Ermənistan XİN başçısı Azərbaycanın 5 təklifindən danışdı

11 Aprel, 10:01

Ermənsitanın Xarici İşlər naziri Ararat Morzoyan, Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verilən 5 təkliflə bağlı mövqeyini açıqlayıb.

Voicepress.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Respublikasının Xarici İşlər Naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi üzrə danışıqlar ilkin şərt olmadan aparılmalı olduğunu vurğulayıb.

Mirzoyan xatırladıb ki, Ermənistan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə sülh sazişi üzrə danışıqların təşkil etmələrini xahiş edib.
Daha sonra Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verilən 5 təkliflər bağlı danışan Mirzoyan Ermənistan tərəfinin bu təkliflərlə bağlı mövqeyini açıqlayıb. Onun sözlərinə görə, sülh müqaviləsi ətrafında istənilən danışıqlar ilkin şərt olmadan aparılmalıdır.

“Təkliflərin özlərinə gəlincə, hər iki ölkə, əslində, hələ 1991-ci il dekabrın 8-də “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş”i birgə imzalayaraq, artıq öz ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb və onların bir birinə iddia edəcək heç bir ərazisi yoxdur”, deyə Mirzoyan vurğulayıb.

Mirzoyanın fikrincə ümumiyyətlə təklifdə göstərilən məqamlar mövcud problemlərin bütün gündəliyini tam əks etdirmir: “ Erməni tərəfi üçün Artsax ermənilərinin hüquq və azadlıqlarının aydın təminatı, eləcə də Dağlıq Qarabağın statusunun yekun şəkildə aydınlaşdırılması fundamental və əsasdır. Bizim üçün Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil, hüquq məsələsidir. Artıq qeyd etdiyimiz kimi, Ermənistan tərəfi Azərbaycanın təklifinə göstərilən mövqeyə uyğun cavab verib.
Azərbaycanın səsləndirdiyi təkliflərdə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə, eləcə də regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasına da toxunulacaq. Hesab edirik ki, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda təsbit olunmuş sazişlər tam şəkildə həyata keçirilməlidir və bu istiqamətdə ardıcıllığımızı davam etdiririk. Bildiyiniz kimi, biz hətta bu sazişlərin həyata keçirilməsi üçün, məsələn, qoşunların ərazidən çıxarılması və beynəlxalq monitorinq mexanizminin tətbiqi ilə bağlı hərtərəfli təkliflərlə çıxış etdik, lakin Azərbaycan tərəfi bunu rədd etdi”.

Daha sonra Mirzoyan sülh müqaviləsi üzrə mümkün danışıqların ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşləri ilə davam etdirilməsini qənaətbəxş hesab etdiyini bildirib: “Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi artıq bəyan edib ki, o, ATƏT-in Minsk qrupunun həmsədrlərinə BMT Nizamnaməsi, Siyasi və Mülki Hüquqlar üzrə Beynəlxalq Pakt və Helsinki Yekun Aktına əsaslanan sülh müqaviləsi üzrə danışıqların təşkili xahişi ilə artıq müraciət edilib…”

Maraqlı məqam odur ki, Azərbaycan nə dedisə, Ermənistan qəbul etdi deyilsə də, rəsmi İrəvan iki dövlət arasında sülh müqaviləsinin imzalanması məsələsində hələ də status-kvonu qoruyub saxlamaq niyyətindədir. Bu məqsədlə ATƏT-in Mİnsk Qrupunun hömsədrlərini sülh danışıqları prosesində iştiraka dəvət edirlər… Belə olan halda görəsən hansı sülhdən danışmaq olar? Ermənistan anlamalıdır ki, bu sülh prosesi nə qədər uzansa, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi də bir o qədər uzanacaq.

Ülkər Fərmanqızı\voicepress.az\