Tarixinin ən ağır iqtisadi böhranı ilə mübarizə aparan Şri-Lankada bu gün məktəblər bağlanıb və dövlət məmurlarından yanacaq çatışmazlığı səbəbindən işə gəlməmələri xahiş olunub.
Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, Şri-Lankada yanacaq çatışmazlığının artması səbəbindən dövlət və özəl məktəblər də bağlanıb.
Ölkə boyu minlərlə insan günlərdir yanacaqdoldurma məntəqələrində yanacaq növbələrində gözləyir. Şri-Lanka dünən ilk dəfə borcunu ödəyə bilməyərək defolta getdi.
Tarixinin ən böyük iqtisadi böhranı ilə üzləşən Şri-Lankada gündə 13 saat elektrik kəsildiyi üçün xalq martın sonunda etiraz nümayişlərini gücləndirib.
Mayın 9-da ölkədə Baş Nazirlik binası ətrafına toplaşan nümayişçilər ilə hökumət tərəfdarları arasında toqquşma olub, paytaxt Kolomboda hərbi hissələr növbəyə çağırılıb.
Müxalifətin artan təzyiqindən sonra baş nazir Mahinda Rajapaksa mayın 9-da istefa verib. Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa mayın 12-də Ranil Vikremesinqheni baş nazir təyin edib.
Ölkədə ümummilli komendant saatı elan edilib və hökumət etirazlar zamanı ictimai əmlaka və ya başqalarına zərər vuran hər kəsə atəş açmağı əmr edib.
Ölkəyə yayılan etiraz aksiyaları zamanı aralarında hakim partiyanın millət vəkili və 2 polis əməkdaşı olmaqla 8 nəfər həyatını itirib, 250 nəfər yaralanıb.
Şri-Lankalılar hazırda yanacaq çatışmazlığı, elektrik enerjisinin kəsilməsi, ərzaq və nəqliyyat qiymətlərinin artması ilə mübarizə aparır.
\ voicepress.az\