“Qurultayda dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımız iştirak edib və bu Zəfərdən sonra Azərbaycan üçün olduqca önəmli bir addım idi”.
Bunu Voicepress.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, qurultayın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycan və region üçün böyük əhəmiyyət kəsb edən mesajlar verib:
“Diaspor fəaliyyəti ilə bağlı önəmli məsələlərə toxunan Cənab Prezident, dövlətin bu yöndə qarşıda duran planlarından danışıb, bundan sonra çiyinlərimizdəki məsuliyyətin dərk edilməsinin gərəkdiyini vurğulayıb. Düşünürəm ki, Cənab Prezidentin diqqət etdiyi bu faktorlar olduqca önəmlidir. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Dünya Azərbaycanlılarının Şuşada bir araya gəlməsinin tarixi hadisədir. İlk Qurultay 2001 ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmişdi. Ulu Öndər həm Həmrəylik günü, həm də belə qurultayların keçirilməsi ilə dünyanın hər yerində yaşayan soydaşlarımızın dəmir yumruq ətrafında birləşməsi gərəkdiyinin mesajını vermişdi. Bu gün biz bunun bəhrəsini görürük. Xüsusilə, Zəfər Qurultayının məhz Şuşada keçirilməsi Azərbaycan tarixində önəmli missiya idi”.
Daha sonra ASRP sədri qurultayda çıxış edən Cənab Prezident İlham Əliyevin postmünaqişə dövrü ilə bağlı qarşıda duran məsələlərlə bağlı fikirlərinə münasibət bildirdi:
“Cənab Prezidentin öncə işğalda olan torpaqların geri qaytarılması, hazırda isə postmünaqişə dövründə cərəyan edən proseslərin Azərbaycanın xeyrinə çalışması üçün səy göstərmənin prioritet məsələ olduğunu vurğulaması, birmənalı olaraq, Azərbaycanın hədəfə çatmaq üçün əsaslı və planlı siyasətə malik olduğunu göstərir. Hesab edirəm ki, dövlətimizin hər iki istiqamətdə əldə etdiyi uğurların başlıca səbəbi də elə budur.
Digər tərəfdən bu gün Azərbaycanın bölgədə yaratmış olduğu reallıqları dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etməsini görmək sevindiricidir. Cənab Prezident də, öz çıxışında hətta BMT-nin Azərbaycanın yaratdığı reallıqları qəbul etdiyini vurğuladı. Bu faktör istər istəməz Azərbaycanın sadəcə döyüş meydanında deyil, diplomatik zəfəri kimi də dəyərləndirilməlidir.
Bu gün əgər BMT Azərbaycan əlaqələrinin 30 illiyi münasibətilə Şuşada tədbir təşkil olunursa, bu birmənalı olaraq, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq müstəvidə tanındığını, Azərbaycan həqiqətlərinə hörmət olunduğunu sübut edir. Cənab Prezident çıxışında eyni zamanda, Avropa İttifaqı ilə bağlı məsələyə də diqqət çəkdi. Bu yöndə xüsusilə bir məsələni qeyd etmək istəyirəm. Azərbaycan bugünə kimi bir çox dövlətlərin, xüsusilə MDB məkanındakı dövlətlərin edə bilmədiyi bir reallığa imza atıb.
Azərbaycan bu gün MDB ölkəsi olan Rusiya ilə, NATO dövləti olan Türkiyə ilə, Avropa İttifaqı ilə demək olar bütün müsəlman ölkələri ilə çəkişmə halında olan İsrail ilə əlaqələrə həssaslıqla yanaşma nümayiş etdirir. Bu Azərbaycan hakimiyyətinin böyük diplomatik uğurudur”.
“Belə olan halda diasporanın çiyinlərinə böyük məsuliyyət düşür”- deyə, vurğulayan Əsli Kazımova diasporanın xaricdə yaşayan soydaşlarımızla bağlı əhatəli layihələr həyata keçirməsinə ehtiyac olduğunu qeyd etdi: “Diasporanın çiyinlərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətə siyasi partiyaların da cəlb olunması lazımdır. Hesab edirəm, siyasi partiyaların, qeyri hökümət təşkilatlarının dispora fəaliyyətinə cəlb olunması qarşıda duran məsələlərə böyük tövhə verə bilər”.
\voicepress.az\








