ABŞ dövlət katibinin köməkçisi: “Azərbaycan və Ermənistanı diplomatik fəaliyyəti aktivləşdirməyə çağırırıq”

23 İyun, 16:35

“Biz Ermənistan və Azərbaycanı Qarabağ münaqişəsi və ondan irəli gələn həll olunmamış problemlərə dair hərtərəfli həll yollar axtararaq dialoqu davam etdirməyə və diplomatik fəaliyyəti aktivləşdirməyə çağırırıq”.

Voicepress.az xəbər verir ki bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karin Donfrid Ermənistan mediasına müsahibəsi zamanı deyib. O, həmçinin dəfələrlə vurğulayıb ki, Qarabağ münaqişəsi həll olunmayıb və Dağlıq Qarabağın yekun statusu dəqiqləşdirilməlidir: “İstənilən həllə nail olunması istiqamətində irəliləyişin təmin edilməsi məsələsində ABŞ Ermənistan və Azərbaycanla istənilən formatda, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında iştirak etməyə hazırdır. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya və Fransa ilə beynəlxalq ictimaiyyətin Ermənistan və Azərbaycana sülhə nail olmaqda ən yaxşı şəkildə necə kömək edə biləcəyi ilə bağlı müzakirələrə açıqdır”.

Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesində hansı perspektivləri görürsünüz sualına Karin Donfrid: “Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması daha geniş regionda sülhün, sabitliyin və rifahın təmin olunması üçün vacibdir. Biz Ermənistan-Türkiyə dialoqunu alqışlayırıq və iki ölkənin fikir ayrılıqlarının diplomatiya və dialoq yolu ilə həllində iştirak etməsini təqdirəlayiq hesab edirik” deyə cavablandırıb.

\voicepress.az\