Ordubadda bir əsrə yaxın yaşı olan tarixi abidə baxımsızlıqdan məhv olur – Fotolar

2 May, 14:37

Ordubadda yaşı 100-dən çoxolan tarixi abidə laqeyidlikdən məhv olmaq üzrədir.

Voicepress.az xəbər verir ki, tanınmış yazıçı-publisisit Mehriban Vəzir sosial şəbəkədə etdiyi paylaşımında Ordubadda yaşı 100-dən çox olan tarixi abidənin baxımsız olduğunu əks etdirən fotolar paylaşıb. Yazıçı bildirib ki, sözügedən mülk hazırda məhv olmağa doğru gedir.

Bu imarət Ordubadın baş küçəsində yerləşir. Yaşı 100-dən çox olar. Hazırda can üstədir.  Sahibinin adını Agarza ərbab dedilər. İmarətə bitişik Mədrəsənin 300 yaşı var. Əsas kitabəsi yoxdur. Milli mədəniyyətlərin düşməni olan sovet dövründə qoparıblar. Görünür bu nəsil böyük maarifçi imiş. Ordubadlılar üçün məktəb açıb, ipək fabrikləri qurub, əhaliyə iş, çörək, təhsil verib.

İmarətin arxa hissəsi xaraba qalıb, o yerdə  3 əsr ipək toxunub, ünlü ad qazanıb, Şərq bazarlarına çıxarılıb. Ordubadda ipəyin 20-dən çox növü toxunub.

Sovet vaxtı imarətin və məktəbin varislərini rus-bolşevik qatil hökumət məhv edib, lakin kombinatı saxlayıblar, 30 il əvvələ kimi 3000 işçi çalışıb burada.

Ordubad can üstdə olan bu abidənin dinməz seyrindədir. Bakıya, Mədəniyyət Nazirliyinə müraciət varmı, bilmirəm.

İpək kombinatında çalışıb evinə çörək aparacaq kişilər iki addımlıqda – Mirinin çayxanasında bekar-bekar oturublar, əlbəttə, iş olsa işləməyə müntəzir… Şəhərdə böyük işsizlik var…

Bu can verən abidə Ordubadın tarixidir, mədəniyyətidir, kimliyidir…

Və… ölüm ayağındadır…

Bərpa bahalı işdir, əlbəttə, yerli hökumətin gücündə deyil. Amma bu tarixi xidməti edənlərin, millətinə məktəb, iş yeri açanların adını unutdurmamaq yerli hakimiyyətin əlində su içmək qədər asandır. Bu asan işi etmək niyə bu qədər çətindir sizin üçün?! Bilmirəm…

Qədirbilənlik alicənablıqdandır, əfəndilər.

Kimdən soruşdum bu binanın tarixi haqda doğru dürüst söz demədi. Deyə bilmədi. Ordubadlı xeyirxahlarını tanımır…

Hökumətin mühüm vəzifələrindən biri də şəhərin tarixini vətəndaşa mənimsətmək, böyüklərini, xidmətində duranları tanıtmaqdır.

Sələflərinizin qədrini bilin. Adlarını yazıb rəhmət oxutdurun, əmək itirən olmayın.  MN-dən bu Ordubad incisinə, şəhər tarixinizə  bərpa tələb edin.

Vətənin sərvətinə sahib çıxmaqla iş bitmir, insanlıq, böyüklük, ləyaqət  mirasa sahib çıxmaqla ölçülür.

Qoymayın bu mədəni sərvət yerlə yeksan olsun, bu böyük xidməti göstərən kişilərin adı unudulsun…

\Voicepress.az\