Netanyahunun qayıdışı Türkiyə-İsrail münasibətlərinə necə təsir edəcək? – İsrailli ekspertdən ŞƏRH

6 Noyabr, 14:57
İsrailin sabiq baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi “sağ blok”u  parlament seçkilərində qələbə qazanıb.
Seçkilərin nəticələrinə görə, sağ qanadı təmsil edən siyasi qüvvələr parlamentdə yerlərin 120 yerdən 67-nə sahib olub. Yaxın zamanda Netanyahunun başçılığı altında yeni bir hökumətin qurulacağı gözlənilir.
Artıq bir çoxlarını Netanyahu hakimiyyəti dövründə İsrailin Yaxın Şərq siyasəti, xüsusilə Türkiyə ilə normalaşan əlaqələrinin hansı istiqamət üzrə qurulacağı maraqlandırmağa başlayıb.
Məsələ ilə bağlı Ednews İsrailli jurnalist Raşel Avrahamın fikirlərini öyrənib. Söhbət zamanı o, qeyd edib ki, yeni hökumət Türkiyə-İsrail münasibətlərinin normallaşmasına doğru müsbət addımlar atmağı davam etdirəcək.
“Hesab edirəm ki, Türkiyə-İsrail münasibətləri ilə bağlı görülün tədbirlər müsbət istiqamətdə davam edəcək. Hər iki ölkə artıq barışıq barədə razılığa gəlib. İsrail Türkiyə ilə hər bir sahədə təmasların qurulmasına müsbət baxır. Həm İsrail, həm də Türkiyə ticarət məsələlərində ortaq razılığa gəliblər və hər iki tərəf arasında iqtisadi münasibətlərin nizamlanmasına istiqamətlənən stilmullar var. Lakin Fələstin məsələsində fikir ayrılığı və Türkiyədə növbəti seçkilərdən sonrakı vəziyyət əlaqələrin normallaşmasında müəyyən problemlər yarada bilər”.
İsrailli jurnalist Təl-Əviv və Beyrut arasında dəniz sularının bölüşməsi ilə bağlı imzalanan müqaviləyə də münasibət bildirib.
“Çox güman ki, Netanyahu hakimiyyəti solçu hökumətin Livanla imzaladığı müqaviləyə yenidən baxacaq. Bu müqavilədə İsrail bölgədə yerləşən qaz yataqlarının Livana qaytarılmasına razılıq verib. Düşünürəm ki, yeni hökumət müqavilədə dəyişiklər edilməsinə çalışacaq”.
Raşel Avrahamın sözlərinə görə, İsrail Fələstinlə təmaslarda müəyyən diplomatik jestlər etməkdən başqa heç bir addım atmayacaq.
“Bununla belə, Netanyahu hökuməti “İbrahim Razılaşması” çərçivəsində digər müsəlman ölkələri ilə daha çox müqavilələr bağlamağa davam edəcəkdir. Bu, İsrailin İrana qarşı vahid cəbhənin formalaşmasına və regionda mövqeyinin güclənməsinə imkan yaradacaq.  Iran və Fələstin məsələsində İsrail öz ənənəvi siyasətini davam etdirəcək”.