklində səsləndirdiyi yekun fikir, Soçi görüşü Azərbaycan Prezidenti Cənab İlham Əliyevin növbəti diplomatik qələbəsidir!-  deməyə əsas verir.

 

Ülkər Fərmanqızı