Atmosferdə insan sağlamlığına təhlükə yarada biləcək reaktiv maddə aşkar edilib

31 May, 11:10

Danimarka alimləri  atmosferdə insan sağlamlığı və qlobal iqlim üçün təhlükə yarada biləcək yeni növ reaktiv maddə aşkar ediblər. Tədqiqatçılar müxtəlif sağlamlıq problemləri, xüsusilə ürək və tənəffüs xəstəlikləri barədə xəbərdarlıq edərkən, bunun qlobal istiləşməyə təsir edəcəyinə diqqət çəkiblər.

Voicepress.az xarici mənbələrə istinadən xəbər verir ki, atmosferdə peroksidlərin olması artıq məlum idi və ehtimal olunurdu ki, trioksidlər atmosferdə də mövcuddur. Lakin bu, indiyə qədər heç vaxt qəti şəkildə sübuta yetirilməmişdi. Kopenhagen Universitetinin Kimya departamentindən professor Henrik Qrum Kjærgaard ictimaiyyətə açıqlamasında qeyd edib ki, indiyənə qədər nail olmaq istədikləri nəticəni əldə edə biliblər:

“Kəşf etdiyimiz birləşmələrin növləri strukturlarına görə unikaldır. Onlar son dərəcə oksidləşdirici olduqları üçün, çox güman ki, bizim hələ aşkar etmədiyimiz onlarla effekti gətirirlər”

“Science” jurnalına danışan tədqiqatın müəllifləri aşkar etdikləri spesifik trioksidləri hidrotrioksidlər (ROOOH) adlandırıblar. Qeyd olunub ki, bunlar tamamilə yeni kimyəvi birləşmələr sinfidir. Bildirilib ki, hidrotrioksidlər iki növ radikal (ən azı bir qoşalaşmamış elektron ehtiva edən molekullar) arasında reaksiya nəticəsində əmələ gəlir.

Digər tərəfdən, laboratoriya təcrübələrində otaq temperaturunda və 1 bar hava təzyiqində çox həssas kütlə spektrometrləri ilə birləşdirilmiş sərbəst reaktiv borudan istifadə edərək, tədqiqatçılar hidrotrioksidlərin müxtəlif məlum və geniş yayılmış maddələrin, o cümlədən izopren və dimetil sulfidi aşkarlayıblar.

İzopren atmosferə ən çox yayılan üzvi birləşmələr sırasındadır. Bir çox bitki və heyvan tərəfindən istehsal olunur və onun polimerləri təbii kauçukun əsas komponentidir. Tədqiqat göstərdi ki, buraxılan izoprenin təxminən bir faizi hidrotrioksidlərə çevrilir.

Bununla belə, tədqiqatçılar bildiriblər ki, demək olar ki, bütün kimyəvi birləşmələr atmosferdə hidrotrioksidlər əmələ gətirəcək və onların ömrünün dəqiqələrdən saatlara qədər dəyişə biləcəyini təxmin edirlər. Bu, onları bir çox digər atmosfer birləşmələri ilə reaksiya vermək üçün kifayət qədər sabit edir. Tədqiqatçıların hesablamalarına görə, atmosferdəki hidrotrioksidin konsentrasiyası hər kub santimetrdə təxminən 10 milyon təşkil edir. Müqayisə üçün deyək ki, OH radikalları (atmosferdə ən mühüm oksidləşdiricilərdən biridir) hər kub santimetrdə təxminən bir milyon konsentrasiyada mövcuddur.

Tədqiqatın müəllifləri bildiriblər ki, hidrotrioksidlər aerozol kimi tanınan kiçik hava hissəciklərinə nüfuz edə bilir ki, bu da sağlamlıq üçün təhlükə yaradır və tənəffüs,  ürək-damar xəstəliklərinə səbəb ola bilər.

\voicepress.az\