Azərbaycanlı rejissorun filmi bir neçə beynəlxalq festivalda mükafat aldı

6 İyun, 14:58

Rejissor Şamil Əliyevin “Yaradanlar” bədii-sənədli filmi Hindistan və Niderland Krallığında “Ən yaxşı sənədli film” və “Xalı” bədii film layihəsi isə “Ən yaxşı bədii film ssenarisi” naminasiyası üzrə bir neçə beynəlxalq festivalda müxtəlif mükafatlara layiq görülüb.

Voicepress.az  xəbər verir ki, “Yaradanlar” bədii-sənədli filmi dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, eləcə də əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edilib. Bu səbəbdən Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur olublar.

Filmdə həmçinin ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün öz qayğısını əsirgəməməsindən də bəhs edilir.

Qeyd edək ki, “Yaradanlar” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında 2020-ci ildə istehsal olunub. Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri isə Nazim Hüseynovdur.

“Xalı” kinolayihəsi isə unikal Azərbaycan xalçasının film boyu toxunub işlənməsi, bir növ xalını filmin metaforik baş qəhrəmanına çevirir. Filmin sonunda isə onun bir əsər kimi tamamlanıb ortaya qoyulması xalqımızın mədəni irsinin ölməzliyinə, daim yaşarlığına bir işarə kimi verilib.

Onu da vurğulayaq ki, COVID-19 pandemiyası ilə əlaqədar müsabiqələrin nəticəsi onlayn formatda elan olunub.

\voicepress.az\