Musa Quliyev: “Bugünkü sərmayələr xaricdəki Azərbaycan vətəndaşlarının maraqlarına xidmət etmir”

23 Mart, 18:11

“Azərbaycanın investisiya qoyduğu ölkələr arasında Türkiyə, İngiltərə və ABŞ ilk üçlükdə yer alır”

Bu sözləri millət vəkili Musa Quliyev Voicepress.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycanın qardaş ölkə Türkiyədəki investisiyaları ilə ABŞ və Böyük Britaniyadakı investisiyaları arasında çox böyük fərq var:

“Qardaş Türkiyəyə edilən yatırım, “bir millət iki dövlətə” edilən yatırımlardır. Yəni Türkiyə ilə Azərbaycan eyni iqtisadi münasibətlərə, qarşılıqlı iqtisadi maraqlar anlamında əhəmiyyətli faktorlara sahibdir. ABŞ və Böyük Britaniyadakı yatırımlar əsasən dəyərli sənədlər və daşınmaz əmlaklardır. Yəni hər kəs, yatırımın hər zaman risk demək olduğunun fərqindədir

Ancaq ABŞ və Britaniya, maliyyə riski baxmından ən az olan ölkələr sırasındadır. Ona görə də Azərbaycan, bu ölkələrdə daşınmaz əmlak və qimyətli kağızlar alaraq, müəyyən miqdarda dividend qazanır. Eyni zamanda, investisiyanın batmaması sığortalanır. Çünki ABŞ və İngiltərə dünyanın ən güclü ölkələridir.

Bu dövlətlərin iqtisadi tənəzzül, defolt, inqilab və üsyanlara məruz qalma, dövlətin işğalı kimi riskləri demək olar ki, yoxdur. Ona görə də bu dövlətlərə investisiya qoymaqda məqsəd investisiyalarımızı sığortalamaqdır.

Qardaş Türkiyəyə edilən yatırımlar isə Türk iqtisadiyyatının inkişafı məqsədi daşıyır. Əslində qardaş ölkənin iqtisadiyyatının inkişafında Azərbaycan da maraqlıdır. Çünki Türkiyənin güclü bir iqtisadiyyatının olması, Azərbaycanın da güclü iqtisadiyyatının olması deməkdir.

Bu gün biz Türkiyəyə, xüsusilə neft emalı zavodlarının tikintisinə, neft məhsullarının istehsalına, neft və qaz daşıyıcılarının istehsalına investisiya qoymağa üstünlük veririk. Türkiyə dövlətinin bu istiqamətdə həm ehtiyacları, həm də maraqları var.

Bugünkü sərmayələr xaricdəki Azərbaycan vətəndaşlarının maraqlarına xidmət etmir. Amma əlbəttə bu amil o deməkdir ki, belə dövlətlərin iqtisadiyyatına töhfə verən sahibkarlar kifayət qədər sərmayə qoysalar, həmin dövlətin qanunlarına uyğun olaraq vətəndaşlıq və ya yaşayış yeri ala bilərlər. Yəni dövlət dövlətə sərmayə qoyanda oradakı ölkə vətəndaşlarının maraqlarından çıxış etmir…”

\voicepress.az\