Amerikalı yazıçı və media nəzəriyyəçisi Nil Postmanın təxminən 25 il əvvəl verdiyi “Televiziya mədəniyyəti formalaşdırır, yoxsa sadəcə mədəniyyəti əks etdirirmi?” sualı o vaxtlar bir çox tədqiqatçı və sosial tənqidçilər tərəfindən qəribə qarşılanmışdı. Amma bu gün qarşımızda televiziya kültürü ilə yetişən bir nəsil var. Bəlkə də, mədəniyyətimizdən, mənəvi dəyərlərimizdən uzaqlaşmanın bütün məsuliyyətini televiziyanın üstünə atmaq bir qədər ədalətsizlik olar, ancaq televiziyanın bu aşınmada böyük yer tutduğu da gün kimi aydındır.
İllərdir Azərbaycan kanalları olduqca bəsit adamları efirdə kloun kimi oynadaraq pul qazanmaqla məşğuldur. Bunun, təbii ki, fərqində olub şikayət edən nə ilk, nə də son insan deyiləm. Amma bu qədər narazılığa rəğmən, nəticə heç vaxt dəyişmir və gedişat onu göstərir ki, dəyişməyəcək də. İzləyici bəsit əyləncədən doymadığı, bezmədiyi müddətdə bunu dəyişmək nə ziyalıların, nə peşəkarların əlində olan bir iş kimi də görünür.
Bir- iki il bundan əvvəl Xəzər Televiziyasının direktoru Murad Dadaşovla müsahibə zamanı ona sual verdim ki, bayağı verilişləri azaltmaq üçün addımlar atırsınız bu addımlar davam edəcəkmi? Mənə, “Siz inanmazsınız Tolikin verilişini bağladığımız üçün bizi sosial mediada kütlə linç etdi. Bizi biabır edirdilər ki, nə üçün o verilişi bağlamışıq. Kanala gələn telefon zənglərinin ardı-arası kəsilmədi bizi qınadılar”,-deyə cavab verdi.
Murad bəyin dediklərinə inanmaq olarmı?
Mənə elə gəlir olar. Bunun üçün sosial şəbəkələrdə milyonlarla izləyicisi olan bayağı səhifələrə baxmaq kifayətdir. İnsanlar, həqiqətən də, bu verilişlərə baxırlar. Sevərək yox, söyərək baxırlar həm də.
Əslində, bu problem toyuq-yumurta paradoksu problemidir. Keyfiyyətsiz verilişlərmi bu cür tamaşaçı kütləsi yetişdirir, yoxsa bu cür verilişlərmi küt tamaşaçıların yetişməsinə zəmin yaradır? Hərhalda mübahisəyə açıq bir mövzudur.
Hər gün teleməkanda biabırçılıqlar baş verir. Xalq sosial mediada, jurnalistlər ənənəvi mediada tirajlayır. Biabırçılıqdan reytinq qazanmaq, reytinqi maliyyətə çevirmək ehtirası keyfiyyət axtarışımızı hər gün bir az daha ertələyir. “Dövrün tələbidir” dediyimiz nə varsa, əslində, dövrün deyil, dövrü yanlış anlayan, asana qaçan, düşünmək üçün özünə əziyyət vermək istəməyən insanların əsəridir. Buna sadə tamaşaçıdan tutmuş, xalqa xidmət edən bütün sektorlar daxildir və görünür gün keçdikcə çıxış yolu dalana dirənir.
Son illərdə hardasa hər gün biabır olan ARB kanalı daha bir biabırçılığa imza atdı. Zaur Kamal efirdən sadəcə kefi istədiyi üçün qonağı qovdu. Onun səhnə arxasında, ikilikdə baş tutan söhbəti dəxli olmadığı halda səhnəyə daşıması və “Mənim xoşuma gəlmədiniz sizi proqramdan uzaqlaşdıracağam” deməsi bu adamın 20 ildən çoxdur teleməkanda olmasına baxmayaraq, televiziya qaydalarını, efir etikasını zərrə qədər dərk etmədiyini bir daha gözlər önünə sərmiş oldu. Zalda əyləşən tamaşaçılar da səssiz-səmirsiz bu rəzaləti seyr etdi. Orda oturan digər qonaq da Zaurun qorxusundan durub demədi ki, “Axı sən kimsən Zaur Kamal?”
Zaur Kamal, bəlkə də, ilk dəfə kişi işi ilə məşğul olmadığı üzünə vurulduğu üçün cənublu sənətçini efirdən qovdu. Afşin bəyin “İki kişi arasında olan söhbət elə ikilikdə də qalmalı idi” sözü Zaur Kamalın eqosunu bir balaca cırmaqladı sanki. Bu günə kimi onu efirdə bu cür incə və nəzakətlə pərt edən “duxlu” bir sənətçimiz olmayıb çünki. Azərbaycan şou biznesində demək olar ki, hər kəs Zaurun verilişində söyülmək, təhqir olunmaq üçün sıraya düzülüb. Hətta üstündə pul da verirlər ki, çıxart məni söy efirində toyum artsın. Zaurun güclü olmasının səbəblərindən biri də ar damarının çox dərin qatlarda olmasındadır. İllər sonra ilk dəfə mən Zaurun pərt olduğunu hiss etdim. Hiss etdirməməyə çalışsa da, daxilindəki fınxırtının səsini eşitdim. Qonağı efirdən qovması, əslində, onun acı reallıqla kəllə-kəlləyə dəyib darmadağın olmasının təzahürü idi. Cənublu müğənni heç nə itirmədi. Zaurun manevri ilk dəfə tərs effekt verdi.
Zaur Kamala “tapılmaz Hind qumaşı” anlamı yükləyənlər kimlərdir? Kim verir ona bu boyda səlahiyyəti? Əlbəttə ki, fikri-zikri ancaq lüks həyat arxasınca qaçmaqdan ibarət olan, reytinq burulğanında itib-batan kanal rəhbərliyi. Halbuki efir etikası, yayım məsuliyyəti haqqında detallı bilgilərə sahib olmayan, yaxud da bildiyi halda boş verən kanal rəhbərləri yayım məsuliyyətinə həm qanuni olaraq, həm də etik olaraq hər zaman riayət edilməsinin vacibliyini diqqətdə saxlamağa məcburdurlar. Telekanalın yüksək reytinq əldə etmək istəməsi təbiidir, ancaq bunu ictimai məsuliyyətlə birlikdə təmin etməyə borcludur.
Az qala 20 ildir gözümüzü mazol edən bu çinarboylu oğlanın məzmunsuz verilişlərlə efirdən bir gün əskik olmamasında əlbəttə təkcə kanalların payı yoxdur. Tamaşaçının da əhəmiyyətli bir payı var bu işdə. Əslində hər şey çox sadədədir. Baxmasaq, o verilişlərə reklam verən şirkətləri, məhsulları baykot etsək, özünə, sənətinə hörmət edən sənətçilər o verilişlərə çıxmasa (İşin bu hissəsi bir az çətin məsələdir. Məsələn, doqquz min manatlıq hədiyyə alan Röya, çətin ki, Zaur Kamalın verilişindən imtina edər), qismən də olsa, dayandırmaq olar bu rəzaləti.
Çünki Zauru, Xoşqədəmi, Toliki izləyən kütlə bizim qohumlarımız, qonşularımız, hətta ailə üzvlərimizdir.
Bilmirəm fərqindəsiniz, ya yox, televiziya layihələri cəmiyyətin fəzilətini artırmağa xidmət etmir, daha çox əyləncə ehtiyacını qarşılamaq üçün hazırlanır. Televiziya sektoru tamaşaçını ekran qarşısına kilidləmək motivasiyası ilə ömür sürür. Hazırladıqları verilişlərin cəmiyyətə nə kimi faydası olub, necə deformasiyalara səbəb olduğunu düşünmək onların beyinlərini məşğul edən bir detal deyil. Odur ki, axşamdan bəri səsləndirilən “Zaur efirdən kənarlaşdırılsın” şüarının bizə “oxay” dedirəcək bir həll yolu olduğunu zənn etmirəm. Zaur gedəcək yerinə başqa bir boyu çinar boyda, ağlı topuqdan birini tapıb gətirəcəklər. Yenə “davam edəcək 37”.
Kanal rəhbərləri də inanmıram “qızıl yumurtlayan toyuğu” kəsə. Çünki qazanc bol olduğu müddətdə rüsvay olmaq, alçalmaq, gülünc vəziyyətə düşmək heç kimin vecinə deyil. Bu cür verilişlərin efirlərə yol tapmasında əsas məqsəd reytinqdir. Reytinq reklam, reklam da qazanc deməkdir. Bir proqramın bitişinə sadəcə reytinq səviyyəsinə görə qərar verilir.
Bu məsələdə ən krtik nöqtə reklam verən şirkətlərin öz etibarlarının nə cür zədələndiyini hiss etmədən hələ də belə verilişlərə reklam verməyə davam etməsidir. Onlar reklam verdikcə nə kanal idarəçiləri, nə layihə rəhbərləri, nə prodüserlər, nə də aparıcı verilişlərinin cəmiyyətə zərər verdiyini görmək istəyəcəklər.
Bildiyiniz şeyləri təkrar edib çox zamanınızı almaq fikrində deyiləm. Yekun olaraq fikrim budur ki, televiziya haqqında anlayışımız dəyişənə qədər telekanallardan keyfiyyət gözləmək, mənə elə gəlir ki, boş işdir. Sırf əyləncə məqsədilə maraq duyulan bir kanal keyfiyyət axtarmadığı üçün keyfiyyət istehsalını təmin edə bilməz.
Günel Musa








