1998-ci ildə, ABŞ-ın banilərindən sayılan Benjamin Franklinin Londonda Pensilvaniya assambleyasının nümayəndəsi olduğu illərdə (1757-1776) yaşadığı Craven Street 36 ünvanındakı evindəki dəhşətli tapıntı səs-küyə səbəb olmuşdu. Onun evinin zirzəmisdə basdırılmış on beş insan skeleti tapılmışdı. Məhkəmə-tibbi ekspertizanın rəyindən sonra sümüklərin təxminən 1750-1770-ci illərə aid olduğu öyrənildi.
İnsan sümüklərini basdıran Franklin idimi?
Əlbəttə bu tapıntı dəhşətli idi, lakin bunu Benjamin Franklinin etdiyi inandırıcı deyildi. Ona görə ki, Franklin Craven Street- 36-nın yeganə sakini deyildi. Daha doğrusu evin əsl sahibi deyildi. Franklin sadəcə olaraq həmin küçədə yerləşən binadan Stivenson adlı dul qadından otaq kirayələmişdi. Zaman keçdikcə onların münasibətləri ev sahibəsi-kirayəçi sərhəddini aşır və onların arasında doğmalıq yaranır.
Franklin xanım Stivensonun kiçik qızı Meriyə sözün əsl mənasında atalıq edir. Bir müddət sonra Meri Uilliam Heuson adlı həkimlə ailə qurur. Uilliam Heuson Nyukasldakı xəstəxanada çalışırdı. O, qanın laxtalanması prosesində əsas proteini təcrid edən ilk həkimlərdən biri idi. Bu kəşflərə görə Heuson bu gün “hematologiyanın atası” hesab olunur. 1770-ci ildə Meri ilə evləndikdən sonra Heuson Craven Street 36-da anatomiya məktəbi açır.

Uilliam Heuson
Həm Britaniya, həm də Amerika cəmiyyəti XVIII əsrdə çox dindar və mühafizəkar idi. Adətən belə hesab edilirdi ki, İsanın qayıdışından sonra dirilmək üçün insanın bədəni ölümdən sonra bütöv olmalıdır. Bu dini inanclar təsadüfən tibb sahəsinin müasirləşməyə başladığı bir dövrdə geniş yayılmışdır. Cərrahiyyə və səhiyyənin digər formalarına daha elmi yanaşma inkişaf etdirilirdi. Daha çox gənc tibb təhsili almağa başladı. Bu tibb tələbələri xəstələrinə daha yaxşı xidmət etmək üçün anatomiya öyrənməyə ehtiyac duydular, lakin təəssüf ki, bir çoxları bədənlərini elmə bağışlamağa razı olmadılar.

Qəbirləri cəsəd oğurlayanlardan qorumaq üçün quraşdırılmış məhəccərləri göstərən fotoşəkil
Tibb fakültələrinin tələbələrinin anatomiyanı öyrənmələri üçün cəsədlərə ciddi ehtiyacı var idi. Ancaq bu həmin dövrdə demək olar ki, mümkün deyildi. Tibb fakültələrinin cəsədlər əldə etmək üçün heç bir yolu yox idi. Odur ki, tələbat yarandığı üçün yeni bir “sənaye” yarandı. Xüsusi bir dəstə yaranmışdı və onlar meyitxanalardan, hətta yeni qəbirləri qazıb cəsədləri oğurlayaraq tibb fakültəsinə satırdı. Görünür Heuson da cəsəd oğurlayan dəstəyə müraciət etməli olub.
Zirzəmidən tapılan insan qalıqlarından altısı uşaqlara, qalanları isə böyüklərə aiddir. Zirzəmidən həmçinin heyvan sümükləri də tapılmışdı. Heusonun tısbağaların və itlərin cəsədləri üzərində təcrübələr apardığına dair əlyazmaları var.
Həkimlər və tələbələr cür təhlükəli bakteriyalar daşıyan cəsədlər üzərində işləmək üçün həmişə qoruyucu vasitələrdən istifadə edirdilər. Lakin anatomiya məktəbini açdıqdan iki il sonra Heuson səhvə yol verir. Əlcək geyinmir və tədqiqat zamanı istifadə etdiyi neştərlə barmağını deşir. Heusonun yarası mikrob qapır və o 1774-cü ildə sepsisdən ölür.
Günel Musa \voicepress.az\
Qaynaqlar: ABŞ Milli arxivi, Tania Kausmally və David Levinson








