Üzeyir Hacıbəylinin skripkasını bağışladığı Şərqin ilk heykəltəraş qadını

14 İyun, 11:53

Bu gün sənəti ilə adını mədəniyyət tariximizə yazdıran görkəmli heykəltəraş Zivər Məmmədovanın anadan olmasından 120 il ötür.

Şərqin ilk heykəltəraş qadını Zivər xanım Məmmədova (Tağıyeva) 1902-ci il iyunun 14-də Bakı şəhərində anadan olub. Hələ uşaq ikən valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olub. Qızının istedadını duyan atası onun arzularının həyata keçməsi üçün böyük səy göstərib. Zivər “Müqəddəs Nina” qızlar gimnaziyasında və Dövlət Türk Musiqi Məktəbində təhsil alıb.

Gənc rəssam 1924-cü ildə Bakı Ali Rəssamlıq Məktəbini bitirib. Bir müddət S.D.Erziya və P.V.Sabsayın emalatxanasında çalışıb və portret ustası kimi tanınıb.

Zivər xanım ziyalı ailəsində böyümüşdür. O, xatirələrində qeyd edir ki, “Müasir dünyagörüşünə malik atam Avropa üslubunda geyinirdi. Onda gözəlliyi görüb duymaq, onu qiymətləndirmək bacarığı var idi. “Kiçik bacımla “Müqəddəs Nina” qızlar məktəbində oxuyurduq. Mən boş vaxtlarımda şəkil çəkir, gildən fiqurlar düzəldirdim. Şəhərimizdə rəssamlıq məktəbinin açıldığını eşidəndə canımdan üşütmə keçdi. Yenə ümidim atama idi. Dil töküb onu yola gətirdim, icazə verdi. Dərhal düzəltdiyim fiqurları götürüb rəssamlıq məktəbinə getdim”.

Z.Məmmədova ötən əsrin 30-40-cı illərdə görkəmli rəssam Əzim Əzimzadənin, opera müğənnisi, aktyor Hüseynqulu Sarabskinin, dünya şöhrətli pəhləvan Sali Süleymanın, Sovet İttifaqı qəhrəmanları Gəray Əsədovun, İdris Süleymanovun, Hüseynbala Əliyevin daş portretlərini yaradıb. İlk qadın təyyarəçilərdən Leyla Məmmədbəyovanın, pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın büstləri dövrünün gözəl heykəltəraşlıq nümunələrindəndir.

Sənətkar dahi bəstəkar Üzeyir Hacıbəylinin obrazını da böyük məhəbbətlə yaradıb. Rəssam dəfələrlə Üzeyir Hacıbəylinin obrazına müraciət edib, bir neçə variantda büst və heykəlini yaradıb. Ümumiyyətlə, Zivər xanım Üzeyir bəyə böyük hörmət və ehtiramla yanaşıb. Çünki o, görkəmli bəstəkarın mühazirələrinin dinləyicisi, 1922-ci ildə yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrinin solisti olub. 1923-cü ildə “Arşın mal alan” operettasının ilk tamaşasında skripkada ifa edib, hətta böyük musiqiçi öz skripkasını da Zivər xanıma bağışlayıb.

Zivər xanım 1924-cü ildə müdrik, gözəl insan Həbib Məmmədovla ailə həyatı qurur. İlkbeşiyi Gülbəniz xanım, bir il sonra isə gələcəkdə tanınmış heykəltəraş kimi ad qazanacaq oğlu Tokay dünyaya gəlir. O vaxt Həbib Məmmədov hələ tələbə idi, gənc ailə bəzən çətinliklərlə üzləşirdi. Lakin onların istedad və bacarıqları bu vəziyyətdən çıxmağa kömək edir. Zivər xanım tələbə olan həyat yoldaşına kömək olur, ailəni saxlamaq üçün müxtəlif işlərdə çalışmaqdan çəkinmir. Bir müddət Azərbaycan dövlət nəşriyyatında tərcüməçi işləyir.

Zivər Məmmədova 1980-ci il aprelin 22-də Bakıda dünyasını dəyişib.

\voicepress.az\