“Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu keçirildi- Fotolar

17 İyun, 12:41

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu təşkil edilib.

Voicepress.az xəbər verir ki, Forumu açıq elan edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər iştirakçıları salamlayaraq onlara qatıldıqları üçün təşəkkür edib. Aqil Ələsgər Forumun önəminə diqqət çəkib və hər iki ölkə mediasının birlikdə hərəkət etməsinin vacibliyini vurğulayıb.

Fotmda AYD sədri Sinan Burhan, ATEV sədri Tənzilə Rütsəmxanlı, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli, çıxış edərək formun əhəmiyyətindən danışıblar.

Rəsmi çıxışlardan sonra Forum öz işini  “Qarabağ Zəfərində Azərbaycan-Türkiyə Mediasının Rolu” və “Türk Dünyası Media Əməkdaşlığı Axtarışları” başlıqlı panel müzakirələrilə davam etdirib.

“Ülke TV”nin rəhbəri Həsən Öztürkün moderatorluğu ilə keçirilən birinci paneldə millət vəkili Sabir Rüstəmxanlı, “Takvim” qəzetinin Ankara nümayəndəsi Əkrəm Kızıltaş, “CNN Türk” spikeri Güngör Yavuzaslan, “Haber 7″nin rəhbəri Osman Atəşli, “Real” Televiziyasının rəhbəri Mir Şahin Ağayev çıxış ediblər. Müzakirədə Vətən müharibəsi zamanı və ondan sonra həqiqətlərin dünyaya çatdırılmasında hər iki ölkə mediasının gördüyü işlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Emin Pazarcının moderatorluğu ilə keçirilən ikinci paneldə “Türkiyə” qəzeti yazarı Rahim Ər, “Kon TV”nin rəhbəri Yaşar Toy, “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy, “Aydınlık” qəzetinin əməkdaşı Qaffar Yakınca və Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək türk dövlətləri arasında media sahəsindəki əməkdaşlığın mövcud durumu və perspektivləri haqqında müzakirələr aparıblar.

Qeyd edək ki, Forum çərçivəsində “Şuşa ili”nə dəstək məqsədilə Şuşaya səfər təşkil ediləcək. Səfərdə jurnalistlər Qarabağda aparılan quruculuq işlərilə tanış olacaq, onlara erməni vandalizmini yerindəcə görmə imkanı tanınacaqdır.

\voicepress.az\