Fikrət Əmirovun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilir…

24 Oktyabr, 16:16

Əsrlər boyu bütün dövrlərdə gələcəyə inam, inkişafa dair ümid məhz gənclərlə bağlıdır. Gənc nəslin düzgün formalaşması hər bir ölkə və o cümlədən bizim üçün ən başlıca məsələlərdən biridir.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında da keçirilən konsertlər gənc nəslin yetişdirilməsində, dünya görüşünün formalaşmasında, milli dəyərlərimizin qorunmasında böyük rol oynayır.

Belə ki, 2021-ci ilin payızından Filarmoniyanın rəhbərliyi belə bir qərara gəldi ki günorta saatlarında maarifləndirici xüsiyyətə malik olan konsertlər təşkil edilsin. Bu silsilədən olan ilk konsert 08 oktyabr 2021-ci il tarixində baş tutmuşdur. Konsertin xüsusi dəvət olunmuş qonaqları, Azərbaycan Dövlət İqtisad Universitetinin professor və tələbə heyəti olmuşdur. Konsert Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuşdur. Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri dirijorlar Xalq artisti Yalçın Adıgözəlov, Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə çıxış etmişdir.

Konsertin solistləri Xalq artistləri – Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Adıgözəl-zadə, Murad Hüseynov, Samir Cəfərov, Əməkdar artist İlham Nəzərov – Azərbaycan və Qərbi-avropa bəstəkarlarının əsərlərini tamaşaçılara təqdim etmişdirlər. Gələn tamaşaçıları səhnədən salamlayaraq və ön sözlə çıxış edib konserti onlara təqdim edən Xalq artisti Zəhra Quliyeva olmuşdur. Konsert yüksək səviyyədə təşkil olunaraq tamaşaçılara təqdim olunmuşdur.

Daha sonra da bu silsilədən olan günorta konsertləri davam etmişdir. 22 oktyabr 2021-ci il tarixində Filarmoniyanın xüsusi qonağı olan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və 04 dekabr 2021-ci il tarixində İvan Mixayloviç Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professor, müəllim və tələbə heyəti ilə görüş-konsertləri təşkil olunmuşdur.

Artıq 2021-ci il geridə qalmışdır. Lakin, biz bu gözəl ənənəni davam etdirmək niyyətindəyik. Belə ki,  2022-ci ilin 21 oktyabr tarixində Filarmoniyanın səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin iştirakı ilə günorta konserti keçirilmişdir. Konsertin xüsusi dəvət olunmuş qonaqları Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor və tələbə heyəti olmuşdur. Konsertin dirijoru Mustafa Mehmandarov, solisti isə Xalq artisti, piano ifaçısı Fərhad Bədəlbəyli olmuşdur.

31 oktyabr tarixində saat 15:00-da dirijor Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin professor, müəllim və tələbə heyəti üçün növbəti konsert təşkil olunmuşdur. Bu dəfə ki konsert də görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuşdur. 31 oktyabr tarixində Filarmoniyanın səhnəsindən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında “Azərbaycan” simfonik süita, “Kürdi-Ovşarı” simfonik muğamı, F.Əmirov-E.Nəzirova – piano və orkestr üçün ərəb mövzuları əsasında Konsert səslənəcək. Konsertin solisti, Xalq artisti, piano ifaçısı Fərhad Bədəlbəylidir.

Düşünürük ki, belə bir səpkidə konsertlərin keçirilməsi mühümdür. Günorta konsertləri ən çox tələbələr üçün nəzərdə tutulmuşdur. Hər keçirilən konsertə müxtəlif ali təhsil ocaqlarının tələbələrini dəvət etməklə  onların klassik musiqi ilə yaxından tanış olmaqlarına imkan yaradılır. Ümid edirik ki, gələcəkdə də günorta konsertləri davam edərək  sayı daha da artacaq.