NATO-ya üzvlük böhranı: ABŞ həll üçün ümidlidir

23 İyun, 13:20

ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Türkiyə, İsveç və Finlandiya arasında NATO böhranının tezliklə aradan qaldırılacağına əmin olduğunu bildirib.

Qarşıdan gələn NATO sammitindən əvvəl Türkiyə, İsveç və Finlandiya arasında yaşanan böhranla bağlı ABŞ-dan yeni açıqlama gəlib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində çıxış edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid bəyan edib ki, onlar Vaşinqton olaraq bu həftə tərəflər arasında danışıqların konstruktiv keçdiyini müşahidə ediblər.

“Biz bunun müsbət həll olunacağına əminik. Finlandiya və İsveçin üzvlük üçün NATO alyansı daxilində geniş və ciddi dəstək var”, deyə Donfrid bildirib.

Xatırladaq ki, İsveç və Finlandiya Rusiyanın Ukraynanı işğalından sonra NATO-ya üzvlük üçün müraciət etmişdilər. NATO-ya yeni üzvlərin qəbulu üçün alyansın 30 üzvünün hamısının razılığı tələb olunur. İsveç və Finlandiyanın NATO üzvlüyünə qarşı çıxan Türkiyə bu yanaşmanın əsası kimi yuxarıda adı çəkilən ölkələrin PKK və DHKP-C kimi təşkilatlara münasibətini göstərir. Ankara bu iki ölkənin Türkiyəyə bəzi silah satışına icazə verməməsinə də reaksiya verir.

NATO liderləri iyunun 29-30-da İspaniyanın Madrid şəhərində görüşəcək.

Madriddə keçiriləcək sammitə qədər tərəflərin ortaq bir nöqtədə görüşəcəyini düşünüb-düşünmədiyiniz sualına ABŞ rəsmisi, “Əlbəttə, bunu reallaşdırmağa çalışırıq” cavabını verib.

Prezidentin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini səfir Sedat Önal həftənin əvvəlində Brüsseldə İsveç, Finlandiya və NATO nümayəndələri ilə görüşərək üzvlük böhranını müzakirə ediblər.

Danışıqlardan sonra ABŞ rəsmisi Donfried-in son açıqlamalarına nisbətən daha ehtiyatlı ifadələr işlədən Türkiyə rəsmiləri NATO zirvəsindən sonra mümkün uzlaşmanın ləngiyə biləcəyi siqnalını verib. Kalın bildirib ki, İsveç və Finlandiya Türkiyənin tələbləri ilə bağlı hüquqi tənzimləmələri nə qədər tez etsələr, proses “daha müsbət istiqamətdə sürətlənəcək, daha müsbət istiqamətdə irəliləyiş və sürət qazanacaq”. Bunu yaxın günlərdə birlikdə görəcəyik”, – Kalın əlavə edib.

Bir çox ekspertlər bu fikirdədirlər ki, problem Türkiyə, İsveç və Finlandiya arasında olsa da, ABŞ prezidenti Co Bayden həll prosesində birbaşa iştirak etsəydi, böhrandan çıxmaq daha asan olardı.

Bu iştirakın prezident Rəcəb Tayyib Ərdoğanla Bayden arasında ikitərəfli görüş şəklində ola biləcəyi şərh edilir.

Reuters xəbər verir ki, Bayden administrasiyasının yüksək rütbəli rəsmisi jurnalistlərə deyib ki, ABŞ prezidentinin qarşıdan gələn G7 və NATO sammitləri üçün planında Ərdoğanla heç bir ikitərəfli görüş nəzərdə tutulmayıb. Bununla belə, rəsmi əlavə edib ki, bu sammitlər format baxımından planlaşdırılmamış danışıqlar üçün də geniş imkanlar yaradır.

Xatırladaq ki, Ərdoğan və Bayden sonuncu dəfə 2021-ci ilin oktyabrında İtaliyanın paytaxtı Romada keçirilən G20 sammiti çərçivəsində ikitərəfli görüş keçiriblər.

Tərcümə etdi: Günel Musa

Mənbə: Made form minds