Vüqar İsgəndərov: “Biz dəfələrlə dedik, burada artıq Minsk Qrupuna ehtiyac yoxdur…”

6 Aprel, 09:59

“Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlamış bir dövlətdir”.

Bunu Voicepress.az-a açıqlamasında millət vəkili  Vüqar İsgəndərov deyib. Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını 30 il müddətində dünya güclərinin dəstəyi ilə saxlaya bilib:

“Ermənistan işğalçılıq siyasəti ilə bütün beynəlxalq norma və prinsipləri pozmuşdur. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi cinayətləri və vəhşəti dünya ictimaiyyəti hələ bənzərini görməmişdir. İnsana, evlərə, ağaclara, torpağa, belə zərər vurmuşdur. İnsanları insanlığa sığmayan işgəncələrlə qətlə yetirmişlər. Bu birmənalı olaraq Azərbaycana qarşı törədilmiş bir soyqırımdır.

BMT nin 4 qətnaməsi daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın suveren tərkib hissəsi kimi tanıyıb. Bununla 30 ilə yaxın zaman kəsiyində ATƏT-in Minsk Qrupu yaxından maraqlanırdı və Qarabağ münaqişəsində status-kvonu saxlamaq niyyətini hədələyirdi.

Azərbaycan  Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müzəfər Ordusu ATƏT-in bu niyyətini pozdu və ədaləti bərqərar etdi. İşğalda olan tarixi Azərbaycan torpaqlarını geri qaytardı. Azərbaycan regionda beynəlxalq hüquq çərçivəsində regionu erməni terrorçularından xilas etdi. Azərbaycan xalqı bir yumruq kimi birləşərək, zəfəri qazanmağa müvəffəq oldu” deyən millət vəkili Vüqar İsgəndərov post müharibə dövründə Ermənistanın hələ də yürütdüyü məkirli siyasətə münasibətini bildirdi.

Millət vəkilinin sözlərinə görə, bu gün müharibədən sonra Azərbaycan bölgədə yeni siyasi konfiqurasiyalara imza atmaqdadır:

“Hazırda Azərbaycan başda Türkiyə olmaqla, bir sıra dost ölkələrlə birlikdə bölgədə sülhün və tərəqqinin var olması üçün əlindən gələni edir. Bu gün Azərbaycanın verdiyi bir sıra qərarlar var. Ermənistan mütləq şəkildə bunları qəbul etməlidir. Başqa yolu yoxdur. Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir, artıq Qarabağın satsu məsələsi deyilən bir anlayış yoxdur. Çünkü Qarabağın status məsələsi artıq öz həllini tapıb. Bu gün Dağlıq Qarabağ deyil iki  iqtisadi bölgə vardır. Qarabağ İqtisadi Bölgəsi və Şərqi Zəngəzur İqtisadi Bölgəsi var. Bütün dünya birlikləri və dövlətləri də, bu əraziləri bu şəkildə adlandırmalıdır. Bu açıq və konkret şəkildə söylənimiş bir məsələdir.

Digər tərəfdən Azərbaycan Ermənistana sülh müqaviləsinin bağlanması üçün 5 maddədən ibarət təklif göndərdi. Amma Ermənistanın sülh müqaviləsindən yayınması yenə də Ermənistanın qeyri konstruktiv yanaşmasının göstəricisidir. Ermənistan sülh istədiyini desə də, əməlləri və tutduğu siyasi pozisiya dediklərini birmənalı şəkildə inkar edir. Ermənistan bu gün sülh bağlanması prosesində belə status-kvonu qoruyub saxlamaq niyyətindədir.

Amma bölgədə sülh və barış olmalıdır. Bölgədə tərəqqi və inkişaf olmalıdır. Azərbaycan artıq bölgənin dirçəlməsi üçün əlindən gələni edir. Bu gün Qarabağda sürətli yenidənqurma işləri aparılır. Bu prosesdə Türkiyənin böyük rolu var. Qardaş Türkiyə həm müharibə zamanı, həm müharibədən sonrakı dövrdə siyasi və mənəvi baxımdan Azərbaycana dəstəyini əsirgəmədi. İki qardaş ölkə arasında imzalanan Şuşa Bəyənnaməsi münasibətlərin daha da zirvəyə daşınmasına  bir tövhədir.

Ona görə də, bu gün Ermənistanın yürütdüyü məkirli siyasət onun öz zərərinə olacaq. Ermənistan sülh təkliflərindən yayınaraq, yalnız özünə ziyan vurur. Çünkü yeni yaranmış müstəvidə Ermənistan məkirli siyasi ambisiyalarından əl çəkərsə, özü qazanclı çıxa bilər. Bu gün sülhdən yayınaraq rəsmi İrəvan öz xalqını uçuruma sürükləyir. Ermənistan bu gün də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb Azərbaycanı şikayət etməklə məşquldur. Biz dəfələrlə dedik, burada artıq Minsk Qrupuna ehtiyac yoxdur. Çünkü Qarabağ münaqişəsi yoxdur ki, orda hər hansısa bir qurumun müdaxiləsinə də,  ehtiyac olsun. Qarabağ məsələsi öz həllini artıq tapıb.

Azərbaycan  müharibəyə yox deyir, bölgədə sülh və əminamanlıq istəyir. Amma Ermənistan yenə də öz məkirli siyasətini davam etdirmək qərarından dönmədikləri təqdirdə, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dəmir yumruğunun hər an onların başına çaxıla biləcəyini unutmamalıdır”.

\voicepress.az\