Saqatelyan: “Paşinyanı aradan qaldıracağıq”

15 İyun, 12:10

“Müqavimət Hərəkatı”nın məqsədi birdir – ermənilərin Qarabağdan qovulmasının, Ermənistanın türkləşdirilməsinin qarşısını almaq, Ermənistanın suverenliyinə qarşı təhlükələri neytrallaşdırmaq. Bunun üçün isə hazırkı hakimiyyət devrilməli və bu məsələlər bitənə qədər məlum postlar ləğv olunmalıdır”.

 Voicepress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan “Fransa Meydanı”nda keçirilən mitinqdə deyib.

Saqatelyan daha sonra hərəkatın nailiyyətlərini sadalayıb:

“Hərəkat sayəsində cəmiyyət ayıldı, cəmiyyətin yalnız kiçik təbəqələrinin Artsax məsələsi ilə maraqlanması məsələsinə nəhayət son qoyuldu.

Beynəlxalq ictimaiyyət anladı ki, burada elə insanlar var ki, onları heç bir qərar və ya güzəştə məcbur etmək olmaz.

Milli ideya ətrafında müxtəlif sosial təbəqələrin və dairələrin dəstəyi ilə geniş konsolidasiya formalaşıb.

İstər ölkə daxilində, istərsə də ondan kənarda sübut olundu ki, bu hakimiyyətin yeni güzəştlər üçün xalq mandatı yoxdur.

Mövcud hakimiyyətin siyasi-ictimai əsasları tamamilə dağıdılıb, hakimiyyətin yeganə dayağı “Vətəndaş Müqaviləsi” partiyasının dar çevrəsi və polisdir.

İctimai diskursda nəhayət ki, Ermənistan dövlətçiliyinin əsasını təşkil etməli olan prioritetlər formalaşıb. Bu gündəm vətəndaşların sayəsində bu meydanda formalaşıb və bundan sonra ictimai gündəmdir.

Müharibədən sonrakı dövrdə rejim cəmiyyətə nə qədər yeni məğlubiyyətlər yaşatmağa, ermənilərin baş verənlərə boyun əydiyinə dünyanı inandırmağa çalışsa da, biz bu hərəkatla bunun əksini sübut etdik. Dedik ki, biz ölkəmizə hakimik, iradəmiz, əzmimiz var. Erməni xalqı müharibədə sarsıdıcı məğlubiyyətin nəticələrini aradan qaldırmağa və yenidən milli tələblər irəli sürməyə başladı.

Aydın bir fərq qoyuldu. Xalqımızın 90%-i açıq şəkildə bəyan edib ki, onlar Qarabağın Azərbaycanın tərkibində olmasına qarşıdırlar. Bu, sorğunun rəsmi nəticəsidir.

Hərəkat ən azından yeni kapitulyasiyaya imza atmağın qarşısını aldı və Paşinyanla Əliyevin qorxusunun səbəbi də budur.Bizim hərəkat Qarabağ ermənilərini ayağa qaldırmağa başladı, diaspora da ayağa qalxmağa başladı.

Ermənistan-Qarabağ-Diaspor üçlüyü bərpa prosesindədir. Siyasi böhran faktdır. Nə qədər gizlətməyə çalışsalar da, bu başqa reallıqdır! Və ictimaiyyətin Paşinyanın vəzifədən uzaqlaşdırılması tələbi aydın və birmənalıdır”, – deyə o bildirib.

İşxan Saqatelyan onu da qeyd edib ki, məhz bu meydanda milli, dövlət özəyi formalaşır. “Bu özəy Ermənistan dövlətçiliyinin yeni keyfiyyətinin əsasına çevriləcək, bu özəy dövlətimizin immunitetinə çevrilərək bizi hər cür infeksiya və xəstəliklərdən qoruyacaq”.

Onun sözlərinə görə, əsas problem həll olunmamış qalır: Ermənistanı hələ də ekzistensial təhlükə yaradan adam idarə edir. “Biz Paşinyanı məhv edəcəyik, onu mütləq aradan qaldıracağıq, amma bunu qan tökmədən edəcəyik” deyib.

\voicepess.az\