Bu dəfə OLmadı Əjdər müəllim – Günel Musa yazır

7 Aprel, 13:23

Bu günə kimi mənim aləmimdə  “ziyalı” məfhumu cəmiyyətin problemlərini dərk edən, onların həlli yollarını cəmiyyətlə birlikdə axtarmağa çalışan, kütləni maarifləndirən, yeri gələndə bədəl ödəməyi gözə alan  insanlardır. Nəsimi kimi, Marks kimi, Pablo Neruda kimi, Nazim Hikmət kimi… Daha çox sadalamaq olar. Öyrəndiklərini, bildiklərini xalqı maarifləndirmək, zülümdən, istismardan, soyğunçuluqdan xilas etmək üçün istifadə edən insandır ziyalı.

Ancaq bu günün ziyalıları məmurlaşaraq ölkənin “ziyalı oğruları”na çevrilir və onların adları üç- beş manat pulun, “səmərəli dostluğun” qarşılığında Çağdaş Azərbaycan ədəbiyyatına  “qızıl hərflərlə”  yazılır. Bütün media kapitanları ilə dostdur bu adamlar. Zəncirvari vicdan qəzası yaşanır ölkədə. Bu qəzadan ən çox zərərli çıxan isə əvvəl-axır qoluna qandal vurulan oğrular deyil,  xalq, cəmiyyət olur. Cəmiyyəti sarsıdırsınız cənablar!

Bir düşünün: Niyə Azərbaycanda az da olsa beyni işləyən, ona atılan, türk qardaşlarımız demiş „kazığın“ fərqində olan insanlar Avropaya üz tutmaqda görür çarəni? Çünki bu ölkədə xalqa hörmət edən, problemlərinə biganə yanaşmayan ziyalı ordusu yoxdur. Məsələn, avropalı bir professor, yazıçı əvvəl özünə, sonra xalqa hörmət edir. Xalqa yalan söyləmir Avropada ziyalı. Bir araya toplaşanda, “görəsən bu xalqa necə pislik edə bilərik“ düşüncəsi ilə dolu deyillər. Cəmiyyətə necə tövhə verəcəklərini düşünürlər. Amma biz öz ziyalılarımızdan bunu görə bilmirik. Azərbaycanda çox ciddi ziyalılıq problemi var. Ona görə ki, biz şəxsiyyət inşa edə bilmirik heç cür. Ziyalılarımız  dəhşətli riyakarlık və soyğunçuluq bataqlığında var-gəl edir.

Təhsilin bərbad olduğu bir ölkədə kanalı çevirirsən qarşına bir ziyalı çıxır və olmayan təhsilin inkişafından dəm vurur. Başqa bir kanalı açırsan yazıçı-məmur ölkədə kasıb təbəqənin olmadığını deyir. Adının qarşısına şair, yazıçı yazdıran məmurlar vicdan səsini necə boğa bilir görəsən? Öz xalqına bu qədər pislik edən cəmyyətinin kor, kar, lal bir cəmiyyət olmasını cani-könüldən diləyən ziyalılar qarşısında tamamilə müdafiəsizdir bu xalq. Qorxduğumuz nə varsa başımıza gəlir. Çünki bu ölkənin vicdanı yaralanıb, qanayır. Biz yenə də ümid edirik ki, vicdanlardan axan bu qan ölkəni boğmasın.

Bir neçə gün bundan əvvəl yazıçı, şair, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin keçmiş  Aparat rəhbəri Əjdər Ol 8 il azadlıqdan məhrum olundu. Axşam isə Əjdər Ol-a və ailəsinə məxsus mülklərin siyahısı açıqlandı. Gördüyüm mənzərə qarşısında dəhşətə gəldim. Qoşa-qoşa evlər, bağlar, hektarlarla torpaq sahələri… Əjdər müəllim əhalinin sosial müdafiəsi adı altında öz nəsil-nəcabətinin gələcəyini qaranti altına alıb. Bir ölkənin yazıçısı, sənətkarı xalqın vicdan səsi olmalıdır həm də. Bəs vicdan nədir? Vicdan mərhəmətdir, insanı insan edən ən təməl duyğudur. Əjdər Ol bu əhəmiyyətli hissini qoruyub saxlaya bilmədi.

Hər zaman müdafiə etdiyim bir  fikir var: Yaradıcı insanların məmurlaşması həm ədəbiyyatın, həm oxucunun, bütövlükdə bir cəmiyyətin  faicəsidir. Çünki yaradıcı insanın bir amalı olmalıdır. Yaratmaq, inkişaf etdirmək. Xatırlayıram Əjdər Ol ilə 8 il əvvəl onu həbsxanalıq edən  iş otağında ədəbiyyat söhbəti etmişdik. İş otağı elə geniş, elə işıqlı, iş masası elə böyük, kreslosu elə hündür idi ki, mən qarşımdakı insanın yaradıcı insan ruhunu heç cürə hiss edə bilmədim. Sözünün əvvəli də, sonu da vicdan mövzusu olan adamın bu günlərdə vicdanının əslində kor olduğunu gördük. Bu dəfə OLmadı Əjdər müəllim…

Əjdər müəllim yaradıcı OLa bilmədi. Biz onu bu gün daha çox dağıdıcı, hətta yırtıcı bir məmur olaraq tanıdıq. Bu gün Əjdər Ol, dəmir barmaqlıqlar arasına təkcə özünü aparmadı, özü ilə ədəbiyyatı da zindana saldı.

Son dəfə şairin şeirlərini oxuyuram. Yazır ki:

Xoşbəxt günlərim olub,

anlarım olub,

Xoşbəxtliyi üzümdən

oxuyanlarım olub.

Xoşbəxtlik qəfildən gəlir,

qəfildən gedir.

Bəli Əjdər müəllim, sizin xoşbəxtliyiniz qəfil gəldiyi kimi qəfil də gedir. Çünki sizin xoşbəxtliyiniz başqalarının bədbəxtliyi, göz yaşı, çörək imtahanı ilə əldə olunmuş xoşbəxtlik idi. Şəhərin müxtəlif yerlərində sahib olduğunuz mülklər halal zəhmət hesabına əldə oluna bilməz. Bunu siz də gözəl bilirsiniz ki, bu dünyada ən varlı adamlar mədəni oğrulardır. Amma Əjdər müəllim, kaş bu oğurluğu ədəbiyyat qiyafəsini geyinmədən etsəydiniz.

8 il düşünmək, peşman olmaq, etiraf etmək üçün kifayət qədər uzun bir zamandır. Ümid edirəm ki, dəmir barmaqlılqr arasında şeir yazmayacaqsınız. Düşünəcəksiniz. Çünki sizi bu günə məhz düşnə bilməməyiniz gətirib.

Vicdanını itirən insanları gözləyən son bundan başqa nə ola bilər ki? Siz cibinə girdiyiniz bu xalqa bir üzr borclusunuz.