UNICEF həyəcan təbili çaldı: “8 milyon uşaq aclıqdan ölə bilər”

23 İyun, 14:12

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ərzaq qıtlığından ən çox əziyyət çəkən 15 ölkədə milyonlarla uşaq üçün səfərbər olub.

Voicepress.az Alman mətbuatına istinadən xəbər verir ki, Əfqanıstan, Burkina Faso, Çad, Konqo Demokratik Respublikası, Efiopiya, Haiti, Keniya, Madaqaskar, Mali, Niger, Nigeriya, Somali, Cənubi Sudan, Sudan və Yəməndə 5 yaşdan aşağı yaşda olan 8 milyon uşaq qida çatışmazlığından ölüm riski ilə üz-üzədir. UNICEF uşaq ölümlərində mümkün artımın qarşısını almaq üçün bu ölkələri “sürətləndirmə planına” daxil etdiyini açıqlayıb.

UNICEF görüləcək tədbirlərin aktuallığına diqqət çəkərək, qlobal ərzaq böhranının təsirlərinin kəskinləşməsi səbəbindən ilin əvvəlindən daha 260 min uşağın ölüm riski həddinə çatdığını və bunun hər dəqiqədə bir uşaq demək olduğunu bildirib. Böhranın dərinləşməsində Ukrayna müharibəsi ilə əlaqədar artan ərzaq qiymətlərinin, bir çox ölkədə iqlim dəyişikliyi səbəbindən uzunmüddətli quraqlığın və pandemiyanın iqtisadi təsirlərinin rol oynadığı bildirilib.

Sözügedən 15 ölkənin təcili olaraq ərzaq və dərman yardımına ehtiyacı olduğunu ifadə edən UNICEF G7 liderlərini önümüzdəki günlərdə Almaniyada görüşməyə çağırıb.

\voicepress.az\