Litvalı jurnalistlə müsahibə: “Xocalıda baş verənləri dünyaya çatdırdığım üçün erməni millətçiləri məni ölümlə hədələdi”

27 İyul, 15:32

Litvanın tanınmış hərbi jurnalisti və fotoqrafı Riçards Lapaitsin ekskluziv müsahibəsi.

 -Sizdən müsahibə almaq istədiyimi deyəndə təəccüblə qarşıladınız istəyimi. Səbəbi açığı mənə çox maraqlıdır.

– Çünki bu günə kimi mənim haqqımda Azərbaycan mediasında çox az yazılıb və müsahibəm yayımlanıb. O da lap çoxdan olub. Bir-iki mətbu orqanı və “Bakı fəhləsi” qəzetini çıxmaq şərtilə mənə çox az sayda müsahibə üçün müraciət olundu. Sən məndən müsahibə istəyəndə mən açığı deyim çox sevindim, həm də təəccübləndim.

-Bu sizə pis təsir edir?

-Daha çox təəccübləndirir. Azərbaycanın o qanlı-qadalı illərində, informasiya blokadasını yarmağı bacaran demək olar ki, yeganə xarici jurnalist olaraq buna təəccüb etmişəm həmişə. Amma mən istəməzdim söhbətimiz giley-güzar ab-havasında davam etsin. Bütün hallarda Azərbaycan və azərbaycanlılar mənim üçün dəyərlidir.

– Qarabağda müharibə başlayanda çox gənc bir müxbir idiniz. O vaxt indiki təcrübədə olsaydınız nələri fərqli edərdiz?

– İndiki yaşda və təcrübədə olsaydım bir çox şeyləri fərqli şəkildə həyata keçirərdim (bir qədər fikirə gedir).  Bilmirəm bəlkə də edə bilməzdim. Çünki bir vacib məsələ var ki, o vaxt mən texniki baxımdan təmin olunmamaşdım. Təsəvvür et fotoqrafam, amma fotoaparatım yox idi. Çəkilişə gedəndə başqasından fotoaparat götürürdüm çəkilişdən sonra qaytarırdım. O dövrün Azərbaycan hökumətinin də informasiya məsələsində xeyli laqeyid yanaşmaları var idi. Məsələn mən Litvadan vurub Azərbaycana gəlmişdim, Qarabağda baş verənləri dünyaya çatdırmaq üçün fəaliyyət göstərirdim, amma bu fəaliyyət heç kimə maraqlı deyildi o vaxt. Dövlət adamları ilə əlaqə yaratmaq mümkün deyildi. Onların əksəriyyəti Rusiyaya işləyən, rusların mövqeyini müdafiə edən adamlar idi və onları Qarabağın, qarabağlıların taleyi maraqlandırmırdı. Təsəvvür e o vaxt xaricdən gələn jurnalistlər üçün bir məntəqə belə yox idi. Dövlət tərəfindən heç bir rəsmi məlumat verilmirdi bizə və biz ancaq gördüklərimizi yazırdıq. O vaxt ümumiyyətlə elə bir mühit idi ki, heç kimi sənin nə düşündüyün, nə yazdığın, kimə xəbər apardığın, hansı mövqedə dayandığın maraqlandırmırdı. Bu zaman təbii ki, xarici media nümayəndələri narazı qalırdılar. Onlar düşünürdülər ki, əgər yerli camaata, hakim orqanlara bizim işimiz lazım deyilsə, onlar bizimlə maraqlanmırsa biz nə üçün Azərbaycanda baş verənləri dünyaya çatdırmağa cəhd etməliyik. Nə üçün risk almalıyıq?

 

– Bildiyim qədərilə Elçibəylə çox maraqlı bir görüşünüz olub və Elçibəyin həmin dövrdə müsahibə verdiyi yeganə xarici jurnalist siz olmusunuz. Necə baş tutdu bu görüş?

– Əbülfəz Elçibəylə görüş çox maraqlı bir görüş idi. Əslində bu görüş mənim onu görmək istədiyim üçün deyil, onun məni görmək istədiyi üçün baş tutmuşdu. Çünki o vaxt çox çətin bir zaman idi və hər kəs Azərbaycanda informasiya blokadasında idi. Düzgün və doğru informasiyaların yayılmasına ciddi maneələr var idi. Bayaq da qeyd etdiyim kimi heç o vaxt Azərbaycanda olan mühit də bunda maraqlı deyildi. Əlbülfəz Elçibəy digərləri ilə müqayisədə çox düzgün yanaşma sərgiləyirdi. O, Azərbaycanda baş verənlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında və yayılmasında çox maraqlı idi. Həmin dövrdə daha çox Rusiyadan gələn jurnalistlər fəaliyyət göstərirdilər və onlara daha çox şərait yaradılırdı. Rus jurnalistləri də istər-istəməz Kremlə bağlı idi. Kremlin də təbii ki, Azərbaycanda baş verənləri dünyaya necə çatdırılmasında öz maraqları var idi. Ona görə də xəbərlərin obyektiv şəkildə dünyaya çatdırılması mümkünsüz idi. Əbülfəz Elçibəy bilirdi ki, mən orda olan yeganə jurnalist idim ki, hər şeyi olduğu kimi obyektiv şəkildə dünyaya çatdırıram.  Ona görə də o mənimlə görüşmək istədi.

– Prezidentin sizinlə görüşmək istədiyini biləndə reaksiyanız necə oldu?

– Bu mənim üçün gözlənilməz bir hadisə idi. Düşün ki, sən oturub çay içirsən və birdən qara kostyumlu insanlar sənin yanına gəlib deyir ki, sən indi prezidentin yanına gedirsən. Bu tarixdə çox az insanın başına gələn hadisədir. Mənim üçün o qədər qeyri-adi bir hadisə idi ki, mən köynəyimi belə dəyişə bilmədim. Müharibə şəraitində əynimdəki kirli köynək və cins şalvar, ayağımda idman ayaqqabısı ilə prezidentlə görüşə getdim(gülür). Hesab edirəm bir jurnalistin peşəkarlığı ondan ibarətdir ki, o hər bir şəraitdə bütün şərtlər altında müsahibə almağa və obyektiv olmağa hazır olmalıdır.  Mənə yolda məlumat verdilər ki, prezident Azərbaycan dilində sualları cavablandıracaq. Tərcüməçi olacaq yanımızda və bizə söhbət üçün 10-15 dəqiqə zaman ayrılacaq. Mənə vaxtı uzatmamağı tövsiyə edirdilər.

– Elçibəylə görüşü kariyeranızda dönüş nöqtəsi hesab etmək olarmı?

Düşünürəm ki, olar. Mənim onda 23 yaşım var idi və çox təcrübəsiz bir jurnalist idim. Elçibəylə görüşü çox gözlənilməz, amma həyatımda baş verən ən möhtəşəm hadisələrdən biri kimi qiymətləndirirəm. Çünki o görüş mənim üçün həqiqətən çox əhəmiyyətli görüş idi. Mənim Elçibəylə müsahibəm Litvanın ən yaxşı qəzeti “Lietuvos ryatos”da çap olundu.

 Yol boyu mən ona hansı sualları verəcəyimi düşünürdüm. Əlbəttə eyni hadisə indi baş vermiş olsaydı mən ona tamamilə fərqli suallar verərdim, daha ciddi hazırlaşardım. Amma dediyim kimi o vaxt mənim hazırlaşmağa heç vaxtım yox idi mühit də buna imkan vermirdi.

Elçibəylə görüşdüyümüz zaman o mənimlə əvvəlcə Azərbaycan dilində danışmağa başladı. Ancaq tərcümə prosesi çox uzun çəkirdi və ikimiz də anlayırdıq ki, belə zaman itiririk. Ona görə də Əbülfəz Elçibəy mənimlə birbaşa rus dilində danışmaq qərarına gəldi. Rus dilini çox normal danışırdı mən onu rahat başa düşürdüm. Birbaşa müsahibə daha rahat idi. Çünki mən onu bu şəkildə daha rahat hiss edirdim və mənə nə cavab verəcəyini əvvəlcədən təxmin edə bilirdim növbəti sualımı ona uyğun hazırlayırdım.

Elçibəylə müsahibə mənə Azərbaycandan daha çox Litvada böyük uğur gətirmişdi. Mənim Azərbaycan prezidentindən təkbətək müsahibə almağım Litvada hər kəsi təəccübləndirmişdi.

-Elçibəy yaddaşınızda necə bir iz buraxıb?

-Elçibəy çox qeyri-adi bir insan idi. Onun dünyaya baxışı hər kəs kimi deyildi. O əsl demokrat idi və bəlkə də əsil demokrat olması onu məhvə apardı. O, hər şeyi çox açıq və dəqiq danışırdı.  Onu da qeyd edim ki, həmin dövrdə Elçibəy jurnalistlərlə görüşməyi sevmirdi. Heç bir jurnalisti qəbul etmirdi. Özü də qeyd edirdi ki, “mən xalqım üçün bir şey edənə qədər jurnalistlərə müsahibə verməyəcəm”. Bəzən olur sosial mediada bəzi insanların Elçibəy haqqında mənfi şeylər danışdıqlarını görürəm və çox təəssüf edirəm buna. Görəsən o insanlar həmin dövrdə, həmin kürsüdə, həmin yolda olsaydılar hansı mövqe tutardılar, özlərini necə aparardılar? Elçibəyə daş atmazdan əvvəl o insanlar məncə bunu düşünməlidilər. Bilirsən Elçibəy çox çətin bir vaxtda hakimiyyətə gəlmişdi. Həm tarixi, həm siyasi baxımından çox çətin bir vaxt idi və Elçibəy ağır qərarlar vermək məcburiyyətində idi.

-Elçibəylə əlaqələr sonralar da davam etdimi?

– Hesab edirəm ki, mən jurnalistikaya yeni bir mərhələ gətirdim. 21-ci əsr jurnalistikasında mənim yazım yeni bir yol, yeni bir cığır açdı. Bilirsən jurnalistlər adətən müsahiblərindən istədiyi materialı aldıqdan sonra onlar üçün müsahiblərin heç bir xüsusiliyi qalmır. Amma mənim üçün bu belə olmadı. Həmin görüş bizim Elçibəylə ilk olsa da son görüşümüz olmadı. Biz ondan sonra da bir neçə dəfə görüşdük. O, Naxçıvanın Kələki kəndinə çıxıb gedəndə gedib onu doğma evində də ziyarət etdim. Onun evinin qarşısında böyük bir ağac var idi biz onunla həmin ağacın altında görüşdük, çay içdik, Azərbaycanın gələcəyindən uzun-uzadı söhbətlər etdik. Elçibəy o vaxt meydanda tək qalmışdı. Onunla söhbət edəndə mən başa düşdüm ki, insan çətinliyə düşən zaman sınmır insan tək qaldığı zaman sınır. O vaxt sınır ki, onun əziyyətinə, onun qət etdiyi yola, onun qərarlarına heç kəs fikir vermir, heç kəsə o lazım deyil. İnsan bunu hiss etdikdə sınır.

-Elçibəylə görüş həyatınızda nələri dəyişdi?

– Onunla görüş, o müsahibə mənim həyatımda çox şeyi dəyişdi. Xüsusilə düşüncələrimdə. Elçibəylə görüşüb tanış olduqdan sonra mən başqa bir insanın həyəcanını yaşamağı, kimlərinsə dərdinə necə şərik olmaq olduğunu öyrəndim. Bizim yaşadığımız dünyaya başqa gözlə baxmağa başladım. Mən Azərbaycan anasının, qadınını göz yaşlarını öz dərdim kimi qəbul etməyi öyrəndim.

– Heydər Əliyevlə də görüşünüz necə baş tutdu?

–  1993-cü ildə “Respublika” qəzetinin redaksiyasına gəldim, mənə Naxçıvana səfər təklif etdilər. Gedib lider Heydər Əliyevlə görüşmək lazım idi, o, vəziyyətlə bağlı doğru məlumat verəcəkdi.

Birtəhər Naxçıvana gəldim. Naxçıvana gələn günün ertəsi Heydər Əliyevlə görüşdüm.

Təcrübəsiz jurnalist olduğum üçün bu müsahibə mənim üçün çətin oldu. Ofisə necə girdiyimi heç vaxt unutmayacağam. Otaqda çox adam var idi. Əliyev ayağa qalxdı, salam verdi sonra danışmağa başladı. Onun stolunun üstündə qəzet, birinci səhifəsində isə mənim yazım var idi.

Müsahibədən sonra mənə dedi: “Madam qonağımsan, nəyə ehtiyacın olduğunu söylə, mən kömək edərəm”. Ordubada və Sədərəkə getmək istəyirdim, dostum Ordubadda yaşayırdı, Sədərəkdə isə erməni qoşunlarının kimyəvi silahdan istifadə etdiyi barədə məlumatım var idi, daha çox bilmək istəyirdim. Heydər Əliyev mənə öz maşını və sürücüsünü verdi.

Sevinirəm ki, ölkə üçün belə çətin bir zamanda məni qəbul edən bu heyrətamiz insanla görüşə bildim.

– Müharibə sizə o zamana qədər bilmədiyiniz nələri öyrətdi?

-Mənim üçün ordan hazırladığım xəbərlərdə qeyd etdiyim ölüm sayı sadə rəqəmlər deyildi. Mən onların hər birini hiss edirdim və hər birinin ağrısını onlarla birlikdə yaşayırdım.  Mən orda bir insanın taleyi ilə bütün xalqın taleyini görməyi öyrəndim və düşünürəm ki, bunu sətirlərə çevirməyi bacardım.

-Qarabağdan Litvaya qayıtdıqdan sonra dinc həyata uyğunlaşmaq nə qədər çətin oldu?

– Çox çətin oldu(susur). Qəribədir ki, həyatımda ilk dəfə hansısa suala cavab verməkdə çətinlik çəkirəm. Gərək buna görə məni bağışlayasan. Sən demək olar ki, sari simlərə toxunursan. Buna görə səni təbrik edirəm. Amma mən bu barədə çox danışmaq istəmirəm. Ümid edirəm ki, anlayış göstərəcəksən.

-Ermənilərin başınıza pul ayırdığı doğrudur?

– Onların hamısı bir nəfər kimi mənim adımı bilir. Müharibənin ən qızğın vaxtlarında dəfələrlə cəbhəyə getdim və informasiya blokadasını yarıb Azərbaycanda baş verənləri, erməni vəhşiliklərini dünyaya çatdıra bilmişdim. Bu erməniləri çox qəzəbləndirmişdi. Onlar elə bilirdi ki, mən də digər xarici, xüsusilə rusiyalı jurnalistlər kimi ermənilərin “həqiqəti”ni yazacam. Amma onların gözlədiyi şey baş vermədi. Litvanın ən yaxşı qəzetlərində məqalələrim çıxdı. Hər şeyi olduğu kimi nə görmüşdümsə nöqtəsinə qədər yazmışdım. Erməni millətçiləri tərəfindən dəfələrlə hədələnmişəm. Bəli məni məni öldürmək üçün əmr verilmişdi.

Bilirsən ermənilər üçün ümumi bir rəqəm səsləndirmək adi haldır. Onların ən çox çəkindikləri şey baş verən hadisələrdə zərər çəkmiş bir şəxs haqqında danışmaqdır. Qarabağda əsirlikdə olan insanlara göstəridikləri işkəncələri, dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri konkret bir şəxs üzərindən detallarına qədər yazanda onlar bundan qorxurlar.

– Bu qədər açıq, çərçivəsiz yazmaq öz ölkənizdə, çalışdığınız redaksiyada hansısa maneələr yaratmadı?

– Aydındır ki, hər bir redaksiyanın müəyyən çərçivələri olur və heç bir redaksiya istəmir ki, ona çalışan jurnalist həmin çərçivələrdən kənara çıxsın. Amma mənim heç vaxt çərçivəm olmayıb. Mən Qarabağda müharibə zamanı məsələlərə daha geniş aspektdən baxmağa çalışırdım. Bu baxımdan Qarabağ faciəsi mənə azad jurnalist olmaq üçün güc verdi. Qarabağ hadisələri mənə güc verdi ki, ilk təhdidlərdə, çətinliklərdə dayanmayım, həvəsdən düşməyim, təslim olmayım. Mübarizə aparım. Əlbəttə mən də büdrəmişəm bir çoxları kimi səhv də etmişəm.  Amma mən öz səhvlərimdən öyrənmişəm, nəticə çıxartmışam. Səhvlərimi etiraf etməkdən və düzəltməkdən heç zaman qorxmamışam. Qarabağ müharibəsində mən sanki başqa bir mərhələyə qədəm qoydum. Bu mənim üçün çox əhəmiyyətli idi.

– Aylardır Ukrayna Rusiya arasında dəhşətli müharibə gedir. Uzun illərin hərbi jurnalisti kimi bu müharibə haqqında düşüncələrinizi öyrənmək maraqlı olardı.

– Təəssüflər olsun daha bir ədalətsiz müharibəyə şahidlik edirik. Azad, suveren ölkənin işğalı məqsədi güdən bir müharibədir bu müharibə. Amma Ukrayna təslim olmur. Məncə heç vaxt da təslim olmayacaqlar. Putin bütün sülh şəhərlərini məhv edir. Amma bu gün Rusiya təkcə Ukraynanı məhv etmir. Əslində Rusiya özünü, min ilik tarixini, mədəniyyətini, ədəbiyyatını, idmanla bağlı əldə etdiyi uğurları, iqtisadi gücünü məhv edir. Hansı ki, Stalin sona qədər edə bilməmişdi, ancaq Putin bunu sona çatırır. Bilirsənmi, bu gün Rusiyada yaşayan azad insanlar həbs olunmaqdan qorxduğu üçün Rusiyanı tərk edir. Onlar əslində müharibə istəmirlər və bu müharibəni ədalətsiz hesab edirlər.

-Buçada törədilən qətliam mənə Xocalını xatırlatdı. Sosial mediadakı paylaşımlarınızdan hiss etdim ki, eyni şeyi hiss etmişik.

– Rus əsgəri heç vaxt özünü normal aparmayıb. Biz bu gün Ukraynadakı vəziyyəti Baltikyanı ölkələrdə də görmüşdük.

Əlləri bağlı vəziyyətdə öldürülmüş yüzlərlə insanı küçələrdə görmək mümkündür. Bununla bağlı yetərli qədər fotolar da var. İstəsən mən onları sənə təqdim edə bilərəm. Rus əsgəri eyni vəhşilikləri Berlində də həyata keçirtdi. Bir çox alman kəndlərində qadınlar rus əsgərləri tərəfindən təcavüzə məruz qaldı. Onların bir çoxu intihar etdi, bəzilərini isə rus əsgərləri güllələdi. Rusiya bu gün həmin hadisələri Ukrayanada törədir.

Putin birmənalı olaraq qatildir. Onu başqa cür adlandırmaq mümkün deyil. Onu yaxşı gələcək gözləmir. O ya mühakimə olunacaq, ya da Rusiyada haralardasa gizlənmək məcburiyyətində qalacaq.

Xocalıya gəlincə. Xocalı mənim qəlbimdə böyük bir yaradır. Üzərindən illər keçsə də əlimdən gəldiyi qədər çalışıram ki, orda baş verənləri dünyaya çatdırım. O vaxt Sovet hökumtənin dağıldığı bir vaxt idi və Qarabağ kimi bir neçə bölgədə qaynar nöqtələr yaranmışdı. Moskva və ermənilər elə qələmə verirdilər ki, guya Xocalının azad edilməsi əməliyyatı aparılır. Təbii ki, bu əməliyyat Moskvanın diktəsi ilə həyata keçirilən əməliyyat idi.

Düz anlamısan. Buça faciəsi mənə də Xocalını xatırlatdı. Bu faciə bir daha sübut etdi ki, Xocalıda törədilən cinayətləri erməni terroristləri həyata keçiribsə, onların arxasında Rus əsgəri dayanırdı.

-Mən bilirəm ki, Xocalıda çox şeylərin şahidi olmusunuz. Belə bir faciəyə yaxından şahidlik etmək bir insan olaraq taleyinizi hansısa istiqamətdə dəyişdimi?

– Xocalı kimi dəhşətli faciə istər, istəməz insanın taleyinə, vəziyyətinə birbaşa təsir edir. Sən istəsən də, istəməsən də o dəhşətlə bir müddət yaşamalı olursan. Heç kimə bəlli etməsən də daxilən bu dəhşəti yaşayırsan. Amma bu həyatın sonrakı mərhələlərində özünü göstərir. Bir hərbi jurnalistin döyüş meydanında gördüklərindən təsirlənməsi yolverilməzdi.

Hərbi jurnalist əgər çox emosional davranır, təlaşa qapılırsa və özünü ələ ala bilmirsə o həmin ərazidən dərhal uzaqlaşmalıdır. Çünki hərbi jurnalistikada təlaş qəti qadağandır. İnsan gördüklərindən şok yaşaya bilər, amma hərbi jurnalist özünü  ələ ala bilməli və hisslərini cilovlamağı bacarmalıdır. Yaşadığı o dəhşətin şokunu ətrafdakı insanlara təsir edəcək şəkildə yaşamamalıdır. Hərbi jurnalist hər zaman bilməlidir ki, sakit baxış, sakit başla, öz ayaqlarının üzərində möhkəm durmaqla o həm özünə, həm ətrafındakılara yardım etmək iqtidarına sahibdir. Hərbi jurnalist mümkün qədər soyuqqanlı olmalıdır hər şeyi çox ürəyinə salmamalıdır.

Biz hərbi jurnalistlərlə bir araya toplanıb görüşəndə müharibədən danışmırıq. Ümumiyyətlə o mövzunu açmamağa çalışırıq.  Ailəmizdən, gözəl şeylərdən, gələcəkdən danışırıq. Heç vaxt nə keçmişdən, nə müharibədən bəhs etmirik.

-Buna travma demək olar?

-Bəlkə də.  Müharibə mövzusunu hər dəfə yenidən açmaq danışmaq bir məzarı açıb cəsədi ordan çıxarıb yenidən həmin cəsədi dəfn etməyə bənzəyir. Bir çoxları hərbi jurnalistləri qınayır və onların müharibə ilə bağlı danışmaq istəmədiklərindən giley edirlər, amma mən hərbi jurnalistləri həqiqətən anlayıram. Bu onların hüququdur. Danışmamaq hüququ. Düşünürəm hərbi jurnalist öz sözünü çəkdikləri faktları yayımlamaqla, yazmaqla artıq demiş olur. Ona görə hər dəfə eyni mövzuları açaraq eyni hadisələri yaşamağa məcbur etmək olmaz bizi.  Mən sadəcə Xocalı ilə bağlı demirəm bunu. İstənilən müharibə bölgəsində olan hərbi jurnalistlərin dilindən deyirəm.

– Sizin gündəliyiniz əsasında Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” filmi haqqında da bir az danışaq. Yaşananları yenidən  yaşamaq çox çətin gəlmədi ki sizə?

–  Çətin olmazmı. Təsəvvür etdiyindən də çətin idi mənim üçün. Axı insanı təkcə güllə, qəddarlıq yox, həm də xatirələr öldürür. Heç kim bu dəhşəti ikinci dəfə yaşamaq istəməz.

Ona görə də mənə baş rol təklif olunanda  dərhal razılaşmadım.  Kinorejissorlar filmin baş rol ifaçısını əvvəl Azərbaycanda axtardılar. Maraqlıdır ki, bu faciənin bir çox şahidləri onlara litvalı gəncin- yəni mənim- hadisələrin şahidi olduğunu, çox şey yazdığını söyləyib. Mövzu çox ağrılı idi. Hətta filmdən sonra bütün çəkiliş qrupuna psixoloji dəstək lazım oldu.

– Jurnalistikanın məhz bu ağır, riskli sahəsini seçdiyiniz üçün peşmanlıq hissi keçirdiyiniz anlar olurmu?

– Heç vaxt hərbi jurnalistika ilə məşğul olduğuma peşman olmamışam və mən həmişə ən ali insani prinsipləri üstün tutmuşam. İnsan həyatına, insan ağrılarına, insan taleyinə mən hər zaman həssaslıqla yanaşmışam. Mən insanları heç vaxt milliyyətinə, irqinə dininə görə ayırmamışam. Bütün insanlar mənim üçün eynidir. Mən heç vaxt heç kimi satmamışam.  Mənim üçün hər şeydən üstün əsl insan olmaqdır və ən ümdə məsələ dürüst qalmaqdır. Bir hadisə danışacam sənə. Mən əsirlikdə olanda başıma müxtəlif oyunlar açılanda, rus əsgərləri məndən satqınlıq tələb edəndə mənim onlara olduqca sərt bir cavabım oldu. Mən onlara dedim ki, yaxşısı budur siz məni öldürün nəinki mənə bunu etdirin. Çünki mən heç vaxt, heç kimi satmayacam.  unu onlara birmənalı olaraq bildirdim. Mən bu ideallarla, həm Xocalıda olmuşam, həm Birinci Qarabağ müharibəsində iştirak etmişəm, Çeçenistanda cəbhədə olmuşam. Bizim peşəmiz çox ağır peşədir. Heç bir qonorar, heç bir maaş o görülən işin qarşılığını ödəyə bilməz. Çünki sən bu peşənin tələb etdiyi işi icra etmək üçün həyatını qoyursan ortaya. Hərbi jurnalistin tək bir hədəfi var o da obyektiv olmaq.

– Bir övladınız var. Sizin yolunuzu davam etdirmək istəsə bunu necə qarşılayarsınız?

– Tək istədiyim odur ki, oğlum mənim yolumla getməsin. Çünki bu çox böyük ruh yüksəkliyi tələb edir. Bilirsən müharibədə insanın əsl iç üzü açılır. Kim dostdur, kim düşməndir, kim satqındır. Bunu həmin an anlamaq çox çətindir.

Əfsuslar olsun ki, indiki zamanda jurnalistika çox bərbad vəziyyətdədir. Təəssüflər olsun dünyanın hər bir ölkəsində bir çox jurnalistlər satılırlar. Mən bunların şahidi olduqca inam hissimi itirirəm. Çox ümid edirəm və arzu edirəm ki, jurnalistika təmiz, qərəzsiz və obyektiv olsun.

-İkinci Qarabağ müharibəsi başlayanda və Qarabağ işğaldan azad olunanda hansı hissləri keçirtdin?

– Mən hesab edirəm ki, İkinci Qarabağ müharibəsi təkcə Azərbaycan torpaqlarının erməni işğalından azad olunması deyil bu həm də Qarabağın rus və erməni işğalından azad edilməsi kimi qələmə verilməlidir. Çünki Ermənistanın gücü çatmazdı o boyda ərazini 30 il işğal altında saxlamağa.  1993- cü ildə atəşkəs elan olunanda orda bir söz dedim. Dedim ki, vaxt gələcək biz həmin torpaqlara qayıdacağıq və ədalət bərpa olunacaq. O vaxtdan bu günə kimi mən hər yerdə Azərbaycan həqiqətlərini çatdırmağa davam etmişəm, dayanmamışam. Bu artıq mənim sanki şərəf məsələmə çevrilmişdi.

Azərbaycan ikinci Qarabağ müharibəsinə başlayanda mən əmin idim ki, bu elə-belə bir savaş deyil.  Azərbaycan artıq əmin olaraq öz mövqelərini müdafiəsinə qalxıb öz torpaqlarını geri qaytarmaq üçün iradə nümayiş etdirdi. Əfsuslar olsun pandemiya dövrünə təsadüf etdiyi üçün mən Azərbaycana gələ bilmədim. Amma ürəyim orda idi. Televiziyadan kompüterin qarşısından bir dəqiqə çəkilə bilmirdim. Hər kəndin, hər rayonun işğaldan azad olunmasını həyəcanla izləyirdim və çox sevinirdim.  Sadəcə sosial şəbəkələrdə paylaşımlar edərək Azərbaycanın yanında olduğumu nümayiş etdirirdim. Həmin dövrdə bu cür mənəvi dəstək də əhəmiyyətli idi. Mən silah alıb gedib savaşmamışam, amma öz qələmimlə Azərbaycan həqiqətlərini dünyaya çatdıraraq Azərbaycan xalqının yanında ola bilmişəm. Əlimdən bu gəlib və bunu da əsirgəməmişəm.

Qarabağla bağlı ən böyük arzunuz nədir?

-Ən böyük arzum odur ki, bütün qarabağlılar tez bir zamanda öz yurd-yuvalarına qayıdıb yenidən o yerlərdə kök salsınlar.

Mən bilirəm ki, onların evləri dağıdılıb və dağıdılan təkcə evlər olmadı, Azərbaycanda insanların taleləri də dağıldı.  Amma düşünürəm ki, Azərbaycan hökuməti çox ağıllı siyasət yürüdür. Qarabağa aid olan hər santimetr torpaq Azərbaycana qayıdacaq. Bunu çox ürəkdən arzu edirəm. Bütün Qarabağ çiçəklənsin, Şuşa daha da gözəlləşsin və bundan sonra daha gözəl layhələrin beşiyi olsun.

Şuşa yenidən çiçəklənməli, hamının getdiyi təhlükəsiz məkana  çevrilməlidir. Bunun üçün böyük potensial var və mən inanıram Azərbaycan hökuməti Şuşanın təhlükəslizliyi üçün əhəmiyyətli addımları atacaq. Çünki Qarabağ tək Azərbaycanın bir parçası olan məkan deyil, həm də dünyanın ən unikal məkanlardan biridir. Qarabağ tək öz təbiətinin gözəlliyi ilə deyil, eyni zamanda qədim zəngin tarixə  malik olması ilə dəyərlidir. Mən istəyirəm ki, Füzuli, Ağdam, Kəlbəcər, Zəngilan və digər işğaldan azad olunan torpaqlar əvvəlki günlərinə qayıtsın.

– Bu yaxınlarda Qarabağda oldunuz. Yenidən Qarabağda olmaq necə bir hiss idi?

-Mən Qarabağa ilk dəfə 1992-ci ilin fevralında gəlmişdim. Hərbi toqquşmaların ən qızğın yerlərində oldum. Soyqırımdan sağ çıxan Xocalıları gördüm. Yadımdadır, Ağdamda otellərin birində qalırdım. Ölən xocalılıların cənazələri  Ağdama gətirilmişdi. Onların arasında qadınlar, uşaqlar və qocalar çox idi. Bu, yəqin ki, indiyə qədər gördüyüm ən qorxulu mənzərə idi. O günləri hələ də unuda bilmirəm. 30 il sonra azad olunmuş Qarabağda olmaq məni ən azı azərbaycanlılar qədər kövrəltdi.

 Günel Musa

Bakupost.az