Cəbrayıldan qucaqda çıxıb tank belində qayıdan şəhidin evindən – REPORTAJ

15 Sentyabr, 15:19

Bu torpaqların bitməyən savaşında övladlarımızı itirməyə davam edirik. Vətən oğulları bir daha “Mən varam” deyib meydana atıldı. 50-dən çox evə qor düşdü.  “Vətən sağ olsun”. Amma Vətən üstündə onu qurmağa, qorumağa, yenidən çiçəkləndirməyə sağ adam qalmayandan sonra necə sağ olacaq?  Xiyabanlara sığmayacaq qədər şəhidi varsa, atasını tanımadan dünyaya gələn körpələr varsa, ata sözünü başqa uşaqların ağzından eşidəndə dodaqları səyirən uşaqlar varsa, bir gecədə saçı ağarıb qəddi əyilən analar varsa, övladının cənazəsi gəlmədən ürəyi partlayıb ölən atalar varsa, əlinin xınası getməmiş dul qalan cavan gəlinlər varsa bu vətən sağ olacaqmı bilmirəm.

İki gündür yenə şəhid cənazələri qarşılayırıq. Bayrağa sarılmış tabutlar, fəryad edən analar, bir gecədə qəddi əyilən atalar, baxışları donuq cavan gəlinlər, boynu bükük uşaqlar…

Sentyabrın 13-də ermənilərin növbəti təxribatı zamanı şəhid olan igidlərdən biri də Cəbrayıl rayonunun Yarəhmədli kəndindən anadan olan Xüsusi Təyinatlı Qüvvələrin zabiti leytenant 35 yaşlı Hümbətov Ravil Mübariz oğludur.

 

44 günlük Vətən müharibəsindən sonra ilk dəfə idi ki, cəsarətimi toplayıb şəhid ailəsinə başsağlığı verməyə getməyə qərar vermişdim. Bu çox çətin bir ziyarət idi mənim üçün. Xüsusilə də hələ cənazəsi qapısına gəlməyən şəhidin evində olmaq daha da ağır idi.

20 Yanvar metrosunun yanından taksi sifariş verdim. Maşına əyləşəndə sürücü dərhal şəhidin evinə getdiyimi soruşdu. Başımla təsdiqlədim. Yol boyu Ravildən danışdı sürücü. Məlum oldu ki. Eyni məhəllədə yaşayırlar.

– Ravil bizim məhəllənin 5-ci şəhididi. Şəhidlərdən biri də mənim qardaşımdı. Əkiz tayım idi. 44 günlük müharibədə şəhid oldu.

Bilmədim nə deyim. Güzgüdən baxışlarımız toqquşdu. O baxışlarda sağ qaldığı üçün utanc hissi vardı sanki.

Yasamalın ensiz, tıxaclı küçəsini üzüyuxarı qalxdıqca izdiham görünməyə başlayır. Yol boyu 12-13 yaşlı yeniyetmələr əlində, çiynində bayraq dalğalandırır. Sürücü dedi ki, burdan o tərəfə maşın girməyəcək gərək düşüb piyada gedim. Elə də etdim.  Sürücü ilə sağollaşıb maşından düşdüm. Önümə çıxan 40 yaşlarında nigaran baxışlı bir qadından şəhidin evinə hardan gedə biləcəyimi soruşdum. Məlum oldu ki, xanım da ora gedir. Birlikdə addımladıq. Xısın-xısın ağlayan bu gənc xanımın Ravilin yaxını olacağını düşündüm. Məlum oldu ki, heç bir qohumluq əlaqəsi yoxdur. Şəhid anasıdır. İlahi bu yaşda da şəhid anası olarmı? Axı çox gəncdir.

Dostayevskinin bir sözü var. Deyirdi ki, “insanları bəzən dərdlərindəki oxşarlıq qədər bir-birinə bağlayan heç bir şey yoxdur”. İndi bu qadın da bala dərdini götürüb gedirdi o evə.

Hamının baxışlarında nigarançılıq, hərəkətlərində bir təlaş var. Əllərində bayraq aşağı-yuxarı qaçışan uşaqlar isə nə baş verdiyini dərk etmirdilər. Hələ lap kiçik yaşlarda olan bir oğlan uşağı yolda hər gördüyü qara maşının arxasınca, “Şəhid gəldi, şəhid gəldi” deyib hay salırdı.

Şəhid Ravilin böyüdüyü qaçqın daxmasının olduğu həyətə yaxınlaşdıqca bədənim buz kəsir, barmaqlarımda keyimə hiss edirəm. Üstündən kədər yağan ikimərtəbəli yarımtikilinin önündəki izdihamı yarıb böyük, ağ mağara yaxınlaşıram. İçimdə bir az narahatlıq, bir az da xəcalət hissi ilə mağarın içərəsinə  boylanıram. Ağlamaqdan gözləri şişən qadınlardan Ravilin anasını, yaxınlarını soruşuram. Bir xanım məni mağarın başına qədər müşaiyət edir. Ravilin anasını göstərir. Yaxınlaşıb yanında əyləşib qadınlarla söhbətinə qulaq asıram. Balasını itirən anaların gözlərinə baxmaqdan həmişə çəkinmişəm. Ravilin anasının gözlərinə də baxa bilmədim.

Ağlamırdı. Gözlədiyimdən daha sakit, daha təmkinli idi Ravilin anası. Məğrur dayanmağa çalışırdı. Gözlərində“bəlkə də sağdı” ümidi alışıb-yanırdı. Sakit səslə, lap pıçıltı ilə Ravildən danışır, danışarkən gülümsəyir. Sanki Ravilin cənazəsini deyil özünü gözləyirmiş kimi danışır. O, danışır mağarda hamı hönkürtü ilə ağlayır. Amma ana ağlamır. Elə bircə onu deyir ki, “5 aydı balamı görmürəm. 5 aydı həsrətik bir-birimizə.”

Xatirələrindəki oğlunu qucaqlayır, boyunu sevir. Onun haqqında keçmiş zamanda yox indiki zamanda danışır:

-Elə yaxşı oğuldu ki… Bir dəfə də məni incitməyib. Mən 4 balamı atasız, əziyyətlərlə böyütmüşəm. Bax gördüyünüz bu uçuq binanın bir otaqlı damında böyütmüşəm Ravili. Mənim balam qoçaq idi. Vətənini, xalqını çox sevirdi. Onun ürəyi partlayırdı ki, torpaqlar niyə hələ də işğal altındadı. Baş verən bütün müharibələrdə iştirak edib balam. Cəbrayıldan çıxanda qucağımda idi Ravil. Sonra Cəbrayılın alınmasında iştirak etdi. Bu qədər ağır döyüşlərə girmişdi ölməmişdi balam. İnamıram əzrayıla can verə.

Ravil iki dəfə “Qisas” anti-terror əməliyyatından, 44 günlük müharibə zamanı ən ağır, çətin əməliyyatlardan sağ çıxsa da bu son döyüşdən sağ çıxa bilmədi. Bu onun, “ya şəhid olacam, ya general” şüarı ilə seçdiyi şərəfli yolu idi. Bir çox arzuları yarımçıq qalsa da Ravil vətənlə bağlı arzusuna çatmışdı.

Mağarın başında qurulan masada 25-26 yaşlarında qara paltarlı bir qadın, “Ravil, ay Ravil çox darıxıram gəl” deyə fəryad edir. Səsindəki sızıltı ürəyimi deşir. Mənə çox çətin idi bu yaşda çiyinlərinə bu boyda ağır yük yüklənən qadına sual vermək. Bir xeyli müddət qarşılıqlı susduq. Onun gözlərinin içinə baxmaq, baxışlarından yağan suallara cavab tapmaq çox çətin idi.

Adı Leyladır. Gecə kimi qara saçlarının arasında bir gecədə bitən ağ telləri gözümə batır. Orta yaşlı bir qadın cəld hərəkətlə gətirib başına qara yaylıq bağlayır. Dəşhətə gəlirəm. Bir neçə il əvvəl ağ gəlinlikdə xoşbəxtlik rəqsi edən gəlin indi yas mağarının başında qara yaylığa bürünüb ağı deyir: “Ravil, ay Ravil nə olar məni bircə dəfə yığ. Yaman darıxıram sənsiz!!”

Nakam sevgi

Nə qədər çətin olsa da bütün cəsarətimi toplayıb Leyladan Ravili soruşuram. Xoşbəxt günlərindən danışır:

-Biz elə xoşbəxt idik ki… Biz onunla tanış olanda Ravil hərbçi deyildi. Bacımın həyat yoldaşı hərbçi idi, onların əziyyətlərini, bacımın qorxularını gördüyüm üçün həmişə deyirdim mən heç vaxt hərbçi ilə ailə qurmaram. Mən özüm xareqorafiyanı bitirmişəm. Ravil də incəsənət sahəsində təhsil almışdı. Biz tanış olanda mənim onun gələcəklə bağlı planlarından xəbərim yox idi. Toyumuza bir həftə qalmış gəlib dedi ki, Xüsusi Təyinatlı Qüvvələrdə işə düzəlib.

Ravilin əsas ixtisası aktyorluq olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin atyorluq kursunda dörd il təhsil alan Ravil tələbəlik illərində bir sıra qısammetrajlı filmlərdə rol alır, 2012- ci ildə Xəzər Televiziyasında yayımlanan “Həyat varsa” adlı teleserialın bölümlərindən birində həkim roluna çəkilir. Qısa bir müddət model kimi də fəaliyyət göstərib. Universteti bitirdikdən sonra hərbi xidmətə yola düşən Ravil hərbi xidmət zamanı fikrində qəti bir dəyişiklik edir. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edərkən o həyatının geri qalan hissəsini vətənə həsr etmək qərarını verir. Ravilin bu qərarı nə ailəsinin, nə də bir həftə sonra sonra evlənəcəyi qızın(Leyla) ürəyincə olmur. Onun qərarına qarşı çıxan ailə üzvlərinə dediyi son söz isə bu olur: “Mən şəhid olmasam, o şəhid olmasa bu torpaqları kim azad edəcək bəs?”

Leyla Ravildən bəhs edərkən qeyri-ixtiyari dodaqlarına təbəssüm qonur. Telefonu açıb xoşbəxt günlərindən xatirə qalan şəkilləri göstərir mənə.

-Baxın burda mənə heç indiki qıza oxşayıram? Məni nə günə qoydun ay Ravil!

Yarım qalan arzular

Bu xoşbəxt ailə tablosunakı qız doğurdan da Leyladan fərqli baxırdı. Bir gündə qocalmaq ifadəsi ki, var bax o ifadə Leylanın boyuna biçilmişdi bu gün.

– Hadisədən necə xəbər tutdunuz?

-Bizə zəng gələndə birinci dedilər ki, Ravil yaralanıb. Qəribə də olsa sevindim. Dedim eybi yox təki sağ qalsın gedib görüm onu. Amma sonra dedilər ki, qan itirdiyi üçün keçinib. Güllə sinəsindən dəyib. Əlaqə yarada bilməyib ki, kömək çağırsın. Tibbi yardım heyəti gəlib çatana qədər qan itkisindən ölüb. Bəlkə də vaxtında gəlib götürsəydilər sağ qalardı. O balalarından doymadı, mən ondana doymadım. Çox ağırdı. Çox çətindi. Dözə bilmirəm. İki gündü yolunu gözləyirəm. Gündə beş dəfə zəng vururdu mənə. İki gündü telefon susub…

– Sonuncu dəfə nə vaxt gördünüz Ravili. Sizə nə dedi gedərkən?

-Melisa doğulandan iki gün sonra getdi cəbhə xəttinə. Arada icazə istəyib ki, gedim balalarımı görüm. İcazə verməyiblər. Sonuncu dəfə telefonla danışanda dedi, Leyla mənə nə isə olsa uşaqlardan muğayat ol. Elə hey deyirdi mən Milli Qəhrəman olacam (ağlayır). Mən onu evdən gülə-gülə yola salmışdım. Bilsəydim bu onun son gedişidir ölərdim, amma buraxmazdım getsin. Həmişə deyirdi ki, Leyla görəsən biz yaşlananda necə görünəcəyik? Sonra da deyirdi yox mən qoymayacam qocalaq. Uşaqlar böyüyəndən sonra hər səhər idmana çıxarıq dəniz kənarında velosiped sürərik. Bizim o qədər arzularımız var idi. Hamısı yarımçıq qaldı… Məni tək qoydu getdi.

– Ən çox nəyi arzu edirdi?

– Biz evlənəndən kirayədə yaşayırdıq. Ən böyük arzusu ev almaq idi. Deyirdi ev alacam Leyla bir az da səbr et…

Hıçqırıq boğur Leylanı. Başını qaldırıb Ravilin divardan asılan şəkilinə baxır: “İstəmirəm ay Ravil ev zad istəmirəm özün gəl…” deyir.

Anasının yanındakı arabadan 4 aylıq Melisanın qığıltısı eşidilir. Atasının doğulandan cəmi ikicə gün gördüyü Melisa…

Bir tərəfdə ağlayıb qışqırmaqdan səsi batan, gücü tükənən Leyla, bir tərəfdə güclü dayanmağa çalışan, ürkütücü təmkinlə gözünü qapıya zilləyən ana, bir yanda da “kaş zəng gələ ki, ölən Ravil deyil” deyib fəryad edən bacı. Mağarın üstümə gəldiyini hiss etdim və özümü çölə atdım. Hava da səhərki hava deyil. Soyuq deyil, amma aura üşüdür adamı. Mağarın böyür-başındakı qadınlar havadakı ani dəyişiliyi mistikaya bağlayır: Hava da fəryad edir Ravilin ölümünə: “Belə oğulu torpağa qoyarlar heç?”

İnanmaq istəyirəm mən də. Doğurdan axı mən bura gələndə hava belə deyildi…

Ravilin böyüdüyü “evə” girirəm. Darısqal, yarıqaranlıq, sanki heç vaxt günəş şüasının düşmədiyi bu daxmaya ev demək mümkün deyil. Amma Ravil bu daxmada böyüyüb. Bu uçuq-sökük daxmanın sınıq-salxaq qapısından anası onu məktəbə, sonra universitetə yola salıb. İndi bir neçə saat sonra bu qapıdan anası Ravili son mənzilə yola salacaq.

Son ümid

Hərdən deyirəm yaxşı ki, şəhidlik adlanan bir dünyamız var. Ora sığınıb  təsəlli tapırıq. Yoxsa dayanılacaq dərd deyil bu dərd. Yaxınlarımızı, doğmalarımızı, tanıdıqlarımızı gənc yaşda torpağa verməyin ağrısı ilə yaşamaq daha ağır olar.

Saat 4:00. Hamı şəhidini gözləyir. Gözlər yalnız bir istiqamətə zillənib. Bayraqlarla bəzənmiş yola. O yola yalnız bir qadın Ravilin cənazəsinin deyil, özünün gələcəyi ümidi ilə baxır. Bir möcüzə gözləyir o yoldan Leyla. Elə bu an bir telefon uzadırlar ona. Ondan Ravilin bədənində hərhansı bir işarə olub-olmadığını soruşurlar. O an Leylanın gözlərində dəşətli bir işıq görünür. O necə bir ümid işığı idi hər tərəfi aydınlatdı sanki. İşıq saçdı Leyla bir neçə saniyəlik ətrafa. Ravilin bədənindəki əməliyyat izinin olduğunu dedi və dəstəyin o tərəfindən gələn cavab gözündəki işığı o anda söndürdü.

Mağarın içinə də, çölünə də dərin bir sükut çöküb. Heç kim ağlamır. Ara-sıra Leylanın yorğun iniltisi eşidilir: “Hardasan ay Ravil? Bircə dəfə gəl ay Ravil. Darıxıram ay Ravil”.

Günel Musa

Bakupost