Aİ ölkələri ilin sonuna qədər Rusiyadan alınan neftin həcmini 90 faiz azaltmağa razılaşıblar. İdxalın tam dayandırılmasına qarşı çıxan Macarıstan neft sanksiyalarından azad ediləcək.
Voicepress.az ABŞ mediasına istinadən xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizini qadağan edəcək 6-cı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Şarl Mişel Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin ilk gün sessiyalarından sonra mətbuat konfransı keçirib.
“Mən çox şadam ki, liderlər 6-cı sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər” deyən fon der Leyen ilin sonuna kimi Rusiyadan neft idxalının 90 faizinin qadağan ediləcəyini bildirib.
Fon der Leyen gələcəkdə boru kəməri ilə Rusiyadan tədarük olunan neftin 10 faizi məsələsini yenidən nəzərdən keçirəcəklərini bildirib.
Aİ-nin Rusiyadan neft idxalının üçdə ikisinin dəniz, üçdə birinin isə boru kəməri vasitəsilə həyata keçirildiyini xatırladan fon der Leyen “Drujba” kəmərinin şimal hissəsinin Polşa və Almaniyaya, cənub hissəsinin isə Macarıstan və Slovakiyaya çatdırıldığını bildirib.
Fon der Leyen Polşa və Almaniyanın sözügedən boru xəttindən neft idxal etməyəcəklərini bəyan etdiklərinə və Rusiya neftinin 90 faizini əhatə edəcək şəkildə tətbiq olunacaq sanksiyalara diqqət çəkib.
“Drujba”nın cənub hissəsinin Avropaya neftin yüzdə 10-unu çatdırdığını ifadə edən fon der Leyen, “Biz razılaşdıq ki, bura hələlik sanksiyalardan azad edilməlidir” deyib.
\voicepress.az\