Ermənistanda “Müqavimət Hərəkatı”nın keçirdiyi etiraz aksiyaları zamanı polis əməkdaşları 24 fəalı həbs edib, 2 minə yaxın insan saxlanılıb.
Voicepress.az xəbər verir ki, bu barədə “Ermənistan” müxalifət blokundan olan, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan “Facebook” hesabında məlumat paylaşıb:
“Rəsmi məlumatlara görə, indiyədək “Müqavimət Hərəkatı”nın 2100-dən çox üzvü müxtəlif polis bölmələrinə çatdırılıb. Faktiki olaraq saxlanılanların sayı təxminən 2500 nəfərdir” deyə Saqatelyan bildirib.
O, həbs edilən və saxlanılan şəxslərə qarşı ittihamları “əsassız” adlandırıb. Vitse-spiker onu da qeyd edib ki, sosial şəbəkələr və media “polis qanunsuzluğu”nu ifşa edən kadrlarla doludur.
Saqatelyanın fikrincə, Ermənistanda idarətmə tezliklə “diktatura”ya çevriləcək. O, tərəfdarlarını iyunun 6-da saat 19:00-da İrəvanın “Fransa” meydanında keçiriləcək yeni mitinqə toplaşmağa çağırıb.
Xatırladaq ki, İrəvanda kütləvi etirazlar aprelin sonunda başlayıb və may ayında daha da şiddətlənib.
Günel Musa\voicepress.az\