Xarici diplomatların Qarabağa səfəri niyə əhəmiyyətlidir? – Ekspert rəyi

31 May, 13:14

“Xarici diplomatların işğaldan azad olunmuş bölgələrə səfərlərin təşkili həmin dövlətlərin Azərbaycanın beynəxalq təşkliatlardakı müvafiq qərarların qəbul edilməsinə ciddi dəstək verəcək”.

Bunu Voicepress.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib. O, xarici diplomatların işğaldan azad olunmuş bölgələrə səfərinin  Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Xarici diplomatların Kəlbəcərə səfəri ilə bağlı ümumi bir fikri ifadə etmək lazımdır. Bilirsiniz ki, attaşe və diplomatlarla bağlı diplomatiya növündən  Azərbaycan yeni istifadə etməyə başlayıb.

2020- ci ildə, 44 günlük müharibə dövründə Azərbaycan Prezidentinin köməkçisi və Xarici İşlər Nazirliyinin müvafiq idarələri xarici diplomatlarla, xüsusilə də xarici diplomatların  və xarici səfirliklər tərkibində faliyyət göstərən hərbi attaşelərin itirak etdikləri brifinqlərin keçirilməsi təcrübəsinə müraciət etməyə başladılar. Bu təşkilatçılıq və mövqe göstərmək forması  torpaqlar azad edildikdən sonra formatını yeniləmiş oldu. Bu formatlardan biri də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş bölgələrə səfərə etməsi oldu

Şübhəsiz ki, burda diplomatik nümayəndələr, səfirlər fövqəladə səlahiyyətə malik olan şəxslərlə dövlətlərin ən yüksək səviyyədə təmsil olunması ilə yanaşı, həm də həmin səfirliklərin tərkibində hərbi attaşelərin olması xüsusi bir əhəmiyyət daşıyır. Çünki yayılan məlumatda da bildirilir ki, Ermənsitan Azərbaycanın torpaqlarını işğal altında saxladığı müddətdə o bölgələrdə vandalizm aktı baş verib. Bununla bağlı məlumatlandırılma həyata keçiriləcək. Bölgədə olan attaşelər öz ölkələrində olan hərbi qüvvələrin bu bölgədəki təmsilçiləridir və onlar diplomatik nümayəndələrə bölgənin hərbi eskalasiyası, hərbi tarixi, keçmişi və bölgədə törədilən hərbi cinayətlərin nəticələri ilə bağlı hesabatlar verirlər.

İkinci bir tərəfdən, bu səfərin kütləvi şəkildə təşkil olunması həmin dövlətlərin Azərbaycanın beynəxalq təşkliatlardakı müvafiq qərarların qəbul edilməsinə ciddi dəstək verəcək. Məsələn, biz bu yaxınlarda Ermənistanı Azərbaycan torpaqlarında törətdikləri vandalizmə və Azərbaycanın maddi, mədəni irsinə vurduqları zərərə görə beynəlxalq məhkəməyə verməyə hazırlaşırıq. Düşünürəm ki, bu səfərlərin nəticələri həmin prosesdə xüsusi rol oynayacaq”.

Xatırladaq ki, bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb. Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.

Səfərin məqsədi diplomatları Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə törədilmiş vandalizm aktları barədə məlumatlandırmaqdır.

Günel Musa\voicepress.az\