1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman onun əsas sütunları generallarımız idi. Bu gün bolşeviklərin güllələdiyi 12 generladan biri olan, general-mayor Firudin bəy Vəzirovun anadan olduğu gündür.
Voicepress.az Firudin bəy Vəzirovu hörmətlə yad edir.
1850- ci ildə Tiflisdə anadan olan Firidun bəy Vəzirovun atası Camal bəy zadəgan idi. Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət хanım evdar qadın idi. Onun uşaqlığının keçdiyi dövr elə dövr idi ki, hər kəsin oxumaq, elm, təhsil arxasınca getmək imkanı olmurdu. Firudin bəy o baxımdan digər həmyaşıdlarından şanslı idi. İlk təhsilini Tiflis klassik gimnaziyasında alan Firudin bəy 1868-ci ildə Kropivnitskidəki (əvvəlki Yelizavetqrad) suvari məktəbini əla qiymətlərlə bitirir. Firudin bəy Vəzirov Litva tatarı Zinayda Kriçinskaya ilə ailə qurur. Zinayda xanım müsəlmanlığı qəbul etdikdən sonra adını dəyişir və Zeynəv Vəzirova olur. Onların bu evlilikdən Nigar və Səfiyyə adlı iki qız övladları dünyaya gəlir. Zeynəb xanım Firudin bəyin təkcə həyat yoldaşı deyil, həm də onun əqidə və döyüş yoldaşı olur. Beləki, Zeynəb xanım 1877-78-ci illərdə Rus-Türk müharibəsi zamanı Bolqarıstanın Osmanlı imperiyasından alınması uğrunda döyüşlərdə Firudin vəylə çiyin-çiyinə döyüşür.
Hərbi kariyerası
Hərbi xidmətə unter-zabit (xarici ordularda aşağı komanda heyətinə mənsub hərbi qulluqçu.) rütbəsində yeddinci Belarus qusar alayında başlayır. 1870-ci ilin 20 oktyabrında Belarusda başlamışdı. Bu zaman o, kornet rütbəsini daşıyırdı. 1872-ci ildə leytenant, 1874-cü ildə ştabskapitan və 1876-cı ildə kapitan rütbələrini almışdır. 1876-cı ildə Kavaleriya Təlim Eskadronuna göndərilir. 1877-ci ildə Tver-Draqun alayında хidmət edən rotmistr Firidun bəyi dördüncü eskadrona komandir təyin edir. Onun komandirlik etdiyi eskadron avqustun 19-dan sentyabrın 8-dək Odessa şəhəri yaхınlığındakı Mehmetçi, Dobruji, Çobanköysü, Hacıoğlu, Bazar düzü kəndlərini düşməndən təmizləyir.
5 may 1881-ci ildə mayor rütbəsinə yüksələn Firudin bəy 1882-ci ildə Qafqaz Hərbi Dairə Məhkəməsinin hakimlərindən biri təyin edilir. 1882-ci ilin may ayında Vəzirov хidmət yeri ikinci Qafqaz kavaleriya diviziyasına dəyişdirilir və 1884-cü ilin 6 may tarixində Vəzirov podpolkovnik rütbəsinə yüksəldilir.
1890-cı ilin 11 oktyabrında o, X Ordu Korpusunun 28-ci Novqorod Draqon Alayına təyinat alır, 1897-ci ildə isə xidmətdə fərqlənməyə görə vaxtından əvvəl polkovnik rütbəsinə yüksəlir.
1897-ci il oktyabrın 13-də polkovnik rütbəsi ilə təltif olunan Firidun bəy iki il sonra onuncu Novotroski draqun alayına komandir təyin olunur. Bir müddət Varşava, Rılski və başqa şəhərlərdə hərbi хidmətdə olan Firidun bəy Vəzirov 1906-cı il aprelin 18-də general-mayor rütbəsi alır. General-mayor rütbəsi aldıqdan sonra Firudin bəy Vəzirov hərbi sahədəki yaş həddinə çatdığı üçün təqaüdə göndərilir.
1906-cı ildə ordudan tərхis olunandan sonra doğma şəhəri Tiflisə qayıdır və ailəsi ilə birlikdə Mixaylovskaya küçəsində 11 saylı mülkündə yaşamağa başlayır.
Bakıdan gələn məktub
Ömrünü sakitlik içərisində keçirən Firudin bəyin Bakıdan gələn bir məktubla həyatının axarı dəyişir.
1919-cu il may ayının əvvəllərində Firudin bəy Vəzirovun ünvanına Bakıdan bir məktub gəlir. Məktub Baş Qərargahın rəisi general-mayor Əbdülhəmid bəy Qaytabaşı tərəfindən göndərilmişdi. Məktubda deyilirdi:
“Çox hörmətli Firudin bəy cənabları, Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı milli ordudan, şübhəsiz ki, xəbərdarsınız. Xalqımızın sərkərdə oğlu kimi, yəqin ki, bu şad xəbərə siz də sevindiniz. Yeni yaranan orduda xidmət etmək üçün sizin kimi bacarıqlı və təcrübəli sərkərdələrə çox böyük ehtiyacımız var. Onu da xatırladım ki, könüllülər hesabına ordumuzun sayı gündən-günə artır. Ağır şəraitdə də olsa, baş qərargah yaradılmasına nail olduq. Qərargahın nəzdində ümumi şöbə, növbətçi general şöbəsi, suvari şöbəsi, mətbuat və başqa şöbələr artıq fəaliyyətdədir. Azərbaycan höküməti ordu üçün dövlət büdcəsindən xeyli vəsait ayırmışdır. Hazır ki vaxtda hərbi ləvazimatla yanaşı, yeni zabit heyətinin hazırlığında da çətinliklərimiz çoxdur. İnanırıq ki, Azərbaycanın müstəqillik qaazandığı vaxtda gənc Azərbaycan ordusunun sıralarında xidmət edən oğullarımız üçün siz hərbi təcrübənizi əsirgəməyəcəksiniz. Ona görə də çox xahiş edirəm, baş qərargahda birgə çalışmaq üçün dəvətimizi qəbul edəsiniz.”
Sözügedən məktubdan sonra Firudin bəy ailəsi ilə birlikdə Bakıya köçür. Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun 7 avqust 1919-cu il tarixli 351 nömrəli əmri ilə general-mayor Firudin bəy Vəzirov Bakı şəhərinin komendantı təyin olunur, eyni zamanda Bakı şəhər qarnizonu rəisi vəzifəsinin icrası da müvəqqəti olaraq ona tapşırılır. 1919-cu il avqustun 16-da 2-ci piyada diviziyasının komandiri general-mayor İbrahim ağa Usubov Bakı qarnizonunun rəisi təyin edildiyindən Firidun bəy Vəzirov xidmətini yalnız Bakı şəhər komendantı kimi davam etdirməli olur.
Birinci Həbs
Milli Təhlükəsizlik Nazirliyinin arfxivində Firudin bəyə məxsus “2001 saylı iş” yazılı sənəd saxlanılır. Həmin sənəddən də məlum olur ki, 1921-ci il iyunun 2-də AzÇK tərəfindən həbs olunduğu an F.Vəzirov “İslam” Partiyasının agenti olmaqda ittiham olunur. İttihamlar bunula yetərli qalmır. Onu çar və “Müsavat” ordusundakı xidmətlərinə, hətta Tbilisidəki dədə-baba malikanəsinə görə ittiham edirlər.
Sənədlərlə yaxından tanış olan Şəmistan Nəzirlinin yazdığına görə, əslində generalı bir il əvvəl olmuş Gəncə üsyanına görə sorğu-suala tuturdular. İstintaqa verilən cavabdan aydın olur ki, Firudin bəy Bakının komendantı olduğunu, Sovetlər gələnədək bu işdə çalışdığını bildirib. Nə “Müsavat” vaxtı, nə də sonra heç bir partiyanın üzvü olmadığını, bolşevik işğalından sonra əvvəlcə Çingiz İldırımın qərargahında ehtiyat zabiti vəzifəsində saxlandığını, daha sonra Əliheydər Qarayevin yanında xüsusi tapşırıqlar üzrə əməkdaş kimi çalışdığını deyib:
“Müsavat” liderləri ilə elə bir yaxınlığım olmayıb, onları dövlət başçısı kimi tanıyırdım. Azərbaycanda, Bakıda olan vaxt həmişə hərbi xidmətlə məşğul idim. Heç bir partiyanın, təşkilatın üzvü deyildim. Təkrar edirəm, mən hərbçiyəm, hərbi nizamnaməyə tabe olan süvari-kavaleriya generalıyam. Sizin dediyiniz “İttihadi-islam” və “Turanın böyük islamı” partiyaları haqqında heç nə eşitməmişəm, heç nə bilmirəm”.
Uzun müddət davam edən sorğu-sualdan sonra bolşeviklər Vəzirova bir sənəd imzaladıblar. General həmin sənədin sonunda bu sözləri yazır: “Özümü heç nədə, heç bir hadisədə günahkar bilmirəm.”
Firudin bəyi həbsdən kim azad edir?
1921-ci il iyunun 19-da Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzası ilə Fövqəladə Komissiyaya order göndərilir: “Sizə tapşırılır ki, bu orderi alan kimi Firudin bəy Vəzirovu (keçmiş general) həbsdən azad edəsiniz”. Həmin göstərişdən sonra generalı azad edirlər.
Generalı güllə qabağına verən yazı
Ancaq bolşeviklər qanlı əllərini generalın üzərindən çəkmək fikrində deyildi. Elə bu məqsədlə də 1925-ci ildə bolşeviklərin orqanı olan “Qızıl əsgər” jurnalında “Dağlı Əli Hüseyn” imzalı bir yazı yayımlanır. Yazıda 1920-ci il aprelində bolşeviklərin Bakıya “zəfər yürüşü” təsvir olunur və general Vəzirovun o vaxt mövqe komandiri olduğu vurğulanır. Dağlı Əli Hüseyn Firudin bəyə: “Bu gündən sonra (aprelin 29-dan sonra) bizlər mövqe komandiri olacağıq” deyir. Bu yazıdan sonra general yenidən həbs olunur.
Bu zaman artıq Nərimanov vəfat etmiş, Bolşeviklər isə artıq Bakını işğal etmişdi. 1925-ci il iyunun 30-bolşeviklər 75 yaşlı generalı güllələyirlər. Firduin bəy Vəzirovun harda dəfn olunması ilə bağlı heç bir məlumat yoxdur. O da məzarı olmayan yüzlərlə fədailərdən biridir.
Firudin bəy Vəzirov tək hərb sahəsində xidmətləri olmayıb. Ona məхsus sənədlər arasından xeyli tərcümə materialları tapılmışdı. Firudin bəy rus və ərəb əlifbasında yazılmış “Beşik mahnıları”, məşhur maarifçi İsmayıl bəy Əfəndiyevin Nuхa qəzasının kəndlərindən topladığı bayatıları, beşik mahnılarını, atalar sözlərini general rus dilinə tərcümə edib. Uzun müddət Rusiyanın ayrı-ayrı şəhərlərində yad mühitdə hərbi хidmətdə olmasına baхmayaraq, general Firidun bəy Vəzirov ana dilini incəliklərinə qədər qoruyub saхlaya bilmişdi.
Materialın hazırlanmasında araşdırmaçı-jurnalist Şəmistan Nəzirlinin araşdırmalarından istifadə olunub.
\voicepress.az\