Təhsil sistemindəki problemlərdən çıxış yolu varmı? -Ekspert nə təklif edir?

20 May, 12:00

Cəmiyyətin bütün təbəqlərində yaşanan fiziki zorakılıq zərərli aludəçilik, intihar, istismar hallarının getdikcə artmasına səbəb olmaqdadır. Son illər orta məktəblərdə yaşanan xoşagəlməz hadisələrin artması təhsil sahəsindəki boşluqları hər dəfə üzümüzə vurur. Şagirdlərin xırda problemləri böyüyərək bir-birinə təhlükə yaradacaq səviyyəyə qədər gəlib çatıbsa burda artıq günahkar təkcə həmin uşaqların valideynləri deyil, həm də məktəb və müəllimlərdir. Ötən gün sosial şəbəkələrdə yayılan müəllimin şagirdi  döydüyünün əks olunduğu videogörüntülər məktəblərdə müəllim-şagird münasibətlərinin ürəkaçan olmadığının növbəti sübutu idi. Uşaqların məna verə bilmədiyimiz davranışları hərhansı bir problemə işarədir. Bunun alt qatını araşdırmaq isə valideynlərin, məktəb rəhbərliyinin, müəllimin öhdəsinə düşür. Mövzuya yetərli qədər həssas olmadıqda ortaya bu günkü mənzərələr çıxır.

Məktəblərdə baş verən xoşagəlməz hadisələrin qarşısını almaq olarmı? Müasir dövrdə müəllimin şagirdi fiziki şiddətlə tərbiyə etməsi doğrudurmu? Məktəblərdə pozulan şagird-məktəb-müəllim tandemini bərpa etmək mümkündürmü?

Suallarımıza cavab tapmaq üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. Ekspert hesab edir ki, Azərbaycanda orta məktəblərdə baş verən xoşagəlməz hadisələrin artması Təhsil Nazirliyindəki boşluqlardan qaynaqlanır:

“ Azərbaycanda 4432 orta təhsil mərkəzində 1 milyondan çox şagird təhsil alır və biz bilirik bütün şagirdlər eyni psixologiyaya, eyni tərbiyyəyə sahib deyil. Əlbəttə təhsil öz ətrafında kifayət qədər böyük kontingenti birləşdirir. Hər gün şagirdlər, müəllimlər və vaildeynlərlə birlikdə təxminən 2 milyon insan prosesin aktiv iştirakçısıdır və xoşagəlməz proseslər zaman-zaman baş verir. Amma bu o demək deyil ki, baş veməlidir.

Baş verən hadisələr onu göstərir ki, təhsilin idarəetməsində ciddi problemlər var, məktəblərə nəzarət yox həddindədir. Şagird- müəllim münasibətləri pozulub bu da bir çox məktəblərdə direktorların məktəbə nəzarət etməməmsinin nəticəsidir. Onların başları qarşıb şəxsi işlərinə, pul yığmağa. Təbii ki, şagirdlər sosial şəbəkələrin təsiri ilə müəyyən qədər dəcəlliyə meyillidir. Amma biz bilirik ki, müəllim pedaqoqdur və heç bir halda şagirdlərin göstərdiyi intizamsızlığa, dəcəlliyə fiziki şiddətlə reaksiya bildirə bilməz. Bu ciddi qanun pozuntusudur. Hesab edirəm ki, məktəb müəllimləri 2014- cü ildə qəbul edilmiş etik -davranış qaydalarına riayət etməlidir.”

 Bir çox valideynlər müəllimlərin şagirdlərə fiziki şiddət göstərməsinə haqq qazandırır. Müasir dövrün uşaqlarının dözülməz davranışları, digər uşaqlara mane olması, tədrisin gedişatını bilərəkdən pozması təkcə müəllimlərin deyil validetynlərin də loru dildə desək, canını boğazına yığıb. Bəs bu vəziyyət necə tənzimlənməlidir? Ekspet hesab edir ki, məktəblərdə şagirdlərlə yetərli qədər məşğul olunmur:

“Təbii ki, şagirdlər normal tədrisin təşkilinə, dərsə mane olurlar. Amma biz onlara digər tərbiyəvi üsullar tətbiq etməklə təhsilə cəlb edə bilərik. Biz onları məşul etməliyik. Bu gün uşaqlar ona görə xoşagəlməz hadisələrə səbəb olur ki, onlarla heç kim işləmir. Biz həmin uşaqlarala işləməliyik, onları məşğul etməliyik. Ola bilər ki, uşaqlar dərslərə maraqsızdır, amma biz onlarda maraq oyatmalıyıq. Müəyyən maraq doğuran tapşırıqlar verməklə işlətməliyik. Bu gün uşaqlar məktəbdə bekar qalırlar və nəticədə onlar dərsin gedişinə mane olurlar. Amma heç bir halda müəllimin uşağa qarşı fiziki şidddətinə haqq qazandırmaq olmaz. Bununla bağlı ciddi cəzalandırılmalar olmalıdır. Əlbəttə şagirdi də başa çıxartmaq olmaz. Amma şagirdə bu qədər sərbəst hərəkət etmək icazəsi verilirsə deməli məktəblərin idarəetməsi doğru deyil, şagird- məktəb-müəllim tandem poulub. Bu gün məktəblərin idarəetməsindəki boşluqlar, Təhsil Nazirliyinin hadisələrə reaksiya verməməsi, ümumiyyətlə məktəblərin Şimal qütbündə, təhsil nazirinin Cənub qütbündə olması vəziyyəti bu yerə gətirib çıxarıb. Bu gün Təhsil Nazirliyi məktəblərə nəzarət etmir. Sadəcə simvolik olaraq gedib məktəblərdə şəkil çəkdirib gəlirirlər.

Baxın, yaxın günlərdə Gəncədə iki şagird bir -birini bıçaqladı, eyni zamanda Bakı şəhərində iki gün ərzində şagird, şagirdi bıçaqladı, müəllim şagirdi döyür. Biz artıq bu xəbərlərdən yorulmuşuq və övladımızı məktəbə göndərmək istəmirik. Çünki hər an bizim övladımızın həyatı üçün təhlükə var. Təhsil Nazirliyindəki məsuliyyətsiz insanlar təhsil sistemində ciddi problemlər yaradıblar.”

Məktəblərlə bağlı xoşagəlməz hadisələrin ortaya çıxdığı məqamlarda tez-tez səslənən bir fikir var. Uşaqlar tərbiyəsizdir. Kamran Əsədov əsasən müəllim və valideynlərin səsləndirdiyi bu ittihama b elə münasibət bildirir:

“Tərbiyə anlayışı nisbi anlayışdır. Biz burda tərəflərdən kimin tərbiyəli, kimin tərbiyəsiz olduğu qərarını heç vaxt verə bilmərik. Bizim üçün qəbul olunmuş davranış normaları var. Şagirdin davranış normaları və müəllimin davranış normaları. Burda mütləq şəkildə yaş xüsusiyyəti, uşağın psixoloji vəziyyəti nəzərə alınmalıdır. Yetkinlik yaşında olan uşaqlar təbii ki, həm yaşıdlarına, həm əks cinsin nümayəndələrinə xoş gəlmək üçün tədrisin gedişini pozur. Bu yeni bir hadisə deyil. Bütün dövrlərdə, hər kəsin məktəb illərində bu hallar olub. Müəllim buna görə 12, 13, 14 yaşlı uşağı cəzalandıra bilməz. Bəli, deyirlər ki, uşaqlar tərbiyəsizdir. Amma bu tərbiyəsizlik hansısa taksi sürücüsünün etdiyi əxlaqsız hərəkət deyil. Bu erkən yaş dövründə uşağın etdiyi davranışlardır. Uşağın etdiyi tərbiyəsizlik dərsi pozmaqdır və bunun cavabı uşağın döyülməsi olmamalıdır. Ona görə ki, müəllim yaş xüsusiyyətini və yaş psixologiyasını bilən şəxsdir. Mən birmənalı şəkildə deyim ki, biz uşağa tərbiyəsiz damğası vura bilmərik. Çünki bizim tərbiyəsiz adlandırıb, “2” verdiyimiz uşaqlar 44 günlük müharibədə döyüşüb Azərbaycanın tarixi torpaqlarını işğaldan azad edib şəhid oldular. Biz bu gün həmin qardaşlardan bəh-bəhlə danışıb qürur duyuruq. Vaılideynlərin tərbiyəsiz adlandırdığı uşaqlar sadəcə olaraq dəcəl və şuluqdur. Tərbiyəsiz bilirsiniz kimdir? Tərbiyəsiz rüşvət alan polisdir, rüşvət alan hakimdir, məmurdur və o tərbiyə olunmur. Uşaqlardakı isə sadəcə yaş xüsusiyyəti və emosionallığı nəzərə alınaraq etdikləri davranışlardır”.

Məktəblərdə bu halların qarşısının alınması üçün nəzarət mexanizmlərinin olmasının vacibliyini bildirən ekspert hesab edir ki, müəyyən tədbirlər həyata keçirməklə müəllim-şagird münasibətlərini normallaşdırmaq mümkündür:

“Dərsdə ciddiyyətin təmin olunmasıyla bunu qarşısını əlbəttə ki, almaq mümkündür. Biz bütün sinif otaqlarına kamera quraşdırsaq artıq uşaqlar, da müəlimlər, də davranışlarına diqqət edəcəklər. Sədə bir missal çəkim. Niyə özəl məktəblərdə bu hallar baş vermir? Çünki nəzarət mexanizmi var. Dövlət orta təhsil məktəblərinin hər birində sinif otaqlarına kamera quraşdırımalı və valideynlərə imkan yaradılmalıdır övladını, dərs prosesini izləyə bilsin. O zaman uşaq, da müəllim, də narahat olacaq, məsuliyyət hiss edəcək ki, məni izləyən var.

Bundan başqa orta məktəblərdə şagirdlərin müstəqil özəl qurumlar tərəfindən bilik və bacarıqları yoxlanılmalıdır. Nəticəsi zəif olan uşaqlar sinfidə saxlanılmalıdır. Bu gün məktəblərimizdə müəllimlərin cəza mexanizmi yoxdur. Cəza mexanizmi deyiləndə acaq döymək başa düşülməməlidi. Cəza mexanzmi müəllimin şagirdin biliyini yoxlaması, qiymət yazmayıb sinifdə saxlamasıdır. Şagirdin narahat olmalı olduğu bir şey olmalıdır. Amma bu gün heç nə uşaqların vecinə deyil. Çünki şagird əmindir ki, nə olursa, olsun ilin sonunda bir şəkildə qiymətini alıb sinifdən-sinifə keçəcək.”

Təhsil ekspertinin fikirlərindən və təkliflərindən nəticə olaraq bunları anlamaq olar ki, təhsil və təlim olduqca ciddi məsələdir. Ona görə də məsələyə hər zamankından daha həssas yanaşmaqda fayda var. Nə qədər həssas, qətiyyətli və iradəli olarsaq təhsildə baş verən bütün problemlərin mütləq həll yollarını tapacağıq. Yaşadığımız əsrdə bu məsələnin əhəmiyyəti hər keçən gün daha çox dərk edilir. İnsanları düzgün tərbiyə etmədən bizim üçün sağlam, əmin-amanlıq, firavan yaşamaq çox çətindir.

Nəticə etibarı ilə bizim əsas kapitalımız təbii sərvətimiz yox, sağlam ruhda yetişdirilmiş və müasir dünyaya hazırlanmış uşaqlardır.

 Günel Musa \voicepress.az\