Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 29 iyul tarixli açıqlamasına görə, Ermənistan Qarabağ məsələsini ərazi məsələsi hesab etmir. Bu, artıq onlar üçün sadəcə regiondakı ermənilərin haqları və təhlükəsizliyinin təmini məsələsidir. Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin olunması üçün əsas ideyalardan biri Qarabağın demilitarizasiyasının təşkil olunmasıdır. Ermənistan höküməti Azərbaycanla uzun-müddətli sülh gündəliyinin formalaşdırılmasını dövlət siyasəti olaraq mümkün hesab edir. Bu açıqlamanın son günlərdə Ermənistan-Azərbaycan sərhəddində yaşanan gərginlik fonunda gəlməsi, məsələyə rəsmi Yerevanın mövqeyini ortaya qoyur. Sülh prosesini sabotaj etməyə çalışan qüvvələr isə hər zaman var. Odur ki, Qarabağda yeni müharibənin başlanmayacağını, proseslərin sülh istiqamətində cərəyan etdiyini, bununla belə olduqca həssas məqamların olduğunu deyə bilərik.
Xüsusilə Laçın koridoruna alternativ yolun Ermənistanda avqustdan etibarən çəkilməyə başlanması, prosesin hansı sürətlə davam edəcəyi, həmçinin vəd etdikləri kimi, sentyabrda Ermənistan qoşununun Qarabağdan tamamilə çıxarılacağı kimi məsələlərin icrası prosesin davamını və axınını müəyyənləşdirəcək.
Ermənilər sülh mesajları səsləndirir, bununla belə Hindistandan dronların alınması və hərbi sazişin imzalanmasına dair xəbərlər onların müharibəyə hazırlaşdığına və təkrar müharibəyə başlaya biləcəyinə dair ehtimallar yaradır. Ermənilərin “Böyük Ermənistan” xülyasından heç bir zaman imtina etməyəcəyi, böyük oyunların kiçik alətləri olaraq qalmaqda davam edəcəkləri, yaxud “sülh istəyirsənsə müharibəyə hazırlaş” məsəlinə əməl edərək silah arsenallarını yenidən yaratdıqlarını düşünə bilərik. Beləliklə ilkin şərait yaranan kimi, tarixin çarxlarını döndərməyi və buna hazırlıq gördüklərini, bununla belə hazırki konyukturda Ermənistanın üzərinə qoyulan beynəlxalq öhdəliklərin yerinə yetirilməsi fonunda onlara ən uyğun ssenarinin gerçəkləşməsini təmin etməyə çalışırlar. Bu öhdəlik beynəlxalq ticarət yollarının keçdiyi “orta dəhliz”in açılması, bunun üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, bu çərçivədə Azərbaycanın tələblərinin yerinə yetirilməsi, o cümlədən ərazi bütövlüyünün tanınması və sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsidir. Lakin Ermənistan bu öhdəlikləri yerinə yetirərəkən həm də Qarabağda yaşayan ermənilər üçün təhlükəsiz həyat şəraitinin təmin edilməsi üçün ideyalar axtarışımdadır. Bu ideyalardan biri olan Qarabağın xüsusi statusunun olmayacağını anlayan ermənilər bu dəfə yeni təklif səsləndirirlər: Qarabağın demilitarizasiyası. Maraqlıdır ki, məhz bu təklifi analiz edən rus eksperti Andrey Nikolayev “Qarabağ Rusiya üçün yeni Kosovo” ola bilər tezisini irəli sürmüşdür. Rusiya üçün Kosovo müttəfiq Serbiyadan Qərbin dəstəyilə ayrılan, itirilmiş ərazidir. Demək ki, Rusiya Qarabağda Azərbaycanın suverenliyinin təmin olunmasını və Qriqoryanın səsləndirdiyi kimi, burda demilitarizasiyanın təşkil olunmasını, regionun Rusiya üçün itirilməsi olaraq dəyərləndirir. Təsadüfi deyil ki, bir çox erməni ekspertlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Qarabağın son statusunun müəyyən olunmasını (yəni Azərbaycanın lehinə) Rusiyanın arzu etmədiyi ssenari hesab edir. Bu ssenari gerçəkləşərsə Rusiya “sülhməramsızları” regionu 2025-ci ildə tərk etməli olacaqlar ki, bu isə regiona Rusiyanın birbaşa təsir imkanını və daima arzuladığı kimi Azərbaycanda hərbi varlığını yox etmək demək olacaqdır. Lakin demilitarizasiya bölgənin hərbisizləşdirilməsi demək olub, bölgədəki bütün hərbi birləşmələrin, o cümlədən Rusiya sülhməramlılarının da regionu tərk etməsini birbaşa olaraq özündə ehtiva edəcəkdir.
Ümumiyyətlə demilitarizasiya sözünün anlamına baxaq: hərbi tərksilah; dövlətin bütövlükdə hərbi sənayeyə malik olmasının və hərbi qüvvələr saxlamasının qadağan olunması, yaxud hansısa ərazinin xüsusi olaraq hərbi məqsədlərlə istifadə olunmasının qadağan olunmasını nəzərdə tutan beynəlxalq-hüquqi rejimin yaradılması deməkdir. Məsələn, Antarktida 1959-cu ildə imzalanmış beynəlxalq müqavilə ilə tam olaraq demilitarizasiya olunub. Demilitarizasiya 2 formada baş verə bilər:
1.Demilitarizasiyaya məcbur edilə bilər. Məsələn, 1918-ci ildə I Dünya Müharibəsində məğlub edilən Almaniyanın hərbi hava qüvvələrinə, quru qoşunları və bəzi dəniz qüvvələri üçün bir sıra əhəmiyyətli hərbi vasitələrə sahib olması qadağan edilmiş, həmçinin Reynland ərazisində hərbisizləşdirilmiş zona yaradılmışdı. I Dünya Müharibəsindən sonra Britaniyanın öz ordusunu əhəmiyyətli dərəcədə məhdudlaşdırması onun II Dünya Müharibəsində zəif nəticəsi göstərməsinə səbəb olan əsas amillərdən biri olaraq qiymətləndirilir. Həmçinin 1945-ci ildə II Dünya Müharibəsindən sonra məcburi demilitarizasiya edilən və silahsızlaşdırılan Yaponiya və Almaniya göstərilə bilər. Almaniyanın parçalanması və Soyuq müharibənin gedişində 1950-ci illərdən etibarən Almaniyada təkrar silahlanma başlansa da, alman hərbisizləşdirmə ritorikası və mədəniyyəti 21-ci əsrədək davam etmişdir. Bundesver (Almaniya Silahlı Qüvvələri) 1955-ci ildə yaradılmış (Qərbi Almaniya NATO-ya qoşularkən), bununla belə Almaniya Konstitusiyası silahlı qüvvələrin sadəcə müdafiə xarakteri daşıdığını vurğulayır. Alman hərbi tarixçisi Dieter Krügerə görə yalnız 1966-cı ildən sonra (Fransa Şarl de Qollun hakimiyyəti dövründə NATO-nu tərk etdikdən sonra) Almaniya ordusu gücləndirilməyə başladı (onu da qeyd edim ki, Fransa NATO-ya təkrar 2009-cu ildə qatılmışdır). 1990-cı ildə iki Almaniyanın vahid dövlətdə birləşməsindən, həmçinin SSRİ-nin dağılması ilə yeni dünya nizamının yaranmasından sonra hərbi hissələrin xarici və beynəlxalq fəaliyyəti də artırılmışdır. Bu gün Almaniya hökümətinin hərbi büdcəsini artırması nəticəsində alman ordusu yaxın gələcəkdə təkrarən Avropanın ən güclü ordularından biri olmağa iddialıdır.
2.Hərbi hissələri və ordusunu ümumiyyətlə yaratmaya bilər. Ordusu olmayan dövlətlərə və ərazilərə misal olaraq Andorra, Böyük Britaniyanın Hind okeanı əraziləri, Kayman adaları və Montserrat, Yeni Zelandiyaya aid Kuk adaları, Danimarkaya aid Folkland adası, Farer adaları və Qrinlandiya, Fransız Polineziyası, Fransaya aid Yeni Kaledoniya, Çinə aid Honq-Konq və Makau, ABŞ ərazisi Puerto Riko, Norveçin ərazisi Svalbard, o cümlədən İslandiya, Kiribati, Lixtenşteyn, Marşall adaları, Mauritius, Mikroneziya, Monako, Nauru, Palau, Panama, Saint Lusia, Saint Vinsent və Qrenadines, Samoa, San Marino, Solomon adaları, Tuvalu, Vanuatu, Kosta Rika (1948-ci ildə ordusunu ləğv etmişdir), Dominika, Vatikan. Məsələn, Vatikanın daxili təhlükəsizliyini İsveçrə və onun polisi təşkil edir, müharibə olarsa beynəlxalq təhlükəsizliyindən isə İtaliya məsuldur. Yaxud Andorranın təhlükəsizliyi və müdafiəsindən Fransa və İspaniya birgə məsuldurlar.
Dünyada hazırda artan gərginlik və bir sıra aktiv və passiv münaqişə ocaqları, xüsusilə III Dünya Müharibəsinin yaşana biləcəyi ehtimalı fonunda demilitarizasiya çağırışları da artmaqdadır. Məsələn, Polşanın Müdafiə Nazirliyinin keçmiş rəis müavininin Kalininqradla bağlı demilitarizasiya çağırışı etməsi, onu “NATO-nun ayaqları arasında qoyulmuş barıt çəlləyi” adlandırması, bütün bunlar regionun demilitarizasiyasının əslində təhlükəsizlik tədbirlərinin artırılması məqsədinə xidmət etdiyini göstərir. Maraqlıdır ki, Rusiya da öz təhlükəsizliyi üçün Ukraynada müharibəyə başlayarkən “demilitarizasiya və denasifikasiya” məqsədlərini elan etmişdi. Ermənistanda da Qarabağda bağlı bənzər çağırış ilkin baxışda ermənilərin təhlükəsizliyinin təmin olunmasına hesablanıb. Belə ki, Qarabağın hərbisizləşdirilməsi bölgədən bütün hərbi birləşmələrin çıxarılması, o cümlədən Azərbaycanın hərbi varlığının sıfıra endirilməsi deməkdir. Lakin bu həm də ermənilərin qeyri-qanuni hərbi birləşmələrinin regiondan çıxarılmasına haqq tanınması deməkdir. Başqa sözlə, Azərbaycan Qarabağın demilitarizasiyasını elan edərək rahatlıqla burdakı qeyri-qanuni erməni hərbi birləşmələrinin çıxarılması üçün antiterror əməliyyatına başlaya bilər. Ermənilər daha öncə Azərbaycanda uğurlu antiterror əməliyyatına məruz qalıblar. Ermənilərin Azərbaycanda, xüsusilə Qarabağda qeyri-qanuni hərbi birləşmələri ilə “at oynatdığı” bir zamanda (azərbaycanlılar Ermənistandan kütləvi şəkildə deportasiya edilir, Azərbaycan erməniləri mərkəzi Azərbaycan hökümətini tanımır, azərbaycanlıları Qarabağda öz yurd-yuvalarından qovur, məhv edir və Qarabağın Ermənistana birləşdiriləcəyini bəyan edirdilər) Azərbaycan SSR Sovet Ordusunun qoşunlarının müşayiəti ilə 1991-ci ilin yazında uğurlu Çaykənd əməliyyatını həyata keçirdi. Bunu hər kəs “Halqa Əməliyyatı” (Operatsiya Koltso) olaraq tanıyır. İlk öncə, 1991-ci ilin mart ayında Dağlıq Qarabağ və Ermənistanla sərhəd kəndlərdə “pasport rejimi” tətbiq edildi. Bu, bölgəyə Ermənistandan və dünyanın bir çox yerlərindən gələn qeyri-qanuni gələn silahlı qrupların, terrorçuların müəyyənləşdirilməsi üçün lazım idi. Daha sonra, aprel ayında əməliyyat zonası olan Göygöl rayonu (əvvəlki adı Xanlar) ərazisində yerləşən Çaykənd və Qarabulaq (əvvəlki adı Martunaşen) kəndlərinə ordu hissələri daxil oldu. Əməliyyatda Azərbaycanın daxili qoşun hissələri, Azərbaycan DİN OMON bölmələri (məhz bu hadisələr gedişində 1990-cı ildə yaradılmışdı), SSRİ Ordusunu tank və istehkam hissələri və SSRİ DİN Bakı Əməliyyat Alayı iştirak edirdi. O zamankı SSRİ mərkəzi hakimiyyəti, rəsmi Moskva bu əməliyyata razılıq vermişdi və məhz bu əməliyyat sayəsində, dinc azərbaycanlılara hücumların baş verdiyi Çaykənd, Qarabulaq, Kamo, Yeni Zod, Todan və digər yaşayış məntəqələri qeyri-qanuni erməni silahlı birləşmələrindən azad edilmiş, o cümlədən ermənilərin 1991-1994-cü illərdə həyata keçirdiyi işğalın coğrafi arealı Azərbaycan təbiətinin ən gözəl dilbər guşələrindən olan Göygölü əhatə etməmişdir. Hadisələr dövründə Azərbaycan dinc erməni əhalisinin bölgəni tərk etməsi üçün bütün şəraiti yaratsa da (avtobus, yük maşınları, hətta helikopterlər təşkil edilmişdi) prosesdə guya azərbaycanlılar tərəfindən öldürülən dinc sakinlər barədə erməni propoqanda maşını dünyaya yalan məlumatlar yaymağa başladı və bu propoqanda uzun müddət Azərbaycan gerçəklərindən xəbərsiz olan dünyada onların xeyrinə işlədi. Fransa və ABŞ-da senatorlar artıq Azərbaycan əleyhinə “SSRİ və Azərbaycanın ermənilərə qarşı aqressiyası” adı ilə qətnamələr verir, çıxışlar və çağırışlar edirdilər. Azərbaycana qarşı “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin 1992-ci ildə qəbul edilməsi də dövrün təsadüfü deyildi. Qeyd edilməlidir ki, Çaykənd əməliyyatı o dövrün hədsiz zərurəti idi. Bu əməliyyatın növbəti mərhələdə, may ayında Şuşa və Hadrutda davam etdirilməsi planlaşdırılmışdı. 15 mayda Şuşada əməliyyat başlandı və 2 gün sonra Azərbaycan OMON-u artıq Xankəndidə, Kərkicahan kəndində idi. Azərbaycanın uğurlu əməliyyatları Ermənistan və Qarabağın erməni xuntasını Azərbaycanla danışıqlara sövq etmişdi və artıq iyul ayında Ermənistan parlamentində Dağlıq Qarabağla bağlı Azərbaycanla danışıqlar aparılması üçün Bakıya nümayəndə göndərilməsinə deputatların əksəriyyəti müsbət rəy vermişdi. 29 iyulda Bakıda danışıqlar baş tutdu. Lakin revanşist ermənilər bu danışıqları baykot etmək və müharibəni davam etdirməkdə maraqlı idi. Danışıqların iştirakçılarından biri (Valeri Qriqoryan) geri döndükdən sonra Xankəndidə öldürüldü. Çaykənd əməliyyatına SSRİ-nin mərkəzi hakimiyyətinin izn verməsinin səbəbi 1991-ci ilin mart ayında həyata keçirilən, nəticələri saxtalaşdırılmış “SSRİ-nin saxlanması haqqında” referenduma Azərbaycan əhalisinin 95% səslə ittifaqın qorunmasına razı olması idi. Lakin hadisələrin ümumi gedişatı, Ermənistandan Qarabağ ermənilərinin qeyri-qanuni əməlləri və buna gizli rus dəstəyi, bütün bunlara etiraz edən Heydər Əliyevin 1991-ci ilin 19 iyul tarixidə Kommunist Partiyasından çıxması, Sovetlərin riyakar siyasətini ifşa etməsi, 1991-ci ilin 30 avqustunda isə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında dövlət müstəqilliyinin vərpa edilməsi haqqında Bəyannamə qəbul edilməsi, 1991-ci ilin 18 oktyabrında AR Ali Sovetinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edərək müstəqilliyimizi rəsmiləşdirməsi və əbədiləşdirməsi nəticə etibarilə bütün bunlar ermənilərin azğın əməllərini artırmasına yol açdı. Sovet dəstəyindən məhrum qalan OMON-çular isə erməni separatizmi qarşısında müqaviməti çox davam etdirə bilmədilər. Bundan az sonra Qarabağda danışıqlar aparmağa məsul edilən şəxslərə qarşı 20 noyabrda Qarakənd faciəsi (vurularaq düşürülən helikopter qəzası) törədildi. Bu faciədə Azərbaycanın mərkəzi hakimiyyət, güc və təhlükəsizlik orqanlarının ən məsul şəxsləri, Vətən oğulları, bu siyahıda Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Milli Məclisin deputatları, Prezident administrasiyasının məsul şəxsləri, jurnalistlər, o cümlədən xarici siyasi nümayəndələr, ümumilikdə 22 nəfər öldürüldü və bundan sonra Qarabağ danışıqları dalana dirəndi və Ermənistanın Qarabağın ətrafındakı Azərbaycan torpaqlarında işğalçılığı vüsət aldı. Bu işğalçılıq siyasəti məhz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əzilməz qətiyyəti və sərt mövqeyi, güclü ordumuz və Qarabağı işğaldan azad etməyə canını qurban verən vətənpərvər oğullarımız sayəsində 44 günlük II Qarabağ Müharibəsində sona çatdırıldı. 9 noyabr 2020-ci il tarixli atəşkəs bəyanatı, yaxud Ermənistanın kapitulyasiya aktı 7 rayonun, həmçinin Şuşanın erməni işğalından azad ediməsini, o cümlədən Qarabağa rus sülhməramlılarının yerləşdirilməsinə paralel olaraq burdakı ermənilərin qeyri-qanuni hərbi birləşmələrin çıxarılması özündə ehtiva etsə də müvafiq hərbi birləşmələr hələ də mövcudluğunu qoruyur, Ermənistandan və bir çox dünya güclərindən maddi və hərbi dəstək alır. Hətta ən son təftiş zamanı rus sülhməramlılarının bölgəyə hərbi maşın karvanı ilə hərəkət etdiyi və qanunsuz silah daşıdığının da şahidi olmuşuq.
Tarixi və real gündəmimizi təşkil edən bütün bu hadisələrin və gerçəkliklərin fonunda Qarabağda III Qarabağ müharibəsi adlanabiləcək II antiterror əməliyyatının keçirilməsinə kəskin ehtiyac vardır. Lakin, bu əməliyyatın baş tutması üçün mütləq şəkildə tarixi şərait yetişməli, o cümlədən prosesin özü mərkəzi Moskva ilə razılaşdırılmalıdır. Azərbaycanın 9 noyabr 2020-ci il bəyanatının 4-cü maddəsinə istinad edərək Qarabağda antiterror əməliyyatı etməsinin müəyyən geosiyasi nəticələri olacaqdır ki, bu da mütləq şəkildə Rusiyanın bölgədə maraqlarının təmin olunması və qorunmasını ehtiva edəcəkdir. Bu, həm də Rusiyanın Ukraynadakı müharibəsi fonunda dünyanın, xüsusilə daima Ermənistana simpatiya bəsləyən Qərbin diqqətinin yayınmasına səbəb olacaqdır. Təbii olaraq, erməni diasporunun və lobbisinin əbədi özfəaliyyəti olan yalan və propoqanda maşını işləyərək Azərbaycana və Türkiyəyə, ola bilsin Rusiyaya qarşı da, dünyadan, hətta İrandan da kəskin etirazlar, qınaqlar, müvafiq qətnamələrin gəlməsinə səbəb olacaqdır. Lakin bölgədə hərbi əməliyyat daha sonra Qarabağın demilitarizasiyasını da özündə ehtiva etməli, bəlkə də, bölgənin təhlükəsizliyinin beynəlxalq müdafiəsinin təmin olunması üçün hər hansı qarantiya sənədi imzalanmalıdır. Bu, Azərbaycan və Ermənistanın, Rusiya və Türkiyənin iştirakı ilə birgə qarantiya formasında ola bilər. Dünyada bu cür nümunələr artıq yuxarıda qeyd etdiyim kimi, vardır. Müvafiq əməliyyatın keçirilməsi üçün tarixi şərait isə, Laçın koridoruna alternativ yolun çəkilib başa çatmasından sonra, eyni zamanda Ermənistanın öz öhdəliyinə sadiq qalaraq regionda öz ordu hissələrini çıxarmasına paralel olaraq formalaşa bilər. Bu çərçivədə Azərbaycan öz hakimiyyəti altında yaşamaq istəyən Qarabağın dinc erməni sakinlərinə vətəndaşlığa qəbul prosedurunu yarada, “pasport yoxlanışı” əməliyyatı keçirərək Qarabağda qeyri-qanuni olan dinc ermənilərin alternativ yolla Ermənistana yola salınması təşkil edilə, ermənilərin qeyri-qanuni silahlı qruplaşmalarının üzvü olanların isə antiterror əməliyyatı vasitəsilə fəaliyyətlərinə birdəfəlik son qoyula bilər.
Şəhla Cəlilzadə